ABŞ prezidenti Donald Trampın İsrailin Qolan təpələri üzərində suverenliyini tanımaq barədə qərarı dünyanın bir çox aparıcı dövləti tərəfindən pislənilir.
Musavat.com xəbər verir ki, bunlardan biri də İsraillə son dərəcədə yaxşı münasibətlərdə olan, lakin işğal edilmiş əraizlərin əsl sahibi Suriyanın da strateji müttəfiqi sayılan Rusiyadır.
Ruisya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri Konstantin Kosaçev Trampın bu qərarının Qolan təpələrinin beynəlxalq-hüquqi statusuna təsir göstərməyəcəyini vurğulayıb.
O, həmin torpaqların İsrail tərəfindən qeyri-qanuni olaraq işğal edildiyi barədə Rusiyanın qanunverici hakimiyyətinin mövqeyini çatdırıb.
K.Kosaçev bununla bağlı dediklərinin bütün dünyanın mövqeyi olduğunu sözlərinə əlavə edib.
Rusiya XİN mətbuat sözcüsü Mariya Zaxarovanın da fikirləri Konstantin Kosaçevdən fərqli deyil. O, Trampın bu addımının Yaxın Şərqdə növbəti gərginliyə yol açacağını söyləyib.
“Biz bunu dəfələrlə söylədik, və təəssüf ki, məsələ ilə əlaqədar bir çox bəyanlarımız və şərhlərimiz öz yerini tapmaqdadır. Bu cür işlərin baş verməsi onun hüquq məkandan kənarda həyata keçirilməsi ilə bağlıdır”, – deyə Mariya Zaxarova bildirib.
Musavat.com