Medianews.az
Qəzetlər tarix olur? -
343 baxış

Qəzetlər tarix olur? - Çap mediası ilə bağlı müzakirələr başlayıb

Azərbaycan Mətbuat Şurasının sədri, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin qəzetlərlə bağlı dediyi fikirlər media camiyəsində müzakirə mövzusuna çevrilib. O bildirib ki, çap mətbuatının davam gətirməsi mümkünsüzdür. Onun sözlərinə görə, dövlət yazılı mətbuatın yaşaması üçün uzun illərlə dəstək olub və bunun hesabına qəzetlər fəaliyyət göstərir:

"Qəzetlərin gəlir yeri reklamlardır, bu isə yoxdur. Qəzet satışı sıfırlanıb, yeni nəsil qəzet oxumur, bəziləri isə heç onun nə olduğunu bilmir. Təəssüf ki, Azərbaycanda yazılı mətbuat son günlərini yaşayır. Mən düşünmürəm ki, onu xilas etmək mümkündür. Çünki dünya tamamilə dəyişib, yeni nəslin qəzet yaddaşı yoxdur. Yalnız köhnə nəslin nümayəndələrindən bəziləri qəzet oxuyur."

Rəşad Məcidin çap mətbuatının gələcəyi ilə bağlı irəli sürdüyü fikirlər - onun davam gətirməsinin mümkünsüzlüyü, satışın sıfırlanması, yeni nəslin qəzet yaddaşının olmaması və yazılı mətbuatın son günlərini yaşaması - bir növ qlobal reallığın Azərbaycanda da inikasıdır. O, bu vəziyyəti obyektiv amillərlə əlaqələndirir və xilasın mümkün olmadığını bildirir.

Ümumiyyətlə, bu sahə necə tənzimlənməlidir? Ölkə olaraq çap mediadan imtina etməliyikmi? Qəzet yalnız arxiv üçünmü lazımdır? Qeyd edək ki, çap olunan qəzetin hər tirajından lazım olan sayda arxiv, kitabxana, hüquq-mühafizə və s. qurumlara gedir. Prezidentin Kitabxanası bu mənada xüsusilə seçilir. Bu platformada qəzetlərdən və saytlardan yazıların yığılıb arxivləndiyinin də şahidi olmuşuq.

Beynəlxalq təcrübə isə həm problemləri, həm də çıxış yollarını göstərir. Qeyd edək ki, çap mediasından tam imtina etmək Qərb ölkələrində də qəbul edilən bir yanaşma deyil. Əksinə, bir çox inkişaf etmiş dövlət onu demokratik dəyəri, peşəkar kadr məktəbi və ictimai institut kimi qoruyur. Tənzimlənmə birbaşa məzmun üzərində deyil, əsasən iqtisadi dayanıqlılıq üzərində qurulmalıdır.

CROSSMEDIA - Akif Aşırlı: "Əkinçi " dən başladıq, indi isə robort  jurnalistika mərhələsinə qədəm qoyuruq"

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı Oxu.Az-a açıqlamasında deyib ki, "Çap mediası dövrü bitdi" deyib tələsməməliyik, bütün dünyada qəzetlər nəşr olunur, yaşayır, hətta tirajları da artır:

"Statistikalara baxmaq lazımdır. Biz tarixən sel gəlməmiş çırmanmanı sevirik, elə bilirik ki, dağıtmaqla nəyisə yenidən qururuq. Tutaq ki, qəzet çapı üçün ayrılan vəsaitə qənaət edilir, deyək ki, bununla xeyir veririk. Bilirsiniz, ölkədə qəzet çapına ayrılan vəsait nə qədərdir? Bakı şəhərində 10-15 kilometr yol təmirinə ayrılan vəsait qəzetlərin bir illik büdcəsi deməkdir.

İkinci tərəfdən, biz qəzetlərə təkcə arxiv və tarixi yaddaş kimi baxmamalıyıq. Qəzetlər media institutunun vacib, əhəmiyyətli bir qoludur, jurnalistikamızın altyapısıdır. Bu bünövrəni uçursaq, gələcəkdə yaradıcılıq baxımından böyük risklərlə üz-üzə qalacağıq. Onsuz da Azərbaycanda qəzetlərin sayı o qədər də çox deyil - gündəlik 6, həftəlik 11 qəzet fəaliyyət göstərir. Qəzetlərin alınmamasının başlıca səbəbləri bu sahədə islahatların aparılmaması ilə bağlıdır. Yayım şəbəkələri dağıdılıb, rayonlara qəzet getmir. Belə vəziyyətdə qəzetlərin özlərinə yayım şəbəkələrinin qurulmasına şərait yaradılmalı olduğu halda bu imkanlar məhdudlaşdırıldı.

Bakının əhalinin gur olan yerlərində, keçidlərdə, rayonlarda köhnə qəzet köşklərinin satış yerləri müəyyənləşdirilməli, tender elan olunmalı, redaksiyalara öz məhsulunu satmaq imkanları yaradılmalı idi. Təəssüf ki, bu baş vermədi.

Bəzən isə deyirlər ki, saytlar, onlayn resurslar oxu baxımından qəzetləri arxada buraxıb. Araşdırma aparsaq, görərik ki, bu məsələdə də obyektivlik yoxdur. "Nə qədər oxucu informasiyanı birbaşa saytlardan alır?" sualına əvvəl cavab verilməlidir. Bu resursların əksəriyyəti sosial media şəbəkələri üzərindən izlənilir. Qəzetlər də yazıları eynən saytlar, onlayn informasiya resursları vasitəsilə yayır. Hələ üstəlik, onlayn rejimdə fəaliyyət göstərən sayt vasitəsilə bu işi görürük.

Qəzet redaksiyalarının gün ərzində fəaliyyəti iki istiqamətdə olur. Bizim səthi araşdırmamıza görə, ölkədə xəbər istehsalı və müstəqil yaradıcılıqla məşğul olan saytların sayı 15-i keçmir. Amma 40-a yaxın sayta dövlət yardım edir. Əgər söhbət rentabellikdən, ictimai rəyə təsir imkanlarından gedirsə, onda dövlətin dəstəyinə arxalanan bütün media strukturlarına eyni münasibət göstərilsin.

Kimin nə mövqe sərgiləməsindən asılı olmayaraq, çap mətbuatı yaşayacaq. O ki qaldı süni zəkadan, "ÇatGPT"dən yararlanmaq məsələsinə, araşdırılsa aydın olar ki, ən aparıcı media strukturu hesab olunanların ortaya qoyduqları süni intellekt məhsuludur, çap mətbuatında isə bu yoxdur".

Azərbaycan mediasının fədakar əsgəri - <span style=color:red>Ələsgər  Süleymanov 53 - Medianews.az

"Yeni Müsavat" Media Qrupunun baş direktoru Ələsgər Süleymanov Oxu.Az-a açıqlamasında isə qəzetləri yaşatmağın mümkün olduğunu bildirir:

"Qəzetlərin yaşamasında müəyyən problemlər mövcuddur. Bunun obyektiv və subyektiv səbəbləri var. Subyektiv səbəblər daha çoxdur. Xüsusilə qəzetlərin yayımı və abunəsi ilə bağlı heç bir iş görülmür. Qəzet köşkləri şəhərin mərkəzi hissələrindən götürüldü, əldə yayıma qadağalar qoyuldu. Səyyar satış qadağan olundu. Bunlar da son nəticədə qəzetlərin tirajını o səviyyəyə çatdırdı ki, artıq çap mediası iflas durumundadır. Yayım firmaları demək olar ki, artıq yoxdur. Mövcud olan 2-3 firma isə öhdəliklərini yerinə yetirə bilmir. Çünki tirajlar o qədər azdır ki, qəzetin məntəqələrə çatdırılması rentabelli deyil.

Qəzetlərin bir çoxları artıq bağlanıb, az sayda qəzet qalıb. Bunu yoluna qoymaq mümkündürmü? Əlbəttə mümkündür. Buna istək lazımdır. Qəzet yayımını normal təşkil etməli və abunəlik sistemi yaradılmalıdır. Müvafiq təşkilatlar abunə edilməlidir. Bununla bağlı təkliflərimi hazırlayıb müvafiq orqanlara təqdim etmişəm. Müzakirə edilir, amma əməli iş yoxdur.

Statistikadan göründüyü kimi, dünyada heç bir ölkə hələlik print mediadan imtina etməyib və çap media sıradan çıxarılmayıb. Düzdür, elektron və sosial media sürətlə irəliləyir. Amma buna baxmayaraq, print media yaşayır, daha doğrusu yaşadılır. Bu sənəddir, salnamədir. Hər gün yüz minlərlə sənəd çap olunaraq arxivlərdə saxlanılır. Sosial media və ya elektron media günlərin bir günü yox ola bilər, bütün izi də itirmək mümkündür. Amma çap mediası arxivlərdə on illərlə qalır və gələcək nəsillər lazım olan araşdırmalarda məlumatları həmin arxivlərdən tapa bilər".

Onun sözlərinə görə, Azərbaycanda reklam bazarı heç vaxt normal olmayıb: "Reklam barədə heç vaxt ürəkaçan söz eşitməmişəm. Qəzetlər üçün reklam bazarı demək olar ki, həmişə bərbad, problemli olub. Bu gün də reklam problemi öz aktuallığını saxlayır.

Qəzetlərin PDF variantının satılması məsələsi zaman-zaman gündəmdə olub. Xeyli əvvəl bir neçə redaksiya bununla bağlı təşəbbüslə çıxış etmişdi. "Ayna-Zerkalo" redaksiyası qəzetlərin PDF variantlarının satılması nəzərdə tutulmuşdu. Amma bu baş tutmadı. Son illər Medianın İnkişafı Agentliyi bununla məşğul oldu, belə bir platforma yaratdı. Amma görünən odur ki, bunun da effekti yoxdur. Yəni Azərbaycanda bu versiya işləmir. Kartla ödəniş qaydaları hələ yeni-yeni Azərbaycanda oturuşmağa başlayıb. Buna qədər isə sosial media gəlib o bazarı da qəzetlərin əlindən aldı.

Burada əməli addımlar olmalıdır ki, qəzet oxuma ənənəsi yaddaşlara qayıtsın. Qəzeti kağızdan oxumaq ənənəsi təşkil olunmalıdır. Məsələn, istənilən rayonda şagird kitabxanaya gedib qəzetlərin nüsxələrini vərəqləmək imkanına sahib olmalıdır. Və yaxud səhiyyə təşkilatlarında və digər qurumlarda qəzetlərin nüsxələri olmalıdır. Gündəlik qəzetlər hər gün həmin qurumlara çatdırılmalıdır. Bu da abunə yolu ilə olmalıdır. Bu, həm də qəzet oxuma ənənəsini geri qaytarar.

Məktəblərdə qəzetlər olarsa, uşaqlar da qəzetləri görər, vərəqləyər və s. Beləliklə, telefondan başını qaldırıb qəzetlərlə də tanış ola bilərlər, bir oxu mədəniyyəti də formalaşar. Bu bir növ inzibati olmasa, bu sahə düzəlməyəcək, getdikcə daha da pisləşəcək. Həmçinin qəzetlərə müəyyən azadlıq verilməlidir ki, normal qaydada sosial problemləri tənqid edə bilsin, qurumların fəaliyyətinə işıq salsın. Oxucu da axtardığını orada görüb, qəzetə pul verib oxusun".

Bizə qoşulun