Medianews.az
Putin Rusiyanı Çinin vassalına çevirib
439 baxış

Putin Rusiyanı Çinin vassalına çevirib

Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı cinayətkarcasına müharibəsi ilə ölkəsini Çinin gerçək vassalına çevirib. Əgər Rusiya dövlət başçısı Çinin həqiqi casusu olsaydı, Moskvanı Pekindən bu qədər asılı sala bilməzdi.

Rusiya ötən il Çinə təbii qazı Avropa və Türkiyəyə satdığından 29 faiz ucuz satıb. Lakin rəsmi Pekin buna qane olmayaraq vassalından qazın qiymətini daha da aşağı salmağı tələb edib. Çinə etiraz etməyə heç bir gücü qalmayan Rusiya da dərhal ağasının sözünə əməl edib. Bu il Rusiya Çinə qazı 38.1 faiz endirimlə satır. Rusiya Türkiyəyə qazın 1000 kubmetrini 401.9 dollara satdığı halda, Çinə 248.7 dollara satır.

Rusiya İqtisadi İnkişaf Nazirliyinin baza proqnozuna əsasən qarşıdakı üç ildə Türkiyə və Avropa ölkələrinə ixrac üçün qazın orta qiyməti 1000 kubmetr üçün 356.7 dollar təşkil edəcəyi halda, Çin üçün növbəti üç ildə qiymət 243.6 dollar təşkil edəcək.

Baza proqnozunda əksini tapan bu rəqəmin dəyişib-dəyişməyəcəyi Pekinin mövqeyindən asılıdır. Əgər 243.6 dollar Çini qane etməsə, Rusiya qiyməti bir qədər də aşağı salacaq.

Rusiya Çinə “Sibirin gücü” kəməri ilə 30 ildə bir trilyon kubmetr qaz ixrac etməyi planlaşdırır. Hazırkı qiymətlərin qalacağı halda Rusiyanın itkisi 110 milyard dollardan çox təşkil edəcək.

Çinin sosial şəbəkələrində iki ildən çoxdur ki, Rusiyanın “zəif qaz” adlandırılması da Rusiya cəmiyyətində özünə hörmət hissini oyada bilməyib. Dünyada bu qədər özünə hörmət qoymayan ikinci bir toplum yoxdur.

Ağlı başında olan hər kəs aydın görür ki, Çin liderləri dahi Den Syaopinin “Gücünüzü gizlədin. Vaxt qazanmağa çalışın” düsturuna əməl edərək uzun illər Rusiyanı bərabərhüquqlu etibarlı tərəfdaş olduğuna inandıraraq özündən tam asılı salıb.

İndi isə həmin etibarlı tərəfdaş Rusiyanın maliyyə dəstəyinə ehtiyacı olduğu bir vaxtda neft və qazı böyük endirimlə alaraq Moskvanın boğazındakı kəndiri daha da daraldır, onun nəfəs almasını da özündən asılı salır. Çin yeni dünya düzəni ilə bağlı ABŞ-la razılığa gəldiyi gün Rusiyanın boğazındakı kəndiri çəkərək onu boğub nəfəsini üzəcək.

Xaqani Cəfərli,
politoloq

Bizə qoşulun