Yaponiyanın Yokosuka şəhəri yaxınlığında ABŞ esminetsi ticarət gəmisi ilə toqquşub.
APA-nın xəbərinə görə, bu barədə Reuters agentliyi ABŞ Hərbi-Dəniz Qüvvələrinə istinadən məlumat verib.
Məlumata görə, “USS Fitzgerald” esminetsi Yokosuka şəhərindən 103 km cənub-qərbdə ticarət gəmisi ilə toqquşub. Zərərçəkənlərin sayı müəyyənləşdirilir. Bildirilir ki, ABŞ Hərbi-Dəniz Qüvvələri yardım üçün Yaponiya sahil mühafizəsinə müraciət edib.
***
ABŞ-ın Yaponiya sahillərində ticarət gəmisi ilə toqquşmuş esminesinin 7 ekipaj üzvü ilə əlaqə yaratmaq mümkün olmayıb.
“Report” xəbər verir ki, bu barədə “NHK” teleşirkəti məlumat yayıb. Məlumatda bildirilir ki, esminesin ticarət gəmisi ilə toqquşması zamanı daha bir nəfər xəsarət alıb.
Qeyd edək ki, ABŞ esminesi Yaponiya sahillərində ticarət gəmisi ilə toqquşub. “USS Fitzgerald” esminesi Yokosukidən 56 dəniz mili (103,7 kilometr) cənub-qərbdə ticarət gəmisi ilə üz-üzə gəlib.
***
Yaponiya sahillərində ABŞ esminesi ilə Filippinə məxsus yük gəmisinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb, 7 nəfər itkin düşüb.
APA-nın məlumatına görə, bu barədə Reuters agentliyi ABŞ Hərbi-Dəniz Qüvvələrinə istinadən məlumat verib.
Məlumata əsasən, yaralılardan biri “USS Fitzgerald” esminesinin kapitanıdır. O, və daha iki hərbçi ABŞ Hərbi-Dəniz Qüvvələrinin hospitalına çatdırılıb, vəziyyətlərinin sabit olduğu bildirilir.
Yaponiya Sahil Mühafizəsi İdarəsinin məlumatına görə, qəza nəticəsində itkin düşən 7 ABŞ hərbçisinin axtarışına 5 zirehli kater və aviasiya dəstəsi cəlb edilib.
Xatırladaq ki, yerli vaxtla saat 02:30-da Yaponiyanın Yokosuka şəhərindən 103 km cənub-qərbdə ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus “USS Fitzgerald” esminesi Filippin bayrağı altında üzən “ACX Crystal” yük gəmisi ilə toqquşub.