Vaxt vardı, Avropa Şurasına, eləcə də bu qurumun Parlament Assambleyasına ölkəmizdə böyük ümidlər vardı.
Hətta Azərbaycan bu quruma daxil olanda çoxları düşünürdü ki, AŞ-nin üzvü olmaq avtomatik olaraq Avropa ailəsinin üzvü olmaq deməkdir və bundan sonra insan haqları, söz və mətbuat azadlığı, azad seçkilər və demokratiya ilə bağlı problemlər sürətlə həll olunacaq.
Buna ümid böyük idi. Çünki bütün bunlar Avropa Şurasının təməl prinsipləri idi, qurum demokratiya və insan haqları məsələsini öz prioritetləri sayırdı.
İlk vaxtlarda müxalifət düşərgəsi bu xüsusda nə qədər optimist idisə, iqtidar düşərgəsi bir o qədər əndişəli idi. Müxalifətçilər Avropa ailəsinə qoşulmağa ikiəlli razıydılar, amma iqtidar komandasının üzvləri yüzdə doxsan narazı idi, amma bu izdivaca müqavimət göstərmək fikrində və halında deyildi.
Əslində Azərbaycanın Avropaya yaxınlaşması, onun nüfuzlu üstqurum təşkilatlarına üzv olması dövlət müstəqilliyimizin əsas təminatçısı sayılırdı. Hesab olunurdu ki, Rusiyaya təhlükəli dərəcədə yaxın olmaq bir şey deyil, Rusiya ilə Avropanın arasında olmaq, balans siyasəti yeritmək daha düzgün olar.
Bu strategiya cəlbedici idi və sonradan özünü doğrultdu, amma AŞ üzvü olduğumuz yeni vaxtlarda hakimiyyət adamlarının əsas narahatlığı azad, qanuni və dürüst seçkilər keçirməyə məcbur olacaqlarına görəydi.
Fəqət AŞ üzvü olduğumuzdan sonra keçirilən ilk seçkilər, onun nəticələri və AŞ-nin, ATƏT-in, eləcə də bu təşkilatların lideri olan dövlətlərin reaksiyası göstərdi ki, hakimiyyət üçün əndişə ediləcək bir durum yoxdur.
Adları çəkilən beynəlxalq təşkilatlar seçkilərin dünya və Avropa standartlarına uyğun keçirilmədiyini qeyd edərək bildirirdilər ki, çatışmazlıqlarla yanaşı bu seçkilər irəliyə doğru addımdır.
Beləcə, Azərbaycan seçkidən-seçkiyə öz bildiyi kimi “irəli addımlamaq”da, AŞ, ATƏT “standart”lardan danışmaqda, “gələcəkdə daha mükəmməl seçki keçirmək üçün tövsiyə” verməkdə idi.
Ölkə müxalifəti hər seçkidən sonra AŞ PA-nın mövsümi sessiyasında Azərbaycanda seçki məsələsi ilə bağlı prinsipial və sərt debatların olacağını, saxtalaşdırılmış seçkinin nəticələrinin tanınmayacağını gözləyirdi.
Doğrudan da bəzən sessiyada Azərbaycan hakimiyyətinə yönəlik tənqidlər olur, tənqidi hesabatlar, məruzələr səslənirdi, ancaq iş ciddi qərara gələndə növbəti “tövsiyələr” verilirdi.
Bu minvalla ölkəmizdə AŞ-nin, ATƏT-in nüfuzu zədələndi, eləcə də bu qurumların parlamentlərinin hansısa prinsipial qərarlar verəcəyinə ümid öləzidi. AŞ PA üzvü olan ayrı-ayrı prinsipial deputatların pozitiv fəaliyyəti nə qurumun fəaliyyətinə yönəldici, nə də nüfuzunun sarsılmaqda davam etməsinə durdurucu təsir etmirdi.
Sonradan daha pis yenilik oldu – artıq AŞ PA rəhbərliyi Azərbaycana prinsipial və dürüst deputatları göndərməmək xətti götürdülər. Çünki onlar gəlib hər şeyi gördükləri kimi yazır, hər kəslə görüşür, iqtidar adamları ilə anlaşmır, ən əsası burada onlara verilən hədiyyələrdən imtina edirdilər.
AŞ PA Qross və Herkel kimi deputatları hakimiyyətlə anlaşan, müxalifətlə məsafə saxlayan, neqativ halları görməyən həmməruzəçilərlə, missiya rəhbərləri ilə əvəz etdi.
Azərbaycanda “demokratik seçki məsələsi” belə həll olundu. İndi AŞ PA-nın mövsümi sessiyalarından “prinsipial qərarlar” gözləyən, mədəd uman yoxdur.
Ona görə də Avropa Şurası Parlament Assambleyası bürosunun dünənki toplantısında Azərbaycanda keçirilmiş 26 sentyabr referendumunun nəticələrinə dair memorandumun yekdilliklə təsdiqlənməsi gözlənilən idi. Heç kim əksini gözləmirdi.
Əgər AŞ PA missiyası belə qənaətə gəlibsə ki, referendum ölkə qanunvericiliyinə və Azərbaycan Konstitusiyasına uyğun təşkil edilib, qanuni və legitimdir, demək, uzun illər boyunca AŞ PA-ya bəslənilən ümidlər daşa çırpılıb.
Eyni zamanda bu, Avropa dəyərlərinin iflası deməkdir. Onsuz da bu ölkədə iqtidar düşərgəsi vahid orqanizm kimi çıxış edərək Avropaya, onun prioritet saydığı dəyərlərə qarşıydı, indi müxalifət və xalq da Avropanın üstqurum təşkilatlarının etibarını, prinsipiallığını gördü.
Məşhur bir atalar sözündə deyilir ki, suda batanın xilası yalnız öz əllərindədir.