Qız qaçırma olayı ilə bağlı bu əhvalatı bir dəfə də yazmışam. Hazırda da aktualdır. Çünki Türkiyədə qadınları zorlayan manyaklara bəraət qazandıran qanun layihəsinin qəbulu söhbəti var. Bu qanun həm zorlama, həm də qızqaçırma olaylarını (əslində eyni şeydir) birə beş artıracaq. “Bir millət-iki dövlət” olduğumuz üçün o qanunun eynisinin bir gün bizə də gəlib çıxacağı istisna deyil.
Bir gün qohumumuzun yeniyetmə oğlu qaça-qaça bizə gəldi və atama dedi ki, dayı, anam deyir, tez bizə gəlsin, İ. əmim rayondan qız qaçırıb, qızın qohumları tökülüşüb gəliblər. Atam durdu, papağını başına qoyub qapıdan çıxmaq istəyəndə hay gətirmiş uşaq dedi ki, gələnlər bir sürü arvaddır, qapıda çığırışırlar. Atam dayandı, mənə dedi ki, gedib arvadlarla ağız-ağıza vermək təhərim yoxdur, sən get, gör nə deyirlər.
Getdim. Gördüm ki, davaya gələnlərin içində kişilər də var, amma passivdirlər, arvadlar isə çox aqressivdir. Hələ qovğanın saçyoldu mərhələsinə keçilməmişdi. Bizimkilər də möhkəm dayanmışdı. Qaçırılımış qızın, yəni gəlinimizin 40-45 yaşlı bir xalası vardı, davaya gələnlərin rəhbəri o idi. Yaralı xala deyirdi ki, qızı zorla qaçırıbsa, İ.-ni tutduracaq, yox, qız könüllü gedibsə, onu övladlıqdan çıxartdıracaq.
Allahdan İ. qızı bu evə gətirməmişdi, başqa kəndə, dostugilə aparmışdı. Qızı xilas etməyə gələnlər evə baxış keçirdikdən, evi od vurub odlamaqla hədələdikdən, qısa sürən süpürləşmə vaqiəsi törətdikdən sonra maşınlara oturub getdilər. Evə qayıtdım, olub-bitənləri atama danışdım. O da qulaq asdı, asdı, axırda dedi ki, boş şeydir, 1-2 aya barışacaqlar. Dedim, barışana oxşamırlar, qızın xalası hirsindən bayılıb yıxıldı, üzünə su vurub ayıltdılar.
Atam dedi: “Hə, indi aydın oldu, qızı verən o ürəyi gedən xaladır. Özü düzüb-qoşub”.
Aradan 3-4 gün keçdi, İ. qızı öz evinə gətirib toy elədi, 1-2 aydan sonra xalq diplomatiyası münaqişəni yoluna qoydu və qızın rayon mərkəzindəki evlərində barışıq masası quruldu. Məni də dəvət etdilər. 3-4 maşın adam getdik. Evin həyətində, üstünə üzüm tənəyi atlandırılmış dəmir mağarın altında hər iki tərəfdən 35-40 qonaq vardı. Tərəflərin bir-bir təqdim olunması ilə müşayiət edilən tanışlıq prosedurundan sonra gəlinimizin ziyalı qohumu masabəyi olaraq badələrə mey süzdürdü və ilk sağlığı bu ailənin təməlinin qoyulmasında başlıca rol oynayan insanın sağlığına qaldırmağımızı istədi. Badələri toqquşduranda şərəfinə tost deyilən qadın masanın o başından ayağa qalxdı. Baxdım ki, bay, İ.-nin həyətində bayılan xala.
Bu, qızqaçırma olayına dair ən xoş xatirədir. Amma heç də hamısı belə olmurdu. Əgər qız könüllü getməyibsə, oğlan tərəfinin başına it oyunu açırdılar. Adam guya ki, toy xərcinin (gəlinə qızıl dəsti almaq, başlıq, süd pulu vermək, qız toyunun xərcini çəkmək və s.) az olması üçün qız qaçırırdı, amma arada zorakılıq və şikayət faktı olduğu üçün 3-4 toyun pulunu milislərə verməli olurdu.
Amma orası da var ki, zorla qaçırılmış qızın sonradan ata evinə qaytarılması faktı, demək olar ki, olmurdu və bu məsələ klassik bayatı üstündə bitirdi: “Könülsüz gedən qızın ağlamaqdır peşəsi”-zad. Axırda zorla qurulmuş bu ailəni oğul-uşaq basırdı, zərərçəkən kiriyir, yerlər dəyişrdi. Bu dəfə kişi “səni mənə calayanı belə-belə olsun” ritorikasına başlayırdı.
Son 10-15 ildə isə ölkəmizdə zorla qız qaçırma olayları xeyli səngiyib. Könülü qoşulub-qaçanlar sayılmır. Amma zorla qız qaçırma olayı artıq “adam oğurluğu” kimi tövsif edildiyindən bir çox aşiq gənclər qorxur, öz hisslərini cilovlayırlar, anlayırlar ki, qaçırıldığı gün zorlanmış qızın özü və valideynləri bu tale ilə barışmasa, şikayətçi olsa, qaçıranların həbsxanadakı taleyi çox acınacaqlı olacaq.
Mədəni ölkələrin heç birində belə şey, “zorladığın qadınla evlənirsənsə, cinayət məsuliyyəti daşımırsan” söhbəti yoxdur. Əksinə, Avropa ölkələrində cinayət qanunvericiliyinə qadınlara sataşanları, cinsi səciyyəli eyhamlar edənləri təqib edən maddələr salırlar.
Gözəlim Türkiyə isə bu sahədə geri gedir, sapıqların, seksual manyakların işinə yarayan, onların qorxusunu azaldan qanun çıxarır.
Bunun axırı çox pis olacaq. O qanun dönüb-dolaşıb ona “hə” deyənləri də vuracaq. Unutmayaq ki, gilyotini ən çox tətbiq edən Maksimilian Robespyerin başını da axırda gilyotinlə kəsiblər.