“Hacıbala müəllim Quranı çıxarıb and içdi. Dedi martın 27-dək sizi mağazalarınızdan heç kim çıxara bilməz, buna mən cavabdehəm”.
Virtualaz.org saytı xəbər verir ki, bu sözləri “Neftçilər” metrosunda ticarətlə məşğul olan və dükanlarının sökülməsinə etiraz olaraq bu gün Bakı Metropoliteninin binası qarşısında aksiya keçirən satıcılar deyib.
Onların sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov martın 14-də onları qəbul edərkən söz verib ki, martın 27-dək heç kim öz mağazasından çıxarılmayacaq və bu müddət ərzində onlara alternativ yerlər təklif olundu.
Narazı satıcılardan olan Naminə adlı xanım satıcı virtualaz.og saytının kamerasına BŞİH başçısına xitabən bunları dedi: “Hacıbala müəllim, o Quranın içində nə var idi ki, siz ona yalandan and içdiniz?”
Qeyd edək ki, bu gün keçirlən aksiyadan sonra “Bakı Metropoliteni” QSC-dən satıcılara aşağıdakıları bildiriblər: “Biz sizə heç bir köməklik edə bilmərik. Gedin prokurorluğa müraciət edin və haqqınızı istəyin”.