isa-qember-2013

“Böyük ehtimalla Müsavat Partiyasının sabiq başqanı İsa Qənbər bu ilin noyabrında keçiriləcək parlament seçkilərində deputat mandatı uğrunda mübarizə aparacaq”.

Bu fikirləri AzVision.az-a açıqlamasında partiyanın başqan müavini Elman Fəttah deyib.

E. Fəttahın sözlərinə görə, Müsavat Məclisinin qərarından sonra İsa Qəmbərin namizədliyi təsdiq olunacaq: “Mərkəzi Seçki Komissiyası seçki təqvimini elan etdikdən sonra Müsavat Məclisi partiyanın namizədlərinin siyahısını dərc edəcək. Böyük ehtimalla həmin siyahıda İsa Qəmbərin də adı olacaq”.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə AzVision.az-a deyib ki, sabiq başqan İsa Qəmbərin parlament seçkilərində iştirak etməyə haqqı çatır və onun özü seçkidə iştirak etməkdə maraqlıdır.

İsa Qəmbərin hansı dairədən seçkiyə qatılacağı ilə bağlı suala isə G. Aslanlının cavabı belə oldu: “Hazırda Müsavat Partiyası İsa Qəmbərin hansı dairədən seçkiyə qatılacağı ilə bağlı məlumatı açıqlamaq istəmir. Ancaq, İsa Qəmbər noyabrda keçiriləcək parlament seçkilərində iştirak edəcək. Bununla belə onun seçkilərdə iştirakı MSK-nın qərarından sonra bəlli olacaq”.