Sabirabadda keçirilən başla qarpızqırma yarışına ciddi və qədirbilən xalqımızın mənfi reaksiyası, türkün sözü, məni çox üzdü. Ciddi deyirəm. Heç belə gözləmirdim.
Niyə biz hər şeyi bu qədər ciddi qəbul edirik, hər şeyi mentalitetlə, ədəb-ərkanla, adət-ənənələrlə bağlayırıq?
Nə baş verib axı, icra başçısı istəyib ki, rayon miqyasında şənlik, kefiköklük olsun və bu məqsədlə yerli məhsullardan, rayonun simvolu olan giləmeyvədən istifadə edilib. Onsuz da “Sabirabad” və “qarpız” kəlmələri hələ sovet dövründən sinonimləşib, Sabirabad deyəndə yada ilk düşən şey qarpızdır, qarpız deyəndə isə Sabirabad.
Lap əla. İndi bunu kimsə ekssentrik yarışma şəklinə salırsa, nə var axı bunda. Məgər hamını başıyla qarpız qırmağa vadar edirlər? Xeyr. Hamını bir zala yığıb yalan-palan danışıqlara qulaq asdırmaq, arada pauza verib hansısa cəfəng sözü alqışlatdırmaq daha ayıb şeydir.
Çox ağıllı iş görüblər ki, başla qarpız sındırmaq işini diletantlara, yoldan ötənlərə həvalə etməyiblər, bundan ötrü xüsusi hazırlığı olan idmançılar seçilib. Videodan gördüyünüz kimi, onlar da öz işlərinin öhdəsindən məharətlə gəlirlər, tappatap qıra-qıra gedirlər.
Amma baxaq, görək, sosial şəbəkə fəalları neylədilər? Biri yazdı ki, qarpız sındırmağı başa düşdük, bəs idmançıların bellərinə bağladığı o enli qayış nəydi. Düzü, o enli qayış məsələsini mən də başa düşmədim. Onu adətən bel-buxununu gücə düşməkdən sığortalamaq istəyən pəhləvanlar və ağır atletlər qurşayırlar. Görünür, biz bilmirik, qarpıza kəllə qoyanda hansısa formada belə də ağırlıq düşür.
Başqa bir sosial şəbəkə fəalı yazmışdı ki, bunların hamısı bekarçılıqdandır. O da ola bilər. Bildiyiniz kimi, bekarçılıq pis şeydir. Gün axşamacan çayxanada oturub domino şaqqıldatmaqdansa, el-oba arasındakı mərəkəyə qatılmaq, başla qarpızqırma yarışmasına tamaşa edib şənlənmək daha yaxşıdır.
Bir çoxları da yazmışdı ki, gör bizim idmançılar başlarını nəyə işlədirlər, qarpıza, qarpız qırmağa. Nə olsun ki? Guya başı qarpız qırmağa istifadə etməsək, gedib kvant fizikikası öyrənəcək, atom parçalayacaq, qeyri-səlis məntiq öyrənəcəkdik? Hər kəsin öz işi var. Hələ bir alim olmaq istəyənlərimizə şərait yaradaq, ondan sonra başımızı qarpıza döyməyin dərdini çəkərik.
Belə yarıışmalar tək bizdə deyil, dünyanın hər tərəfində var. Almaniyada pivə festivalları keçirilir, 10-15 gün boyunca millət tökülüşüb pivəni su yerinə içirlər. Ruslan Bəşirli demişkən, içirlər, gedirlər, içirlər, yarışırlar.
İspaniyada bir-birini pomidor-qalaq etmək yarışması var, camaat yığılır, bir-birinin təpəsinə, gözünə, başına lalıxlamış pomidor çırpırlar. Çiy ketçap sellənib axır. Beləcə, insanlar şənlənir, şellənir.
Arvadlarını bellərinə alıb ötüşən kişilərin yarışmasından isə, yadınızda olar, bir dəfə də yazmışam, amma bu yarışmanın hansı ölkədə keçirildiyi özümün yadımda deyil.
Burdan-bura ermənilər Qarabağda hər il qoduqötüşdürmə rallisi təşkil edirlər. İldən-ilə daha möhtəşəm keçirirlər, ilbəil qonaqları artır. Bir də görəcəyik, bay, qoduq cıdırına beynəlxalq yarış statusu alıblar və açıq çempionat keçirirlər. Onda qalacağıq vaysına-vaysına ki, yeri gəlsə bizim qoduqlar ermənilərinkindən də qaçağandır.
Müasir dünyada çoxlu bu cür yarışmalar uydurur, bunu biznesə çevirir, ticarəti, turizmi inkişaf etdirirlər. İndinin insanları, bilirsiniz, bir az, qarabağlılar demişkən, fıydırlar, hardan zurna səsi gəlir, ora cumurlar. İşbazlar da onların bu karnaval, festival həvəskarı olmaqlarından istifadə edir, şou, tamaşa düzəldir, pul qazanırlar.
Odur ki, biz də qıraqda qala bilmərik. Göyçayda Nar bayramı keçirməklə kifayətlənmək olmaz, yeri gəlsə Qubada Almaatdı yarışı təşkil etmək olar. Gədəbəydə kartofla bağlı nəsə bir şənlik uydurmaq mümkündür. Cənub zonasında sitrus meyvələrinin, ləvənginin iştirakıyla bir festival düzənləmək məqbuldur. Hər mahal üçün nəsə bir bayram fikirləşmək, sonra onu ilbəil inkişaf etdirmək, dünyada tanıtmaq lazımdır.
Bəlkə də Azərbaycan həqiqətlərini dünyaya çıxarmağın ən etibarlı yolu budur. Qoy dünya görsün ki, biz sülhsevər, karnavalpərəst, festivalbaz camaatıq, bizdən heç kəsə ziyan gəlməz.
Başla qarpızqırma yarışmasına bu prizmadan baxmaq gərək.