Medianews.az
Seysmik fəallıq: Azərbaycanda güclü zəlzələ ehtimalı nə dərəcədə realdır?
1,846 baxış

Seysmik fəallıq: Azərbaycanda güclü zəlzələ ehtimalı nə dərəcədə realdır?

Azərbaycan seysmik baxımdan fəal bölgələrdən biridir və vaxtaşırı müxtəlif yeraltı təkanlar qeydə alınır. Elm adamları zəlzələnin dəqiq vaxtını proqnozlaşdıra bilməsələr də, riskin mövcud olduğunu vurğulayırlar. Buna görə də təhlükəsizlik qaydalarına əməl etmək və maarifləndirməni artırmaq mühüm əhəmiyyət daşıyır. Bəs yaxın vaxtlarda Azərbaycanda güclü zəlzələ baş verə bilərmi?

Mövzu ilə bağlı Medianews.az-a açıqlamasında Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun Seysmologiya və Seysmik Təhlükənin Qiymətləndirilməsi şöbəsinin müdiri, elmlər doktoru, dosent Qulam Babayev bildirdi ki, regionun seymik fəallığında Azərbaycan sabit və yaxud kənarda qala bilməz. Fizika qanunlarına uyğun olaraq Azərbaycanda da hərəkət dinamikası mövcud olmalıdır.

Ekspertin sözlərinə görə, Türkiyə və İrandan fərqli olaraq Azərbaycanda yerdəyişmə prosesləri və dərinlikdə baş verən proseslər o qədər intensiv deyil:

“Güclü və dağıdıcı zəlzələlərin baş verməsi ehtimalı aşağıdır. Azərbaycanda dağıdıcı zəlzələnin baş verəcəyini düşünmürəm. Digər ölkələrdə yerdəyişmənin sürəti Azərbaycandan daha yüksəkdir. Azərbaycanda yerdəyişmə sürəti digər ölkələrlə müqayisədə elə də intensiv deyil. Lakin hiss olunacaq zəlzələlər istisna deyil”.

Qulam Babayev vurğulayıb ki, hiss olunan zəlzələlər adətən 3.5–5 maqnituda arasında olur:

“Burada dərinlik də böyük rol oynayır. Məsələn, əgər 50–60 km dərinlikdə 5.5 maqnitudalı zəlzələ baş verirsə, səthdə onun təsiri zəifləyə bilər, çünki seysmik dalğaların udulma əmsalı var. Səthə yaxın, 8–10 km dərinlikdə 3.4 maqnitudalı zəlzələ baş verərsə, bu artıq hiss olunacaq və hətta bir qədər vahiməli ola bilər. Amma güclü və dağıdıcı zəlzələlərin Azərbaycanda baş verməsi istisnadır və gözlənilən deyil”.

Oğuz Ayvaz,
Medianews.az

Bizə qoşulun