Medianews.az
Yeni şər oxu daşa dəyə bilər -
2,172 baxış

Yeni şər oxu daşa dəyə bilər - TƏHLİL

Rusiyanın Ukraynaya qarşı müharibəsi Avroatlantik strukturları yenidən canlanmağa vadar etdi. İsveç və Finlandiyanın NATO-ya üzv olması Şimali Atlantika Alyansının Şərqə doğru genişlənməsi ilə yanaşı daha nəhəng hərbi gücə çevrilməsinə səbəb oldu.

ABŞ-ın liderliyi ilə formalaşmış Avroatlanrik dünya nizamına meydan oxumağa çalışan Çin də Rusiyanın Ukraynaya qarşı müharibəsinin miqyasının böyüməsindən istifadə edərək öz güc mərkəzini formalaşdırmağa çalışır. CRİNK-ın (China, Russia, İran, North Korea) formalaşması Pekin, Moskva və Tehranın maraqlarının nadir hallarda üst-üstə düşdüyünə görə Çin, Rusiya, İran və Şimali Koreyadan ibarət yeni şər oxunun sürətlə formalaşmasına imkan vermir.

Halifaks Beynəlxalq Təhlükəsizlik Forumunun qurucusu və prezidenti Piter Van Praqın CRİNK-ın yeni şər oxu kimi formalaşmağa başlamasını bəyan etdiyi 2023-cü ildən bəri çox böyük inkişaf yolu keçməyib. Doğrudur, bu müddətdə Rusiya ilə İran Hərtərəfli Strateji Tərəfdaşlıq Haqqında Müqavilə imzalayıb. Lakin 17 yanvar 2025-ci ildə imzalanmış müqavilə Moskva və Tehran arasında hərbi ittifaqın yaradılmasını nəzərdə tutmur. Ukraynaya qarşı müharibədə İran və Şimali Koreyanın Rusiyaya açıq, Çinin isə gizli hərbi-texniki dəstəyi Moskvanın müharibəni davam etdirməsinə imkan versə də, Kiyev üzərində qələbə qazanması üçün də yetərsizdir. Çin və İran Rusiyanın məğlubiyyətini istəmir, ancaq qələbəsində də çox maraqlı deyillər. Hətta zəif, asılı Rusiya həm Çinin, həm də İranın maraqlarına uyğundur.

Eyni münasibət İrana münasibətdə də mövcuddur. Çin və Rusiya İranın mövcudluğunda, bütövlüyündə maraqlı olsa da, güclü olmasında maraqlı deyillər. İsrailin İrana qarşı 12 günlük hərbi müdaxiləsi zamanı Tehran Pekin, Moskva və Pxenyandan ciddi bir dəstək almadı. Çin və Rusiya İsraili qınayan diplomatik açıqlama yaymaqla vəzifələrini bitmiş hesab etdilər.

İranın nüfuzlu siyasi simalarından biri Seyid Məhəmməd Sədr İsraillə İran İslam Respublikası arasında 12 gün davam edən müharibədə və ondan əvvəlki qarşıdurmalarda rusların İranın müdafiə mərkəzlərinə aid məlumatları İsrailə ötürməkdə ittiham edib. Onun açıqlaması da Tehranla Moskva arasındakı münasibətlərin hamar olmadığını göstərir. Rusiyanın NATO üzvü Türkiyəyə S-400 hava müdafiə sistemi satdığı halda İrana bu sistemləri verməməsi, Moskva ilə Tehran arasında Su-35 qırıcıları ilə bağlı danışıqların nəticəsiz qalması CRİNK-in iki üzvü arasında münasibətlərin etimada əsaslanmadığını aydın göstərir. CRİNK ABŞ-ın rəhbərlik etdiyi dünya nizamına nifrət edən dörd dövlətin boş bir ittifaqdır.

Bütün bunalr onu göstərir ki, düşən yarpaq çayın axınını dəyişə bildiyi kimi, CRİNK abreviaturasındakı həriflərdən bir düşsə, Çinin ABŞ-a qarşı formalaşdırmağa çalışdığı şər oxu formalaşmadan dağılar. “Düşən yarpaq çayın axınını dəyişə bilər” ifadəsi kiçik, əhəmiyyətsiz bir hadisənin necə gözlənilməz nəticələrə səbəb ola biləcəyini vurğulayan bir metafora olsa da, mən burada onu kiçik bir dəyişikliyin dinamik sistemdə köklü dəyişmələrə səbəb ola biləcəyi tezisi kimi işlədirəm.

CRİNK abreviaturasındakı həriflərdən hansının öncə düşə biləcəyi sual üzərində fikirləşərkən ağıla gələn ilk ölkə İran olur. CRİNK-də ən zəif bənd İrandır. Əminliklə demək olar ki, İranın parçalanması və yaxud da rejim dəyişikliyi Çin və Rusiyanın çoxqütblü dünya düzəni formalaşdırmaq üçün mübarizəsinin başlamadan bitməsi demək olar. Buna görə də 2025-ci ilin sonu, ən geci 2026-cı ildə Vaşinqtonun əsas məsələsi İran olacaq.

P.S. İranın ali rəhbərinin müşaviri Əli Şəmxaninin qızının Tehrandakı “Espinas Parsian” hotelində keçirilən toy mərasimindən yayılan görüntülər də göstərir ki, İranda şəriət qaydalarına əsaslanan rejimin dayaqları tatamilə sarsılıb və uçmaq üzrədir.

Xaqani Cəfərli,
politoloq

Bizə qoşulun