Medianews.az
Vüqar Qurbanov əslində nə demişdi? -
89 baxış

Vüqar Qurbanov əslində nə demişdi? - Təcili yardım fərqli çalışacaq

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun 2025-ci ilin yekunlarına və gələcək planlarına dair brifinqdə təcili tibbi yardımla bağlı səsləndirdiyi fikirlər sosial şəbəkələrdə narazılığa səbəb olub.

Milli.Az xəbər verir ki, bəzi paylaşımlarda sanki TƏBİB təcili tibbi yardımı bilərəkdən gec göndərirmiş kimi rəy yaradılır ki, bu isə həqiqəti əks etdirmir.

Vüqar Qurbanov brifinqdə bildirib ki, təcili tibbi yardım müraciətləri kateqoriyalara bölünür. İzah edib ki, təcili yardım resursu çox dəyərli və həyati təhlükə olan hallara yönəldilməli olan bir xidmətdir. Məhz bu məqsədlə gələn ilin əvvəlindən çağrı mərkəzlərində daha təkmil və sistemli mexanizmin tətbiqi nəzərdə tutulur. Yeni sistem çərçivəsində hər bir xəstənin çeşidlənməsi aparılacaq.

Onun sözlərinə görə, çeşidlənmə zamanı vətəndaşın zəng zamanı bildirdiyi şikayətlər əsasında ona konkret suallar ünvanlanacaq və simptomlara uyğun olaraq çağırışın dərəcəsi müəyyən ediləcək:

"Məsələn, vətəndaş yalnız 37 dərəcə qızdırmasının olduğunu bildirirsə, bu hal həyat üçün təhlükə yaratmayan simptom kimi qiymətləndirilə bilər və çağırış aşağı prioritetlə qeydə alınar".

Qeyd edilib ki, çağırışlarda sıxlıq olmadığı hallarda təcili tibbi yardım daha qısa müddətdə göndərilir. Lakin sıxlıq zamanı prioritet çağırışlara üstünlük verilir və ilk növbədə həyati təhlükə yaradan hallara müdaxilə olunur:

"Yüngül qızdırma, arterial təzyiqin ölçülməsi kimi hallarda isə təcili tibbi yardımın müəyyən müddət ərzində gecikməsi mümkündür".

Vüqar Qurbanov nəzərə çatdırıb ki, kritik hallarda təcili tibbi yardımın gecikməsi ilə bağlı son dövrlərdə şikayətlərin sayı xeyli azalıb:

"Növbəti ildən elektron sistemin tam tətbiqindən sonra isə təcili tibbi yardımla bağlı mövcud sıxlığın aradan qalxacağı gözlənilir".

Bizə qoşulun