Postmüharibə dövrü döyüşlərin qazandırdığı problemlərlə gündəmdə olur. Müasir müharibə iştirakçıları döyüş yolundan və onun çətinliyindən asılı olaraq psixoloji sağlamlıq problemləri yaşayırlar. Real itkilərlə yanaşı psixoloji itkilər də qaçılmazdır. Psixoloji itkilər gələcəkdə bir çox fəsadlara yol aça bilir ki, bu da veteranın həm özünün, həm də ətrafının müəyyən çətinliklər yaşamasına səbəb olur. Müasir ordu sənayesi silahları öldürməkdən çox, ömürlük şikəst etmə qabiliyyətinə hesablayır. Hər iki tərəf rəqibinin döyüşçüsünü öldürməkdən daha çox illər boyu süründürəcək yara vurmağa və yaxud əlil etməyə meyillənir. Burada dövlətə dəyən maddi ziyanı da nəzərə almaq lazımdır. Əlillərin reabilitasiyası, mütəmadi həkim nəzarəti, tibbi preparatlar, əlillik, fiziki məhdudiyyətli şəxslərə göstərilən qayğı - hər biri müəyyən maddi resurslar tələb edir. Həmçinin əlillərin yaşadıqları çətinliklər və sarsıntılar tək ailələri deyil, cəmiyyətə də psixoloji təsir göstərir.
Postmüharibə dövründə veteranlar əsasən depressiya, narahatlıq və maddə asılılığı da daxil olmaqla müxtəlif psixoloji qeyri-adekvat vəziyyətlərə həssaslıq nümayiş etdirirlər. Bu həssaslıq döyüş stress reaksiyasına (DSR) aid edilir. Özünü uzunmüddətli döyüş əməliyyatlarında iştirak etmiş şəxslərdə daha qabarıq göstərir.
Amerika psixoloqları İkinci Dünya müharibəsi zamanı müəyyən etmişlər ki, cəbhə xəttində bir əsgər üçün qırılma nöqtəsi döyüşün intensivliyindən və tezliyindən asılı olaraq 60 günlə 240 gün arasındadır. Qırılma nöqtəsi nədir?
Hərbçilərdə buna uzunmüddətli stress halında psixoloji təslimiyyət halı demək olar. (Anlaşılması üçün deyə bilərik ki, psixoloji təslimiyyət halı - apatiya, dissosiativ reaksiya, aşılanmış çarəsizlik və başqa bu kimi elmi terminlərə yaxın anlayışdır.) Belə ki, insan psixologiyası stress, təzyiq və ya mənfi təcrübənin birləşməsindən qaynaqlanan ağır psixi yüklənmələr zamanı “gücü çatmayanı” qəbul etmir.
Orduda məşhur olan “ayıq ol, sağ qal” yanaşması hərbçini fasiləsiz stress altında saxlaya bilir. Eyni zamanda bu, hərbçinin daima təhdid altında olmasından xəbər verir. Döyüş zamanı isə bu yanaşmanın “ayıq ol” hissəsi qüvvədən düşür. Raket artilleriya silahlarının, kütləvi qırğın silahlarının, pilotsuz uçuş aparatlarının, aviasiya bombardmanının intensivliyi döyüşün şiddətini artırır. Belə olduqda, inkişaf etmiş ölkələrin orduları da daxil olmaqla bütün döyüş əməliyyatlarına cəlb edilmiş heyətdə psixoloji itkilərin olması təbii haldır. Lakin bu itkilər statistik olaraq döyüş növündən və düşmən qüvvələrdən asılı olaraq dəyişə bilir.
Psixoloji itkilərə təsir edən əsas amillər aşağıdakılardır:
- əsgərin təchizatı (qoruyucu gödəkcə, dəbilqə, fərdi təminatı, silahı)
- peşəkarlıq səviyyəsi,
- döyüş apardığı silah-texnika cəhətdən,
- döyüşə psixi və fiziki hazırlığı,
- döyüşün növü (hücum, müdafiə)
- döyüşün şəraiti (baş verdiyi coğrafiya, relyef)
- fərdin şəxsi keyfiyyətləri (temperamenti, psixotipi, dünyagörüşü və s.)
Psixoloji itkilər dedikdə, ilkin olaraq döyüş zamanı açıq yara almayan, qorxu, təşviş, həyəcan keçirən şəxsi heyət nəzərdə tutulur. Bir çox halda müharibə bitdikdən sonra təsiri uzun müddət davam edə bilir. Beynəlxalq standartlarda Post Travmatik Stress Pozuntusu (PSTP) adlanır. PSTP müxtəlif müharibələrdə fərqli faizlərlə ifadə olunur. Belə ki, ABŞ ordusunun İraq və Əfqanıstana yerləşdirilən qoşunları arasında yüksək PSTP halları yaşanmışdır. Tədqiqatlar göstərdi ki, bu münaqişələrdən qayıdan veteranların təxminən 20 faizi müharibədən sonra dərin psixoloji sarsıntılar yaşamış, psixi pozuntularla üzləşmiş, depressiya və psixotrop maddə aludəçisi olmuşdur.
Kolumbiya Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin tədqiqatçıları tərəfindən aparılan yeni araşdırma 2004-cü ildə İraqda döyüş bölmələrində xidmət edən əsgərlərin və dəniz piyadalarının təxminən 16 faizinin böyük depressiya və narahatlıqdan əziyyət çəkdiyini göstərib.
1990-cı ildə keçirilən sorğuda belə nəticəyə gəlinib ki, Vyetnamda xidmət edənlərin demək olar üçdə biri (30,9 faiz) evə PSTP ilə gəlib və onların 15 faizi hələ də bu xəstəlikdən əziyyət çəkir.
2001-ci ildən bəri İraq və Əfqanıstanda yerləşdirilən təxminən iki milyon Amerika əsgərinə təsir edən əsas psixoloji problemlərdən bəziləri travmatik beyin zədəsi (TBZ), depressiya və travma sonrası stress pozğunluğu (TSSB) olub.
Araşdırma aparılan qrupun üzvləri pusqu, qəfil basqın kimi yerli xalqa məxsus taktiki döyüş üsullarından xüsusi narahatlıq hiss etdiklərini və bunun bir kabusa çevrildiyini etiraf ediblər.
Onu da qeyd edək ki, cəmiyyətin həssas qrupu sayılan bu insanlar daim özlərinə qarşı yüksək diqqət tələb edir, qayğı gözləyirlər.
Döyüş meydanında uzun müddət davamiyyəti saxlamaq üçün Britaniya ordusu modelindən istifadə etmək lazımdır. Həmin modeldə əsgərlər hər 12-14 gün sonra 4 günlük istirahət üçün döyüş tapşırıqlarından uzaqlaşdırılır. Bu metod əsgərin döyüş meydanında uzunmüddətli dayanmasını təmin etsə də, PTSP faktoruna təsir edə bilmirdi (əsgərin döyüş meydanında uzun müddət saxlanılması onu PTSP-dan sığortalamır). Partlayış, dəhşətli ölüm səhnələri, insan orqanının parçalanması, yaxın silahdaşının ölümü kifayət qədər sarsıdıcı təsirə malikdir.
Daha bir faktı isə Rusiya-Ukrayna müharibəsindən nümunə gətirmək olar. Müharibənin gedişində aparılan sorğular nəticəsində məlum olub ki, Ukrayna əhalisi arasında ciddi psixoloji sarsıntı halları baş verib. Müharibə gedən yaşayış məntəqələrində əhalinin 68 faizində xəstəliklər meydana gəlib və yaxud mövcud xəstəliklər inkişaf edib. Onların arasında psixiatrik xəstəliklər daha çox yer tutur.
Araşdırmalara görə, Ukrayna Silahlı Qüvvələrindəki intiharlar bütün ölüm hallarının əhəmiyyətli hissəsini - 18-50 faizə qədərini təşkil edib. Bu, çağırışçıların ordu həyatına uyğunlaşma çətinlikləri, həddindən artıq stress və kifayət qədər psixoloji dəstəyin olmaması ilə bağlıdır.
Aparılan araşdırma nəticəsində məlum olub ki, Ukrayna ordusunda intihar edənlərin orta yaşı 19,9 yaş olub. Suisidentlərin əksəriyyəti xəstəxanaya yerləşdirilməsini tələb edib. Bu gün Ukrayna ordusu intiharların sayına görə ilk onluqda yer alır.
Ölkəmizə gəlштсэ, Birinci və İkinci Qarabağ müharibələrinə diqqət yetirək. Birinci dövr daha çox ağrı-acılı hadisələrlə yadda qalıb. Əvvəla, 1990-cı illərdə “psixoloji travma” və “psixoloji dəstək” anlayışları Azərbaycanda yalnız bir ovuc mütəxəssisə məlum idi. İkincisi, psixologiyaya vaxt yox idi - bütün səylər müharibə qasırğası ilə parçalanmış Sovet İttifaqının xarabalıqlarında fiziki sağ qalmağa yönəlmişdi. Rusiyada 1990-cı illəri adətən “vəhşi doxsanıncı illər” adlandırırlar. Azərbaycanda bu ifadə keçərli deyil. Biz onu sadəcə rəmzi olaraq “məyusluq onilliyi” adlandıra bilərik.
2020-ci ilin Vətən müharibəsində aktiv döyüşlər 44 gün ərzində baş verdi. Bu, bir əsgərin istirahətsiz döyüş aparma gücündə olduğu normal müddətdir. İkinci Qarabağ müharibəsindən sonra az da olsa psixoloji itkilərə rast gəlmək mümkündür. Ölkəmizdə bu sahədəki rəqəmlərə “Yaşat” Fondunun hesabat sənədlərində rast gəlmək mümkündür.
Azərbaycan Ordusunda döyüşçülər arasında barotravma halları (barotravma ətrafda yaranan qaz və hidro təzyiqin kəskin fərqi nəticəsində hüceyrələrin fiziki zədələnməsi prosesidir), qapalı kəllə-beyin travması, qəlpə təsiri ilə yaralanma (həlak olma) geniş yayılmışdır. Barotravma diaqnozu əsasən artilleriya mərmilərinin partlaması zamanı yüksək təzyiqin ağciyərlərin, qulağın, orta qulağın və beyindaxili hava boşluqlarının fiziki zədələnməsi ilə nəticələnirdi. Postmüharibə dövründə veteranlar arasında aparılan araşdırmalara əsasən iştirakçıların yaddaşında qalan müharibə səhnələri əsasən artilleriya və ya minomyot mərmilərinin partlaması, həlak olan yoldaşlarına görə günahkarlıq, sağ qaldıqları üçün özünüqınama kimi depressiv hisslər müharibədən 5 il keçməsinə baxmayaraq hələ də aktualdır. (Yəqin ki, emosional, əqli və fiziki problemlər, qəfil parıltı, ildırım çaxması, foto çəkiliş zamanı flaşın parıltısı və s. kimi hallarda döyüşçülərin reaksiyalarını xatırlayırsız).
Təəssüflər olsun ki, hər iki dövrdə də bu sahədə elmi tədqiqatlar aparılmamışdır.
Belə halların az-az baş verməsinə baxmayaraq, əlimizdə olan məhdud məlumatlar günümüzdə bu sahənin dərindən araşdırılmasına və əsaslı öyrənilməsinə ehtiyac olduğunu göstərir.
Amil Məhərrəmoğlu
