Bakıda rayonlar çoxdur, amma fikir vermisinizsə yağış yağanda ən çox Binəqədi su altında qalır. Bu, rayonun çökəkdə yerləşməsi ilə bağlıdırmı? Ya bəlkə rayon tropik qurşaqda yerləşir, o səbəbdən davamlı olaraq musson yağışlarına məruz qalır? Bəlkə Binəqədi ərazisində ağaclarda meymunlar yaşayır, parklarda fillər otlayır, insanlar banan, kokos yığıb yeyirlər?
Yox əlbəttə. (Özüm qəsdən belə təsdiqləyici inkar formasında yazıram, sabah kimsə məni məhkəməyə versə cümlələri boynumdan ata bilim deyə. Yox və hə-ni eyni ifadədə yazmaq insandan xüsusi qabiliyyət tələb edir. Biz bu qabiliyyəti 22 il cəngəllikdə yaşayandan sonra əldə etmişik. Güclülər yaşayırlar. Zəiflər öləcəklər. “Təpəgözlə birgə yaşayırsansa, sən də bir gözünü çıxart” – suaxili ata sözündə belə deyilir). Bu uzun mötərizədən nəhayət çıxaraq qeyd edim ki, Binəqədini su basmasının sırf administrativ səbəbləri vardır. İlk növbədə, özümüzə belə sual verək: yağış rayona qabaqlar da yağırdı, bəs niyə indiki kimi tragikomik durumlar yaranmırdı?
Tragikomik demişkən, bloqqer Mehman Hüseynov 3 gün qabaqkı yağışdan sonra Binəqədidə maraqlı bir hərəkət eləmişdi: plyaj geyimində küçədə bir qırağa uzanıb şəkil çəkdirmiş, “Baxın, mən hökumətin qayğısı sayəsində Binəqədidə özümü Antalyadakı kimi hiss edirəm” yazmışdı. Həmin fotonu görəndən sonra “Təmiz Dəniz Binəqədi” projesinin müəllifi, rayonun icra başçısı Xaləddin müəllim o küçəni bağlatdırıb, pullu çimərlik elan edibdir. İndi küçəyə girəndən 50 qəpik yığırlar.
Nə isə, qayıdaq rayonu daim Nuh daşqınları basmasının səbəblərinə. Bu, ilk növbədə elə rayonda aparılan mənasız, israfçı dekorativ-yamaqlama, təzəyə bəzəkvurma işləri ilə bağlıdır. Xaləddin müəllim Binəqədinin hər yerində yol qıraqlarını süni təpələr, otluqlar ilə örtüb, nəticədə yağan yağışlar qırağa axa bilmir, qalır küçələrin, yolların ortasında. Söz düşmüşkən, bu təpələrin təyinatı haqda “Təzadlar” qəzetində işləyən Elçin bəy maraqlı izahat veribdir: “Xaləddin bəy bu təpələri tikib ki, yağış yağanda Binəqədi sakinləri boğulmasın, qaçıb yüksək bir yerə çıxsınlar”. Bir növ, icra başçısı Ağrı dağları düzəldib, Binəqədidə yaşayan Nuhbalalar qurtulsun deyə.
İkincisi, Xaləddin müəllimin elə həmin “Təmiz Binəqədi” projesindən sonra yolları süpürənlər həmin zibilləri iki cüt bir tək suçəkən qurğuların deşiklərinə doldurublar. O cümlədən, yarımaçıq kanalizasiya lyüklərinə. Suyun qabağı bir də bu yolla alınıb.
Üçüncüsü, Xaləddin müəllim yol qıraqlarına çoxlu qamış, çayır əkib, bu da atmosferdəki suyu özünə çəkir, nəticədə rayona yağış Əhmədliyə nisbətdə çox yağır. Bunu zarafat üçün yazdım, oxuyun, inanmayın.
Söz düşmüşkən, Binəqədi icra hakimiyyəti hazırda Ziya Bünyadov prospektinin qırağında, az qala avtomagistralın içində üstü ot-əncərlə örtülü qəribə söhbət yerləri (“besedka”) düzəldir. Anlaşılmır o cür təhlükəli yerdə – bir maşın yoldan azca çıxsa “besedka”da heç yaxşı söhbət olmayacaq – tozun, avtomobil qazlarının içində hansı səfehlər oturub rahat dincələ, danışa bilər. Məncə Binəqədi icra hakimiyyəti bununla dayanmasın, prospektin qıraqlarına sacda yuxa yayan arvadlar, at çapan erkəklər də qoyulsun. Postmodern-ultraaqrar-metropolis siyasəti davamlı olmalıdır.
İki gün qabaq Sumqayıtdan da oxşar xəbər vardı, şəhəri sel basmışdı. Yadıma düşdü ki, oranın da eyni ağılda, eyni siyasəti yürüdən bir icra başçısı var. Şəhərə, rayona, məhəlləyə xalqın seçmədiyi, başqalarının təyin elədiyi adamlar başçı qoyulanda nəticə necə olmalıdır ki? Sel də basar, hələ lap nəlbəkidə də boğularsan…
Bu, dövlətin rəhbərliyi seçimlərinə də aiddir. Çuxurdan çıxmaq lazımdır.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.