Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən, 2017-ci ilin noyabr ayından bu ilin fevral ayına kimi korrupsiyada şübhəli bilinən şahzadə, dövlət məmuru və biznesmenlərin saxlanıldığı beş ulduzlu “Ritz-Karlton” hoteli yenidən qapılarını müştərilərin üzünə açıb.
Oxu.Az xəbər verir ki, “BBC News” həmin hotelin son görüntülərini yayıb.
Korrupsiya istintaqı çərçivəsində hoteldə 200-ə yaxın insan, o cümlədən ikisi kral Salmanın yaxın qohumları olan 11 şahzadə saxlanılıb. Məlum olub ki, təcrid edildikləri müddətdə bahalı restoranlar, hovuzlar və idman zalı onların sərəncamına verilib.
“BBC News” jurnalisti bildirib ki, noyabrın 4-də hotelə gətirilən zaman kralın qohumları buna çox məyus olub. Əvvəl onlar kütləvi həbslərin nümayiş xarakterli olduğunu düşünüb. Ancaq hoteldə qeyri-müəyyən müddətə saxlanacaqlarını öyrəndikdən sonra bundan hiddətləniblər.
Xatırladaq ki, 5 noyabr 2017-ci ildə Səudiyyə şahzadələri, o cümlədən dörd vəzifədə olan və onlarla keçmiş nazir, vəliəhd şahzadə Məhəmməd bin Salman əl Saudun başçılıq etdiyi Milli Korrupsiya ilə mübarizə Komitəsinin təşəbbüsü ilə aparılan istintaq çərçivəsində saxlanılıb.
Yanvarın 22-də məlum olub ki, hökumət 100 milyard dollar ödəməyə razılıq verəcəkləri halda onları sərbəst buraxacaq.
Dövlət vəsaitlərinin talan edilməsi və rüşvətxorluqda şübhəli bilinən hər saxlanılan şəxsin səkkiz gündən sonra sərbəst buraxıldığı bildirilir.