Medianews.az
Azərbaycanda süni intellekt haqqında qanuna ehtiyac varmı?
1,238 baxış

Azərbaycanda süni intellekt haqqında qanuna ehtiyac varmı?

Azərbaycanın hazırkı qanunvericilik bazası süni intellektlə bağlı məsələlərin də tənzimlənməsi baxımından kifayət edirmi? Yoxsa Avropa İttifaqı və bəzi dövlətlər kimi, Azərbaycanda da süni intellekt haqqında ayrıca qanunun qəbul edilməsinə ehtiyac var? Ehtiyac varsa, onda həmin qanun ilk növbədə hansı məsələləri əhatə etməlidir?

Mövzu ilə bağlı Medianews.az-a açıqlamasında Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov bildirib ki, Azərbaycanın mövcud qanunvericiliyi süni intellektin tətbiqi ilə bağlı bəzi məsələləri dolayı yolla tənzimləsə də, ayrıca süni intellekt qanununun qəbul edilməsi zəruridir: “Çünki süni intellektin sürətli inkişafı həm etik, həm də hüquqi müstəvidə yeni risklər yaradır. Bu qanun ilk növbədə şəffaflıq, hesabatlılıq, məlumatların məxfiliyi, kibertəhlükəsizlik standartları və etik prinsipləri əhatə etməlidir. Eyni zamanda səhiyyə, nəqliyyat, hüquq mühafizə kimi kritik sahələrdə süni intellektin tətbiqi zamanı məsuliyyət bölgüsü və risklərin idarə olunması tənzimlənməlidir. Qanun startapların və özəl sektorun Aİ texnologiyalarını inkişaf etdirməsinə hüquqi təminatlar verərək innovasiyaları da təşviq etməlidir.

Prezident İlham Əliyevin 2025-ci il martın 19-da təsdiqlədiyi “2025-2028-ci illər üçün süni intellekt strategiyası”nda bu istiqamətlər prioritet kimi müəyyən olunub. Beləliklə, süni intellekt haqqında ayrıca qanun həm etik prinsiplərə əsaslanan idarəetməni, həm də texnologiyanın dayanıqlı inkişafını təmin edə bilər”.

Qeyd edək ki, “2025-2028-ci illər üçün süni intellekt strategiyası”nda süni intellektin inkişafını dəstəkləyən qanunvericilik bazasının yaradılması – süni intellektin tədqiqi və tətbiqi üçün əlverişli hüquqi mühitin formalaşdırılması və mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi; ölkə qanunvericiliyində süni intellektin əsaslarının və normalarının işlənilməsi və süni intellektdən istifadə üçün etik prinsiplər və qaydaların formalaşdırılması məsələləri də əksini tapıb.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun