Yazda Fransada bir azərbaycanlını güllələmişdilər, onun kim olması haqda mübahisə yaranmışdı. Çünki birinci xəbərdə adamın jurnalistikanın nümayəndəsi olduğu deyilirdi, lakin heç kim belə yazar tanımırdı. Nə keçmişdə, nə indi. Sonra dedilər, əslində, bu adam hansısa qəzetə oxşar vərəqənin satıcısı işləyibdir, arada türmədə yatıbdır və qanuni oğrudur. “Vor zakon” – el dilində yazsaq.
Bunu niyə xatırladım? Çünki bizim jurnalistika hazırda elə özünü vor-zakon kimi aparmaqdadır. Hökm kəsirik, kiməsə ad veririk, kimisə küncə qoyuruq, xərac alırıq… Reketlərimiz də, maşallah, Əflatun müəllimin qara dəftərində bir düjündür. Jurnalistikadan başqa hər işlə məşğuluq. Mən başa düşürəm, əlbəttə, artıq ölkədə siyasi-iqtisadi, ictimai-mənəvi problemlər hamısı həllini tapıbdır, Qarabağı almışıq, korrupsiyanın kökü kəsilib və jurnalistika bekarçılıqdan milçək tutur, bilmir nə eləsin. Ancaq bu bekarçılıq bizə hüquq vermir sadə insanlarla məzələnək, onları ələ salaq. Son günlər rastlaşdığım iki faktı nəzərinizə çatdırım.
Hansısa səydəş (qarabağlılar demişkən) jurnalist mikrofon götürüb küçədə sorğu keçirdirdi: “Filankəs müəllimi tanıyırsınızmı?”. Filankəs müəllim qabaqlar müğənnimiz olubdur, SSRİ-də, Azərbaycanda yetərincə tanınmış adam idi, adını çəkmirəm, çünki önəm daşımır – onun yerinə sorğu obyekti istənilən müğənni ola bilərdi və insanların həmin müğənniləri tanımaq deyə bir öhdəliyi yoxdur. Xüsusən də ona görə ki, bu məhşur manıs öz məhşurluğundan Azərbaycan üçün, Azərbaycanın ağır günlərində və dərdlərində bir qram da yardım etməyibdir. (Əlbəttə, “adı bəsimizdir” deyənlər də olar, tam haqsız görünməzlər. Ancaq quru ad məsələsinə tariximizdə yaxşı nümunə vardır. Çar hökuməti zamanı xüsusən Qarabağ zonasında pul verib bəy adı almaq dəbdə imiş, onlara “quru bəy”lər deyirmişlər. Yəni, heç zadı yoxdur faktiki, ancaq bəydir). Ermənilərin Fransada, Amerikada yaşayan manısları onlar üçün əldən-ayaqdan gediblər, mahnılar oxumaqdan tutmuş cürbəcür yardımlara qədər. Bizim adam isə eləməyib. Canı sağ olsun, daha doğrusu, Allah rəhmət eləsin (adam çoxdan ölübdür), eyib etməz. Vətəndən aldıqları da halal xoşu – biz belə şeylərə öyrəncəliyik. Ancaq bugünkü azərbaycanlıdan “həmin manısı niyə tanımırsan” deyə tələbdə bulunmaq, üstəlik, bunu ələ salma, məzələnmə ladında etmək yumşaq yazsam, düşüklükdür. Tanınası işi olmayıb deməli. Sadə insanlarda günah yoxdur.
İkinci problem isə xüsusən ərəb ölkələrindən turistlərin vətənimizə ayaq açmasından sonra tez-tez gündəmə gəlməkdədir. “Filankəs ağacın dibində (yamacda, təpədə, bulaq üstündə və sairə) ərəb turistə yer vermək üçün pul istədi! Biabırçılıq!” – hadisənin qısa məzmununu belə ifadə edə bilərik. Qələmi və ya mikrofonugöyçək jurnalistlərimiz, bloqerlərimiz və sairə ünsürlər Azərbaycan vətəndaşlarını adətən bu süjetlərdə, xəbərlərdə it sürütməsi edir, öz balaca beyinləri ilə guya turizmin inkişafına nail olmağa çalışırlar. Adətən süjet zurnalistin vətən harayı, yurd həsrəti, nə bilim, Araz yanğısı ilə bitir: “Bəs belə etsək turistlər bir də Azərbaycana gələrmi!?”. Belə cəhənnəmə gəlsinlər. Bunun zəhmətkeşlərimizə guya çox böyük istisi-soyuğu olmuşdur. Onsuz turizmin qazancı, xeyri sadə camaat üçün deyildir. Lap xeyri olsa belə, turizm insanların şəxsi əmlakına qəsd hüququ vermir. Çünki hər belə hay-küydən sonra ortaya çıxır ki, həqiqətən həmin yamac, həmin ağacın altı, nə bilim, dərənin dibi vətəndaş Filankəsin şəxsi ərazisidir, pay torpağıdır, əkdiyi ağacdır və sairə. Deməli adamın şəxsi ərazisinə soxulan istənilən turistdən pul istəmək hüququ yetərincə normal haldır. Dünyanın hər yerində kiminsə tarlasına, ev-eşiyinə, torpağına girsən buna görə pul ödəyirsən. (Təbii, ərazinin yiyəsinin kefinə baxır. İstəsə pulsuz da edər).
Özü də gülünc haldır ki, biz jurnalistlər dənizi hasarlayan, meşələri villa üçün qıran, göllərə, çaylara şlaqbaum qoyan məmurlara bir söz deyə bilmirik, ancaq pay torpağına girən turistdən beş manat istəyən sadə insanı məhşər ayağına çəkirik.
Sonda bu temada dini əhvalat: “O zaman fariseylər məsləhətləşdilər, Onu dilindən tutmağa qərar verdilər. Onun yanına öz şagirdlərini İrod tərəfdarları ilə birgə yolladılar, dedilər: “Ustad! Biz bilirik Sən ədalətlisən, dogru Tanrı yolunu öyrədirsən, sənin gözündə hamı bərabərdir, hamıya qayğın eynidir; ona görə də bizə de, necə düşünürsən, sezara vergi ödəmək düzgündürmü?” İsa onların hiyləsini anladı, dedi: “Məni çaşdırmaq istəyirsiniz, ikiüzlülər? Vergi ödəmək istədiyiniz pulu mənə göstərin”. Onlar dinarı gətirdilər. İsa onlara dedi: “Bunun üstündəki kimin şəkli və yazısıdır?” Onlar dedilər: “Sezarın”. O zaman İsa onlara dedi: “Belədirsə, sezarın haqqını sezara verin, Tanrının haqqını Tanrıya”.
(Matfeyin İncili, 22-ci bölümdən)