Medianews.az
Turistlərin neçə faizi Bakıya üstünlük verir?
398 baxış

Turistlərin neçə faizi Bakıya üstünlük verir?

Azərbaycana gələn turistlərin 80 faizindən çoxu Bakı şəhərinə üstünlük verir. Bu o deməkdir ki, ölkəyə gələn hər 100 turistdən cəmi 20-si Bakıdan kənara, rayonlara gedir. Bu ilin ilk 9 ayında turistlərin ikinci ən çox üstünlük verdiyi rayon Qusar olub. Azərbaycana gələnlərin 6,4 faizi sözügedən rayonda qalıb. Bütövlükdə, turistlərin 4,2 faizi Naftalanda, 3,4 faizi Qəbələdə, 2,4 faizi Qubada, 0,6 faizi Şamaxıda, 2,4 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalara üstünlük verib.

Bu müddətdə turistlərin keçirdiyi gecələmələrin sayı 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 9,3 faiz artaraq 1 milyon 937 min olub. Gecələmələrin ümumi sayının 14,1 faizi Hindistan, 10,9 faizi Rusiya, 9,1 faizi Səudiyyə Ərəbistanı, 8,7 faizi Türkiyə, 4,9 faizi Birləşmiş Ərəb Əmirlikləri, 4,6 faizi İsrail, 3,6 faizi Pakistan, 3,5 faizi ABŞ, 3,5 faizi Çin, 3,2 faizi Özbəkistan, 2,8 faizi Qazaxıstan, 2,8 faizi Küveyt, 2,3 faizi Böyük Britaniya, 1,2 faizi Almaniya, 1,0 faizi İtaliya, 0,8 faizi Gürcüstan, 0,6 faizi İran, 0,6 faizi Bəhreyn, 0,6 faizi Ukrayna, 21,2 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Statistikanı Medianews.az-a təqdim edən iqtisadçı deputat Vüqar Bayramov bildirib ki, bölgələrimiz xarici turist cəlb etməkdə paytaxt hotellərinə yenə də uduzur: “Paytaxtın infrastrukturunu nəzərə aldıqda bu normal qarşılana bilsə də, regional gecələmə sayında fərqin böyük olması diqqəti çəkir. Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmir və bu da xarici turist cəlbində çətinlik yaradır. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır. Keyfiyyət isə hələ də standartlardan geri qalır. Bu isə ondan xəbər verir ki, bölgələrin turizm potensialının artırılması və daha çox turistlərin cəlb edilməsi üçün sistemli tədbirlərin və eləcə də bu istiqamətdə dövlət dəstəyinin gücləndirilməsinə ehtiyac var”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun