Etiraf gününün üstündən 12 saat (yazının yazıldığı vaxt) keçməsinə baxmayaraq, etiraf edirəm ki, bu yazını başlamazdan öncə Google.az-da “5-ci kolon nə deməkdir” yazıb axtarış verdim.
Noutbukun displeyinə xeyli yazı çıxdı, hamısının da içində “5-ci kolon” sözləri keçirdi, məlum olurdu ki, o “əjdaha”dan ölkəmizdə də xeyli var.
Amma bu yazıların heç biri “5-ci kolon nə deməkdir” sualına cavab vermirdi, məcbur qalıb sualı Lavrovun şirin dilində yazdım: “Çto znaçit 5-ıy kolon?”
Bu, başqa məsələ. Lazım olan cavab gəldi. Heç demə, “5-ci kolon” (ispancada – quinta columna) 1936-39-cu illərdə İspaniyada baş vermiş vətəndaş müharibəsi zamanı general, diktator Frankonun agenturası demək imiş.
Daha sonra “5-ci kolon”a dair belə bir izahat var: “Siyasi frazeologiya və jurnalistikada daxili düşmənlərin müxtəlif tiplərinə münasibətdə aktiv istifadə olunur”.
Neçə gündür “5-ci kolon” söhbəti yenidən yoğunlaşıb. Jurnalistlər, politoloqlar, ictimai-siyasi fəallar yenə “5-ci kolon”un üzvlərini axtarmağa başlayıblar.
Əslində bu ölkədə general Frankoya nə qədər adam işləyirsə, demək olar ki, hamısı bəllidir.
İndiki “kolon”çular hansı dövlətə işlədiklərini gizlətmirlər, qəzetdə, saytda, sosial şəbəkədə açıq-aydın yazırlar, hətta basıb adamın gözünü deşirlər.
Məsələn, bizim saytda qonşu (eləcə də uzaq) ölkələrə dair gedən yazıların altında yazılan şərhlərdə bunu ayın görmək olar. Elə bir gün olmur ki, İrana “rəğbət bəsləyən” biri bizi beynəlxalq sionizmə, Amerika imperializminə, Səudiyyə kralına işləməkdə ittiham eləməsin.
Özü də bu ittihamı irəli sürən adam elə hiddətlənir ki, sanasan, əmisi İran prezidentin müşaviri, dayısı ayətullah, qardaşı da inqilab keşikçiləri ordusunda alay komandiridir.
Üstündən heç üç dəqiqə keçmir, digər bir yazının (tutaq ki, İŞİD-in törətdiyi növbəti cinayət barədə) altında başqa bir oxucu şərh yazır: “İranın iştəklərindən niyə yazmırsınız? Tehrandakı, Qumdakı ağalarınız icazə vermir?”
Anlaşılır ki, bu da Səudiyyə Ərəbistanına, Qətərə, İŞİD-ə “rəğbət bəsləyir”, özünü Bağdadinin əziz-xələfi kimi aparır.
Ruspərəstlərin əlindən isə heç sosial şəbəkəyə girmək olmur. Yoldaşlar çox aqressivdirlər. Onlara görə, Rusiya həmişə haqlıdır. Təbii ki, Amerika da həmişə olduğu kimi haqsız və pisdir. Rusiya nə edirsə, düz edir, Amerika isə dünyanı qarışdırır.
Bu xüsusda bir dostumuz SSRİ vaxtı məşhur olan bir lətifə də paylaşmışdı: “ABŞ dünyanın hər yerində Rusiyanın daxili işlərinə qarışır”.
Bu ruspərəstlərin “Lavrov-jurnalist-sual-Polad-işdənqovulma” məsələsində tutduqları mövqeni görəndən sonra adama elə gəlir ki,sabah Kreml açıq-qırmızı şəkildə “Qarabağ ermənilərə verilməlidir” desə, bu adamlar ortalığa düşüb deyəcəklər: “Düzdür. Çoxdan verilməliydi”. Hətta Moskva müstəqil dövlətləri yenidən müstəmləkəyə çevirsə də “general Franko”nun adamları etiraz etməyəcəklər, “bizə müstəqillik lazım deyil” deyəcək və müstəqillik tərəfdarı olanların siyahısını tutub Moskvaya göndərəcəklər – güllələtdirmək üçün.
Bəzən onlar özlərinə solçu deyirlər. Guya ki, kommunistlərmiş. Amma bu necə solçuluqdur ki, bu saat dünyanın ən qəddar sağçılığı, vəhşi kapitalizmi Rusiyadadır, ən böyük kapitalistlər rus məmurlarıdır, bunlar isə onları müdafiə edirlər. Yəni solçuluq-molçuluq boş şeydir, bunun adı ruspərəstlikdir.
ABŞ və ayrı-ayrı Avropa dövlətlərinə “rəğbət bəsləyənlər” də N qədərdir. Peşmansan, o dövlətlərin birinə dair nəsə mənfi səciyyəli söz yazasan, adamı sosial şəbəkədə elə söyərlər, Hadı Rəcəblinin, Astan Şahverdiyevin rekordları qırıq-qırıq olar.
İndi-indi aydın olur ki, nədən ötən əsrin 30-cu illərində Stalin bu ölkədə xeyli adamı “xarici dövlətlərə işləmək”də təqsirli bilərək güllələtdirib. Hətta bir cəbrayıllı kəndlini Yaponiyaya işləməkdə günahkar biliblər.
Hazırkı “franko”çuları, İrana, Rusiyaya, Türkiyəyə, Səudiyyəyə, ABŞ-a, İngiltərəyə, Almaniyaya, Fransaya “rəğbət bəsləyən”ləri görəndə quşqulanırsan ki, deyəsən, o “xaricə işləmək” söhbətinin müəyyən əsasları da olub. Hər halda, cəbrayıllı kəndli ilə Yaponiya imperatorunun nəsə bir əlaqəsi varmış.