Bəzən söz vaxtına çəkməyə də bilər, 2014-cü ilin 25 aprelində əməkdaşımız Fərahim İlqaroğlu Termişi soyadlı idmançı tərəfindən amansızcasına döyüləndə bir sıra şəkkaklar və bədxahlar dövriyyəyə belə bir şayiə-versiya buraxmışdılar: “Mühacirətə getmək istəyir”.
Belə çıxırdı ki, Fərahim medalsız cüdoçu Termişidən şəxsən xahiş edib, hətta ya qonaqlıq verib, ya da cibinə pul qoyub ki, gəl məni döy.
Şəkkakların belə fikirləşməsinə bir az tipik xislətləri, bir az da bir detal rəvac verirdi. Həmin detal ondan ibarət idi ki, reportyorumuzun döyülmə anı onun avtomobilinin videoregistratorunun lentinə, türkün sözü, kare-kare qeyd olunmuşdu – idmançının yaxınlaşıb salam verməsindən ta yerə yıxılmış jurnalistə axırıncı təpiyi vurub təşər-təşər uzaqlaşmasına qədər.
Şəkkaklar da düşünürdü ki, nə yaxşı, hadisə bütünlüklə lentə alınıb, demək ki, burda bir iş var. Amma biz bilirdik ki, bu, xeyli dərəcədə təsadüfdür, zərurət hissəsi də ondan ibarətdir ki, Fərahimdə yeni texnoloji cihazlara qarşı manyaklıq vardı, harda təzə nə çıxırdısa (telefon, diktofon, planşet, portativ kompüter, auidopleyer, fotoaparat, videokamera və s.) alırdı. Onun döyülmə anını çəkən videoregistratoru da Fərahim təzəlikcə almışdı, heç düz-əməlli siftə də eləməmişdi, qismət Termişinin yaxınlaşıb salam verdiyi günəymiş.
Amma Fərahimin özünü qəsdən döydürməsi barədə şayiə yayanların ağzının üstündən vuran bir hal da vardı, bu da Fərahimin ağzının üstündən dəyən təpik idi. Əməkdaşımızın 4-5 dişi ciddi şəkildə zədələnmişdi. Yəni özünü döydürən adam bu qədər də bərk döydürməzdi.
Hadisənin üstündən bir-iki gün keçəndən sonra Termişi yaxalandı və onu istintaq edənlər o boyda idmançını sındırıb sifarişçinin adını öyrəndilər və məsələnin axarı dəyişdi.
Fərahimin qız üstə döyülməsi versiyası da aradan qalxdı (belə bir trivial söhbəti də ortaya bədxahlar atmışdı), Termişi ha çalışsa da sübut edə bilmədi ki, Fərahim onun hansı qadın qohumuna sataşıb.
Bunu sübut etmək mümkün də deyildi, çünki olduqca şən, boy-buxunca Tarik Akan gəncliyinə oxşayan Fərahim o zaman həm nişanlıydı, həm də ortada “əlini sallasa əllisi” məsələsi vardı. Bu cür oğlanlar küçədəki yanıq gədələr kimi onun-bunun dalınca sümsünmürlər.
Allah tərəfi, sifarişçi Aynar Məmmədovun adamları da çox çalışdılar, çabaladılar, uzun çək-çevirdən, xahiş-minnətdən sonra məsələni yat-yut elədilər.
O vaxt biz balaca qaqaşımız kimi davrandığımız Fərahimlə zarafat edirdik, deyirdik, düzünü de, mühacirətə getməkdən ötrü bu boyda qalmaqal törtəmək necə ağlına gəldi. Fərahim gülürdü, bilirdi ki, zarafat edirik, amma sonra ciddiləşir və deyirdi, hocam, mühacirət nədi, mən hələ indi-indi burda yuva qururam, ipotekayla ev, kreditlə maşın almışam, ata-anama baxıram, onları qoyub mühacirətə gedərəmmi. “Əsla ola bilməz” deyirdi Fərahim.
Amma budur, Fərahim artıq Almaniyadadır, siyasi sığınacaq istəyib, suriyalı qaçqınlarla birlikdə çadırda qalır.
Niyə belə oldu? Ona görə belə oldu ki, bu həyatdır, döngəsini, dönərgəsini, getdiyin yolun harda dalana dirənəcəyini, harda uçurumdan keçəcəyini bilmirsən. Fərahim də bilmirdi və yeganə məqsədi ailəsi ilə birlikdə öz ölkəsində xoşbəxt yaşamaq idi.
O, öz həyatını qurmağı, pul qazanmağı bacarırdı, qohum-əqrəba sarıdan heç kəsin köməyi olmadan bir şeylər də əldə etmişdi. Amma iş belə gətirdi, pis hadisələr oldu və həmkarımız sevdiyi işini itirib işsiz qaldı, kollektivindən ayrı düşdü, rəsmi borclarının altında sıxılımaqdaydı, üstəlik, adı qara siyahıya düşmüşdü, iş tapa bilmirdi.
Belə olanda bir çox dostları ona çıxış yolu göstərdilər və bu çıxış adamı ölkənin sərhəd qapısından çıxaran çıxış (exit) idi.
Beləcə, balaca qardaşımız ölkədən getdi, uzaq Almaniyaya sığındı. Bilirəm, qısa müddətdən sonra o, orda da özünü toparlayacaq, bir yerlərə çıxacaq, özünü, ailəsini bir tərəfə çıxaracaq. Yolu açıq olsun.
Görünür, rusların məşhur atalar sözünü heç vaxt unutmaq olmaz. O hikmətli kəlamın tərcüməsi belədir ki, heç vaxt “mən həbsxanaya düşmərəm və dilənçilik etmərəm” demə. “Mühacirət etmərəm” də o qəbildəndir, heç kim deməsin. Özün dirəşib getməzsən, oğlun gedər.