Medianews.az
Bu məktəbin bufetində qadağan olunmuş məhsullar satılır
76 baxış

Bu məktəbin bufetində qadağan olunmuş məhsullar satılır

Cəlilabad rayonunda yerləşən orta məktəblərdə aparılan monitorinqlər zamanı bufetlərdə satılması qadağan olunan məhsullara rast gəlinib.

Rayon təhsil sektoru tərəfindən keçirilən yoxlamalar zamanı bufet və yeməkxana otaqlarının sanitar-gigiyenik vəziyyəti, qida məhsullarının saxlanma şəraiti, avadanlıqlar və inventarların texniki durumu qiymətləndirilib.

Nəticədə bəzi nöqsanlar məhsulların etiketlənməməsi və inventar çatışmazlığı müəyyən olunub.

Bütün bu məlumatlar rayon təhsil sektorunun rəsmi sosial şəbəkə hesablarında paylaşılıb. 
Lakin monitorinq zamanı çəkilən fotolarda məktəblərdə satılması qadağan edilən qazlı içkilər, kremli şirniyyatlar və çipsi kimi məhsulların da olduğu görünür. Buna baxmayaraq, bu barədə heç bir rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, "Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı"na (AZS 747-2013) əsasən məktəb bufetlərində qazlı içkilər, kremli şirniyyat məhsulları, çipslər, energetik içkilər, ev şəraitində hazırlanmış qidalar, pasterizə edilməmiş süd məhsulları və digər sağlamlığa zərərli məhsulların satışı qadağandır.

Bu qaydaların bütün ümumi təhsil müəssisələrində tətbiq edilməsi tələb olunur./cenublu.az

Bizə qoşulun