Medianews.az
“İctimai Nəqliyyat Fondu”na 155 milyon manat ayrıldı -
141 baxış

“İctimai Nəqliyyat Fondu”na 155 milyon manat ayrıldı - nə dəyişəcək?

“İctimai Nəqliyyat” Fonduna 155 milyon manat vəsait ayrılacaq.

Medianews.z “APA-Economics”ə istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının 2026-cı ilin dövlət büdcəsi üzrə rəyində qeyd olunub.

Sənəddə bildirilir ki, 2026-cı ildə yol vergisi üzrə daxilolmaların 155 milyon manatı “İctimai Nəqliyyat” Məqsədli Büdcə Fondu (MBF), 239,4 milyon manatı isə “Avtomobil Yolları” MBF üzrə nəzərdə tutulub.

Qeyd olunur ki, “İctimai Nəqliyyat” Fondu ilk dəfə 2025-ci ildə formalaşdırılıb və onun gəlir mənbələrindən biri kimi avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə tətbiq edilən yol vergisinin müəyyən hissəsi bu fonda yönəldiləcək.

Hesablama Palatası bildirib ki, yeni fondun yaradılması nəqliyyat sektorunda maliyyə intizamının gücləndirilməsi və şəhər nəqliyyatının infrastruktur xərclərinin şəffaf idarə olunması məqsədi daşıyır.

ersad.jpg (63 KB)

Hüquqşünas Ərşad Hüseynov Musavat.com-a bildirib ki, sentyabrın 19-da Prezident İlham Əliyev “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərman imzalayıb. O qeyd edib ki, fərmana əsasən, ölkənin bir çox rayon və şəhərlərində ictimai nəqliyyatın subsidiyalaşdırılması mexanizmi qurulmalıdır və həyata keçirilməlidir:

“Fərmanda konkret göstərilib ki, Bakı, Sumqayıt, Gəncə, Naxçıvan və Xankəndi şəhərlərində, habelə, Abşeron, Ağdam, Şuşa və Laçın rayonlarında şəhər və rayondaxili avtobusla sərnişin daşımalarında subsidiyalaşdırılması mexanizmi yaradılmalıdır və proses gələn ilin yanvarın 1-dən etibarən həyata keçirilməlidir. Fərmana əsasən, subsidiyalaşma sıxılmış təbii qazla işləyən mühərriklə təchiz edilmiş və elektrik mühərriki ilə təchiz edilmiş avtobuslara və yalnız Gəncə şəhərində istehsal tarixi 2025-ci il yanvarın 1-dən sonra olan dizel mühərrikli avtobuslara şamil olunacaq. Əlavə şərt də var ki, həmin avtobuslarda sərnişin daşıma haqqı yalnız nağdsız qəbul olunmalıdır. Subsidiyalaşmanın həyata keçirilməsi üçün “İctimai Nəqliyyat” Məqsədli Büdcə Fondu yaradılır. Həmin fondun əsas gəliri yol vergisindən olacaq, illik yol vergisinin bir hissəsi bu fonda köçürüləcək. Bu sistem yanvarın 1-dən işə düşdüyü üçün gələn ilin dövlət büdcəsində nəzərə alınmalıdır. Görünür, proqnozlar bununla bağlıdır”.

Ə.Hüseynov hesab edir ki, bu, ölkəmiz üçün yenilikdir:

“Təşkilati işlər görülməlidir. Adıçəkilən şəhər və rayonlarda tələblərə cavab verən avtobuslarda sərnişin daşımada Brutto müqavilələr hazırlanıb tətbiq olunmalıdır, maliyyə mexanizmi hazırlanmalıdır və şəffaf şəkildə daşıyıcıların fəaliyyəti maliyyələşdirilməlidir. Məbləğə gəldikdə isə, az ya çox olduğu gələn il bu fəaliyyət həyata keçiriləndə aydın görünəcək. Ümumiyyətlə, ictimai nəqliyyata çox böyük investisiyalar qoyulmalıdır. 155 milyon manat sadəcə cari ictimai nəqliyyatın subsidiyalaşdırılması üçün nəzərdə tutulan məbləğdir. Bakı və Abşeron aqlomerasiyasına, ölkəmizin digər şəhərlərində ictimai nəqliyyatın inkişafı üçün böyük investisiyalar yatırılmalıdır. Bakı Metropoliteninin genişləndirilməsi, o cümlədən Bakı şəhəri və Abşeron yarımadasında şəhərətrafı ərazilərə dəmiryolu ilə sərnişindaşımanın təkmilləşdirilməsi istiqamətində çox böyük işlər görülməlidir. Çox sayda yeni avtobuslar alınmalıdır, onlar üçün qarajlar tikilməlidir. Bu işlər “İctimai Nəqliyyat” Məqsədli Büdcə Fondunun hesabına deyil, əlavə olaraq müəyyən proqramlar əsasında dövlətin ayırdığı vəsait hesabına maliyyələşdirilməlidir.

Şəffaf mexanizm qurulmalıldır. Maliyyələşmənin hansı həcmdə aparılmalı olduğunu isə zaman göstərəcək. Hətta əminliklə deyə bilərəm ki, gələcəkdə subsisiyaların məbləği artırılacaq, çünki şərtlərə cavab verməyən avtobuslarla sərnişin daşıyan daşıyıcılar subsidiyalaşma mexanizmi işə düşən kimi yeni avtobuslar alacaqlar, nağdsız ödəniş sisteminə keçəcəklər ki, subsidiya əldə edib rahat və təhlükəsiz şəkildə sərnişindaşıma həyata keçirə bilsinlər. Bu mexanizm işə düşsə, Bakı və Abşeron aqlomerasiyasında, o cümlədən adı çəkilən digər şəhərlərdə sərnişindaşımada yeni xidmət keyfiyyəti səviyyəsi ortaya qoyula bilər. Hər halda düşünürəm ki, ictimai nəqliyyata ciddi təkan verəcək”.

Bizə qoşulun