Medianews.az
Tək yaşayan pensiyaçılara ŞAD XƏBƏR:
197 baxış

Tək yaşayan pensiyaçılara ŞAD XƏBƏR: Kommunal güzəştlər oluna, maliyyə yardımı edilə bilər...

Minimum pensiya alan və tək yaşayan şəxslərin artan kommunal xərclər qarşısında çətin vəziyyətə düşməsi cəmiyyətdə sosial dəstək mexanizmlərinin yenidən gündəmə gəlməsinə səbəb olub. Xüsusilə, ahıl yaş dövründə tək yaşayan insanların rifahının qorunması məqsədilə ayrıca kommunal güzəşt paketinin tətbiqinin mümkünlüyü müzakirə olunur. Maraqlıdır, minimum pensiya alan və tək yaşayan şəxslər üçün ayrıca kommunal güzəşt paketi nəzərdə tutula bilərmi?

Medianews.az xəbər verir ki, bu barədə KONKRET.az-a açıqlama verən iqtisadçı Rəşad Həsənov qeyd edib ki, bir sıra ölkələrdə ahıl yaş dövründə tək yaşayan şəxslərin rifahının qorunması məqsədilə müxtəlif sosial mexanizmlər mövcuddur. Onun sözlərinə görə, tək yaşayan şəxslərin xərcləri ailə üzvlərinin sayı çox olan təsərrüfatlarla müqayisədə adambaşına düşən yük baxımından daha yüksək olur.

“Aylıq xərclər əsasən sabit və dəyişən olmaqla iki hissədən ibarətdir. Dəyişən xərclər ailə üzvlərinin sayından asılı olsa da, sabit xərclər – kommunal ödənişlər, kirayə və digər məcburi öhdəliklər – ailə tərkibindən asılı olmur. Bu səbəbdən tək yaşayan şəxslərin, xüsusilə də minimum pensiya alanların maliyyə riski ilə üzləşmə ehtimalı daha yüksəkdir”.

R.Həsənovun sözlərinə görə, Azərbaycanda da bəzi hallarda tək yaşayan şəxslərin kredit qaytarma qabiliyyəti və ya kirayə mənzil bazarında aylıq xərcləri daha yüksək qiymətləndirilir. Bu isə onların sosial baxımdan daha həssas qrup olduğunu göstərir.

“Minimum pensiyanın hazırkı səviyyəsi ehtiyac meyarına yaxın olsa da, əlavə gəlir mənbəyi olmayan tək yaşayan şəxslər üçün bu məbləğ kifayət etmir. Kommunal xidmətlərdə güzəştlərin tətbiqi, birbaşa maliyyə yardımları və ya natura formasında dəstək mexanizmləri bu sosial qrupun rifahının ən azı minimum səviyyədə saxlanılmasına töhfə verə bilər”.

Bununla belə, iqtisadçı qeyd edib ki, hazırda Azərbaycanda minimum pensiya alan və tək yaşayan şəxslər üçün ayrıca kommunal güzəşt paketi ilə bağlı müzakirələrin aparılması barədə məlumat yoxdur. Dövlətin mövcud sosial siyasət mesajlarına əsasən, ən azı orta müddətli dövrdə bu istiqamətdə yeni dəstək mexanizmlərinin yaradılması gözlənilmir.

Bizə qoşulun