“Gərçi İrandan çıxarkən başqa idi niyyətim,
Niyyətim kəsb idi, vardı kəsbi-karə qeyrətim,
Qeyrətim razı deyildi ac dolansın külfətim;
Yox gözümdə indi nə külfət, nə övlad, Ərdəbil!
Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil!”
(Sabir)
Görkəmli Azərbaycan jurnalisti Elmar Hüseynovun qətlindən 14 il keçdi. Onu 2005-ci ilin 2 martında evinin blokunda güllələyiblər, cinayətkar(lar) indiyədək tapılmayıb. Bunu xatırlatma üçün yazdım, unutmadığımızı bildirmək istədim.
Xatırlanası işlərimiz çoxdur. Bu dəqiqə erməni prezidenti Paşinyanın İranda isti qarşılanması teması aktualdır. Xalqımız buna etirazını müxtəlif formalarda bildirir, mən də Məhəmməd Əmin Rəsulzadənin düz 110 il qabaq, 1909-cu ildə “Tərəqqi” qəzetində yazdığı məqalədən sitatı təkrar, şərhsiz çap edirəm:
“İran qəribə bir təzad və dərəbəylik ölkəsi olduğundan qanun-qaidəsi yox, zülm və ədaləti bəgənilməz bir dövlət olduğundan, nədən isə ermənilər İranda kəmali-istirahət və azadlıqla yaşamışlar. İran istibdadından bunlar zərrəcə bir zərər görməmiş kəmali-rəfahətlə dolanmışlar. İran xanlarının, ərbablarının, sahibi-zülm və ictihaflarının (qəddarlıq – Z.H.) hər nə qədər dürüşkarlıqları (kobudluq – Z.H.) vəhşilik və dirrəndəlikləri (yırtıcılıq) varsa, hamısı haman müsəlman əhalisinin başında oynadılmış, ermənilər isə bu bəlalardan daima məsun (toxunulmaz) qalmış, müsəlmanlara nisbətən artıq bir imtiyaz ilə dolanmışlar”.
Bu arada dünən saytda İranın bu tip hərəkətləri haqda yazının altına səhvən mənim şəklimi qoymuşdular. Düşündüm bu da yəqin taleyin mənimlə zarafatıdır. Çünki soyadımın Hacı olması üzündən (sözgəlişi, rəsmi, dövlət sənədlərində soyadım bu şəkildədir, xahiş edirəm heç yerdə haqqımda “Hacıyev” yazmayasınız; bunu boş yerə yazmıram, çünki görürsən hərdən bəzi gülməşəkər jurnalistlər “Əsl soyadı başqa cür olan filankəslər” tipində cızmaqaralar edirlər və orada mənim də guya əslində “Hacıyev” olduğumu yazırlar – soruşmadan) İranpərəst bir dindar olmağımı zənn edənlər vardır. Hələ bu şəkil yaxşı səhv idi, keçən il qəzetdə yazımı açıb görürəm birinci abzasda belə qeyd gedib: “Dinimizin əlamətdar günlərə xüsusi münasibəti var. Bu günlər vasitəsiylə insanlar dinimizin həqiqətlərini daha yaxşı dərk edir, mübarək islamın bərəkətlərinə vara bilirlər” və sairə. Sən demə, kompüter proqramı (təbii, mən dizaynerimizdə suç axtara bilmərəm, adamın üstündə Allah var) dostumuz Hacı İlqarın dini moizəsindən bir parçanı mənin köşəmə əlavə edibdir. Yəqin fikirləşib nə fərqi var, ikisi də hacıdır.
Qayıdaq mövzuya, ancaq heç mövzu nə idi unutdum. Hesab edək elə İran və Yaxın Şərqdən yazacaqdım. Bizdə bu saat türmədəki siyasi dustaqların böyük çoxluğu – hardasa 60 nəfərə yaxındır – dindarlar olmalıdır, onların təqdimat forması, açığı, bir az absurddur. “İnanclı” deyirlər. Sanki dindarlardan başqa bu ölkədə inanclı kimsə yoxdur. Məsələn, mən dindar deyiləm, ancaq inandığım insanlar, inandığım təbiət hadisələri, tarixi və ictimai həqiqətlər vardır. Riyaziyyata, fizikaya, poeziyaya, coğrafiyaya, nə bilim, astronomiyaya inananlar inanclı deyilmi? İnam sözünü ancaq dinə aid eləmək yanlışdır.
Müsəlman ölkələrindən, o cümlədən İrandan gələn turistlərdə ciddi azalma varmış. Əgər Bakıdakı bir-iki barı və fahişələrin yığışdığı obyektləri bağlamışıqsa, müsəlman turistlər nəyə görə gəlməlidir? Bunu proqnoz etməliydik. Dünya müsəlmanlarının turistik marağı belədir. Cəlbedici başqa nəyimiz vardır? Təbiət? Onu elə baha satırıq hətta neft milyonçusu ərəbin dodağı uçuqlayır. Ağacın kölgəsini belə satırdıq. Dəniz pullu, neft iyi verən plyaj pullu, meşə pullu, bulaq pullu… Turist belə yerə uzağı çaşıb bir dəfə gələr. Tarix adına da Şəki və Bakıda iki balaca küçə qalıb. Onları isə “evroremont” eləmişik. İranda yaşayan soydaşlarımız, o cümlədən, İraq türkmənləri üçün Azərbaycan etnoqrafik turizm istiqaməti ola bilərdi, ancaq o da yoxdur. Novruzda tonqal qalamaqla iş bitmir, Güneydən gələn azərbaycanlıya azərbaycanlı dilində (bu sarsaq sözləri mən yazıram) danışıq lazımdır. O isə rusca danışıq eşidir. Farscadan qaçıb gəlmişdi, ruscaya düşür. Buranı necə sevsin?
Ümumiyyətlə, özünə, öz dilinə hörmət eləməyən milləti ziyarət eləməyin marağı varmı, bilmirəm.