“Atamın yolunu davam etdirmək, hərbçi olmaq böyük qürur və fəxarətdir. Atam 1992-ci ildə şəhid olanda onu doğulub boya-başa çatdığı Qubadlı rayonunun, Qəzyan kəndində dəfn etmişdilər. Atamın məzarı da əsirlikdə idi. Dağlara çıxıb baxdıqca, adamın ürəyi partlayırdı. Elə deyirdim ki, Ali Baş Komandan bir əmr versin, dizin-dizin sürünmək də olsa gedib oraları azad edək. Şükür ki, o gün qismət oldu. Elə öz rayonumuza girib, oranı işğaldan azad etdik. İlk ziyarət etdiyim atamın məzarı oldu. Elə sözlər var ki, onları ifadə etmək mümkün deyil. Qəbirstanlığa girəndə heç düşünmədim ki, mina, yaxud da nəsə partlayıcı maddələr olar. Həmin vaxtlar elə hiss edirdim ki, sanki ayağım da yerə dəymir. Sanki göylə uça-uça gedirdim. Hazırda da hərbi sahədəyəm. Həm çalışdığım hərbi hissənin hüquqşünası, həm də hərbi hissə komandirinin müaviniyəm”. Bunu Medianews.az-a açıqlamasında Milli Qəhrəman Əliyar Əliyevin oğlu Emin Əliyev deyib.

O daha sonra atası ilə bağlı xatirələrini bölüşüb:
“Kimliyindən asılı olmayaraq bütün övladlar istəyər ki, atasına bənzəsin. Həmçinin də mən özüm. Mən atam kimi hərbi geyim geyinsəm də, onun addımını ata bilməmişəm. Ona görə atam kimi hərbçi olsam da, onun ucaldığı zirvəyə çata bilməmişəm. O başqa cür insan idi. 100 ildən bir belə qəhrəmanlar doğulur. Bütün rayon atamın hörmətini saxlayırdı, hamı onu özünə qəhrəman bilirdi. Hərbçi üçün ən uca zirvə şəhidlikdir. Atam bu zirvəyə ucalıb. Bizim hələ bəzi torpaqlarımız ermənilərdədir. İnanırıq ki, o torpaqlara da ayaq basacağıq. Ali Baş Komandana inanırıq və güvənirik” deyə.

Emin Əliyev deyir ki, ən böyük arzusu Qubadlıda yaşamaqdır:
“Qubadlının Qəzyan kəndindəki evimizin təkcə arxa divarları qalıb. Hələ ki, Qubadlıya köç yoxdur. Rayonumuzun iki kəndində evlər tikilir. Onlar da dağ kəndləridir. Əlbəttə ki, rayon bərpa olunsun, ilk köç etmək istəyənlərdən biri də bizik. Qubadlı işğaldan azad olunandan sonra rayon icra hakimiyyətinin başçısı Malik İsaqov atamın və digər şəhidlərin məzarüstü abidələrini bərpa etdirdi. Malik müəllimə öz və ailəmin adından təşəkkür edirəm” deyə Əliyar Əliyevin oğlu Emin Əliyev bildirib.
Əli Əsgər,
Medianews.az
