Hakimiyyəti zorla ələ keçirmə cəhdi, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma ittihamları ilə ev dustaqlığına alınan Ramiz Mehdiyev haqda şərhlərdə “beşinci kolon” ifadəsinə tez-tez rast gəlmək olur. Rusiya ilə gizli əlaqədə suçlanan Mehdiyev “beşinci kolon”un təmsilçisi kimi xarakterizə edilir.
Bəs “beşinci kolon” nədir?
Medianews.az bu suala Ramiz Mehdiyevin 2014-cü ilin dekabrında “İkili standartların dünya nizamı və müasir Azərbaycan” adlı məqaləsindən bir parçanı iqtibas gətirməklə cavab verir.
Həmin məqalədə Ramiz Mehdiyev yazır: “Müxtəlif ölkələrdə “beşinci kolon” fərqli ola bilər. Təcrübə göstərir ki, müvafiq ekspertlər konkret ölkədəki vəziyyəti hərtərəfli öyrənir və çoxsaylı amillərdən asılı olaraq əhalinin bu və ya digər qruplarından “beşinci kolon” formalaşdırmaq üçün həmin qrupları seçirlər.
Məlumdur ki, bu anlayış ilk dəfə keçən əsrin 30-cu illərinin ortalarında Madridə hücum edən frankistlər tərəfindən işlədilib. Həmin dövrdə general Frankonun ordusu Madrid üzərinə dörd kolonla hücum edirdi, beşinci kolon dedikdə isə, onun arxa cəbhədə işləyən agentlərinin və təxribatçılarının pozucu fəaliyyəti başa düşülürdü. Sonrakı illərdə bu terminin mənası xeyli dəyişib.
Bu gün “beşinci kolon” anlayışının interpretasiyaları çoxdur - ölkə daxilində agentura şəbəkəsindən başlamış, digər dövlətlərin mənafelərini təmin edən, yığcam şəkildə yaşayan etnik və dini qruplara qədər. Tarixçilər bu söz birləşməsindən düşmən ölkələrin pozucu agenturasını göstərmək üçün istifadə edirlər. Çox vaxt bu termin kollaborasionizmə, yəni düşmənin mənafeyi üçün, öz dövlətinin ziyanına düşmənlə şüurlu, könüllü və bilərəkdən əməkdaşlığa bərabər tutulur. Beləliklə, “beşinci kolon” birbaşa və ya dolayısı ilə xarici hökumətlər üçün işləyən və fəaliyyəti öz ölkəsinin milli maraqlarına müxtəlif üsullar və metodlarla ziyan vurmaq məqsədi güdən ayrı-ayrı insanlar, yaxud insan qrupları, təşkilatlar və hərəkatlardır”.
1938-ci il təvəllüdlü Ramiz Mehdiyev fəlsəfə elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür. Sovet dövrünün 1970-1980-ci illərində Azərbaycanın komsomol və partiya təşkilatlarında məsul vəzifələr tutub, o cümlədən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri, katibi olub. 1994-cü ildən Prezidentin İcra Aparatının ümumi şöbəsinə müdirlik edib, 1995-ci ildən 2019-cu il oktyabrın 23-dək Prezident Administrasiyasının (2009-cu ilədək Prezidentin İcra Aparatı adlanıb) rəhbəri, 2019-cu il oktyabrın 23-dən 2022-ci il fevralın 19-dək Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub.
Ramiz Mehdiyevin cinayətlərdə ittiham edildiyi xəbəri 2025-ci il oktyabrın 14-də yayılıb. İstintaqı Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı, Ramiz Mehdiyev barəsində Səbail Rayon Məhkəməsinin 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçdiyi bəyan olunub.