Bir maraqlı müşahidəmi bölüşmək istəyirəm: o hərəkətlər ki, Azərbaycanda törətsən cinayət sayılmır, azərbaycanlılar həmin hərəkətləri başqa dövlətlərə qarşı edəndə cinayətkar olurlar. Bunu mən ancaq YAP-ın planetar siyasəti ilə izah edərdim. Bütün dünyada haqqı pozulan, imperializm zülmündən, eboladan, quş qripindən, canım sənə desin, qlobal istiləşmədən əziyyət çəkən xalqları, məzlumları bir qoruyan olmalı idi, ya yox? Hal-hazırda bu qutsal (müqəddəs) görəv (vəzifə – yazılarımı türkləşdirirəm, fikir verməyin) uca millətimizin üzərinə düşübdür.
Misal üçün, Fransada terror olandan sonra fransızların keçmişdə Əlcəzairi işğal edib adamları öldürməsini ən çox kim qınadı? Biz! Çünki bizim qan yaddaşımız, müsəlman təəssübkeşliyimiz hamıdan güclüdür. Lazım gəlsə Parisi partladarıq. Ali baş komandanın əmrini gözləyirik. Hətta yaponların amerikalılardan qisasını almaq kimi bir vəzifəmiz də vardır. Atom bombasına görə. Hələ özümüz dinmirik, başımız Əlcəzairə qarışıb.
Azadlıq Radiosunu bağlamaq da həmçinin, bu xarici siyasətin davamıdır. Orda əsas ittihamlardan biri belənçikdir: ABŞ-dan redaksiyaya pul gəlib, baş mühasib İbiş işçilərə kağızdakından az pul verib. Sadə desək, İbiş işçini çağırıb deyirmiş, Mamed, burda sənin adına 3 min dollar yazıram, ancaq maaşın olacaq 1000 dollar, qalanını özüm bilərəm neyləyəcəyəm. Mamed yazıq da neyləsin, işsizlikdir (əlbəttə, mövzunun bu hissəsi önəmli deyil, respublikamız inkişaf edir, 1 milyard yeni iş yeri açılıbdır), o üzdən məcbur olurmuş 1000 dollara razılaşsın.
İndi hörmətli baş prokuror deyir ki, nə üçün İbiş dövlət vəsaitini mənimsəyibdir, buna görə cavab verməlidir (Yəni, gətir qus görək nə qədər yemisən).
Xub, pakizə, əla, gözəl, yes! Ancaq axı İbiş və ətrafındakı dəhşətli jurnalist çetəsi burda hansı dövlətin vəsaitini mənimsəyib?! Gördüyümüz kimi, ABŞ-ın. Deməli, Zakir müəllim bu halda Amerika vergi ödəyicilərinin, Florida və Arizona xalqının mənafelərini qoruyur!
Halbuki, heç bizim dövlət vəsaitlərini ceviz yerinə kisəyə yığan yoxdur. Örnək üçün, elə keçən ay Müdafiə Nazirliyinin bir əski polkovniki türmədən buraxıldı, onun ittiham maddəsi məhz “dövlət əmlakını mənimsəmə” şəklində idi. Bizim pulumuz çoxdur, bunu yeyəni tutmuruq.
Amerikadan söz düşmüşkən, keçən il Hollivudda çəkilən filmlərdən biri “Hakim” adlanır, mən buna baxdım. Məhkəmə hakimi, onun vəkil işləyən oğlu, ümumən ABŞ ədliyyə sistemi haqda filmdir. Elə də fısqırıq film deyildi, ümumən Amerikada belə bir film cərəyanı var, məhkəmə işləri haqda çoxlu tanınmış filmlər də çəkilib. Bunlardan adlarını çəkə bilərəm: “12 qəzəbli kişi”, “İblisin vəkili”, “Nürnberq prosesi”, “Erin Brokoviç”, “Amistad”, “Çobanaldadan quşunu öldürmək” və sairə. “Hakim” o səviyyədə film deyildi.
Sözgəlişi, kimin əlaqəsi varsa bu filmdə baş rollardan birini oynayan Robert Dauni-oğula desin ki, bəsdir özünü Al Paçino kimi apardın, biz bu kinonu bir dəfə görmüşük! Təkrarsız olmaq lazımdır. Dünya kinosunda qayda yaratmaq da bizim borcumuzdur, o üzdən yazdım. Bütün müsəlman xalqı da mənim kimi düşünür.
Ancaq “Hakim” filminə baxarkən mən ayrı bir şey fikirləşdim. Fikirləşdim ki, misal üçün, bizdə belə məhkəmə-filmləri çəkəsən, orda hakimlə vəkil, prokurorla şahid arasında diskussiyalar ola, kimsə yaxşı çıxış edib, güclü hazırlaşıb prosesi uda, hakim öləndə dövlət bayrağını endirələr və sairə. Çətin. Bizdə nə fantastika, nə komediya filmləri janr olaraq inkişaf etməyibdir.
Əslində bizdə heç kino yoxdur, çünki fransız Lümyer qardaşları kino qurğusunu kəşf edəndə bizim başımız məzlum Əlcəzair xalqını qorumağa qarışmışdı. Hələ də ordayıq. Zinəddin Zidan qorxub qaçıb, ancaq biz aslan kimi vuruşuruq.