Medianews.az
Bakıda bu evlər və obyektlər qəfil çökə bilər - Əvvəl çatlar yaranır -
101 baxış

Bakıda bu evlər və obyektlər qəfil çökə bilər - Əvvəl çatlar yaranır - AÇIQLAMA

Bakı şəhəri, Biləcəri qəsəbəsində fərdi yaşayış evinin bünövrəsi çöküb.

Milli.Az xəbər verir ki, hadisə Tomris məhəlləsində qeydə alınıb. Vətəndaşların iddialarına görə, mənzil magistral kanalizasiya kollektorunun üzərində tikilib. Bildiriblər ki, kollektorda deformasiya səbəbindən çirkab su torpaq qatına axıb. Bu da ərazinin çökməsi ilə nəticələnib.

Həmçinin xatırladaq ki, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə 27 yaşlı Cümşüd Cümşüdlü ərazidən keçərkən yolda çökmə baş verib və o kanalizasiya xəttinə düşüb, nəticədə həyatını itirmişdi.

Magistral kanalizasiya kollektorlarının üzərində yerləşən, yol, obyekt, bina və ya evlər nə dərəcədə təhlükəsizdir?

Məsələ ilə bağlı təhlükəsizlik eksperti Orxan Musayev Milli.Az-a açıqlamasında bildirib ki, magistral kanalizasiya kollektorları iri diametrli və illərdir torpağın altında fəaliyyət göstərən mühəndis qurğularıdır. Əgər bu qurğular layihə tələblərinə uyğun inşa olunub və mütəmadi texniki nəzarət altındadırsa, onların üzərində yolun, hətta yüngül tikililərin yerləşdirilməsi mümkündür. Lakin problem əsasən nəzarətin zəiflədiyi hallarda ortaya çıxır.

Ekspert qeyd edib ki, kollektorlar üçün əsas təhlükə üç səbəbdən qaynaqlanır. Onun sözlərinə görə, birinci risk amili köhnəlmədir. Belə ki, ölkədə mövcud olan bir çox kollektorlar 30-50 il əvvəl tikilib və zamanla beton, metal konstruksiyalar, eləcə də birləşmələr aşınmaya məruz qalır.

İkinci təhlükə sızma və torpağın yuyulması ilə bağlıdır.

Orxan Musayev qeyd edib ki, kollektorun divarlarında yaranan çatlar nəticəsində axıntılar torpağı tədricən yuyur, torpaq boşalır və üst qat zəifləyir. Nəticədə çökmə prosesi səssiz və mərhələli şəkildə başlayır, lakin son mərhələdə qəfil baş verə bilir.

Üçüncü risk faktoru isə normadan artıq yüklənmədir. Ekspert bildirib ki, layihədə nəzərdə tutulmayan ağır binaların, iri obyektlərin tikilməsi və intensiv ağır nəqliyyatın hərəkəti kollektor sistemləri üçün ciddi təhlükə yaradır:

"Məsələnin ən təhlükəli tərəfi qəfil çökmə hallarının baş verməsidir. Bu cür çökmələr çox vaxt əvvəlcədən ciddi əlamət vermədən, bir neçə saniyə ərzində baş verir".

Dünyada və regionda bu tip hadisələrin çoxsaylı nümunələrinin olduğunu vurğulayan ekspert bildirib ki, nəticədə yollar çökür, avtomobillər yerin altına düşür, binalarda çatlar yaranır və bu artıq texniki yox, birbaşa insan həyatı ilə bağlı təhlükədir. Təcrübədə çökmə zonasında yaşayan insanların həyatını itirdiyi hallar da qeydə alınıb:

"Bu cür hadisələrin baş verməsindən əvvəl bəzi xəbərdaredici əlamətlər müşahidə olunur. Bunlara yollarda və həyətlərdə çatların əmələ gəlməsi, asfalt və torpağın tədricən çökməsi, pis qoxunun və kanalizasiya səslərinin yaranması, eləcə də yağışdan sonra ərazidə qeyri-adi boşluqların və çuxurların meydana çıxması daxildir".

Onun sözlərinə görə, bu əlamətlər müşahidə edildiyi halda "keçər" yanaşması ilə davranmaq olmaz və dərhal aidiyyəti qurumlara məlumat verilməlidir. Çünki vaxtında görülən tədbirlər ağır fəsadların qarşısını almağa imkan verir.

Orxan Musayev vurğulayıb ki, ən böyük səhv kollektorların görünmədiyi üçün təhlükəsiz hesab edilməsidir. Onun fikrincə, yeraltı infrastruktura nəzarət yerüstü obyektlər qədər, hətta onlardan daha vacibdir. Kollektorların üzərində salınan hər bir yol və tikilən hər bir bina ciddi məsuliyyət tələb edir və bu məsuliyyət layihəçilərin, icraçıların və nəzarət edən qurumların üzərinə düşür:

"Vaxtında və düzgün şəkildə aparılan texniki baxışlar, monitorinq və nəzarət tədbirləri riskləri idarəolunan səviyyədə saxlamağa imkan verir. Əks halda isə bu cür halların ağır nəticələrə səbəb ola biləcəyi qaçılmazdır".

Bizə qoşulun