Tibb elmləri doktoru, cərrah Ferman Ceyranlının Gürcüstanda saxlanmasıilə bağlı onun qızı Lalə Hüseynli tərəfindən sosial şəbəkədə açıqlama yayılıb.
Açıqlamada deyilir: “Doktorun ailəsi adından baş verənlərlə bağlı açıqlama verməklə yanaşı mətbuatda gedən məlumatlara aydınlıq gətirmək istəyirik.
Nəzərinizə çatdırırıq ki, Fərman Ceyranlı “Lancet” klinikasinin təsisçilərindən biridir və sözügedən klinikada baş həkim vəzifəsində çalışmamışdır.
Hazırda atam Fərman Ceyranlı məhkəmə prossesi müddətində təxminən iki aylıq (40-50 günlük) saxlanılmışdır. Baş verən hadisə ötən ilin yəni 2016-cı ilin aprel aylarında keçırılmış olan qaraciyər köçürülməsi əməliyyatı ilə bağlıdır. Xəstə əməliyyat sonrası 10 gün müddətində yaşamışdır və sonradan xəstənin bədəni transplantant olunan orqanı qəbul etmədiyi üçün xəstə vəfat etmişdir. Bununla yanaşı, orqan verən donor hazırda saglamdır.
Əməliyyat keçirilən zaman “Lancet” klinikasının orqan köçürmə əməliyyatları üçün lisenziyası mövcud idi. Lakin əməliyyat aparan həkim Mircəlal Kaziminin lisenziya müddəti bitmişdir. Bunun yoxlanılması və əməliyyata icazə verilməsi sənədləşmənin aparılması baş həkim və klinikanın hüquqşünasının səlahiyyətində olmuşdur. Yuxarıda qeyd etdiyim kimi, Fərman Ceyranlı sadəcə olaraq təsisçilərdən biridir və bu kimi vəzifə və səlahiyyətləri icra etməmişdir.
Eyni zamanda mediada qeyd olunan “Lancet” klinikasının əməliyyat aparan həkimi “türk həkim” kimi reklam etməsi xəbərləri yanlış və əsassızdır.
Hazırda prosseslə əlaqədar araşdırmalar davam edir. Ailəlikcə təəssüf edirik ki, bu araşdırma müddətində proffesor Fərman Ceyranlı həbsdədir.
Mediada gedən yalan-yanlış və əsassız olan xəbərlərə münasibət bildirmək və müəyyənlik gətirmək məqsədilə bu açıqlamanı yazmağı özümüzə borc bildik.
Bununla yanaşı araşdırma apararaq daha ədalətli yanaşan media nümayandələrinə dostlarımıza və yanımızda olan hər kəsə ayrı-ayrılıqda minnətdarlığımızı bildiririk, ən qısa zamanda ədalətin bərpa olacağına inanırıq”.
Musavat.com