Yeni tədqiqatın nəticələri Z nəslinin (zumerlərin) sosial və psixoloji baxımdan ən çətin vəziyyətdə olan nəsillərdən biri olduğunu göstərir.
Musavat.com xəbər verir ki, araşdırmaya əsasən, zumerlərin təxminən 25 faizi yoxsulluq şəraitində yaşayır ki, bu da onları ən kasıb nəsillərdən birinə çevirir.
Maraqlıdır ki, alkoqol, narkotik və tütün istifadəsi azalsa da, bu müsbət tendensiya ümumi sağlamlıq göstəricilərinə tam əks olunmur. Belə ki, piylənmə səviyyəsi 31 faizdən 37 faizə yüksəlib.
Daha ciddi problem isə psixi sağlamlıqla bağlıdır. Məlumatlara görə, psixi pozuntularla üzləşən yeniyetmələrin payı 2017-ci ildəki 10 faizdən 2023-cü ildə 23 faizə çatıb. Mütəxəssislər bunu sosial şəbəkələrin təsiri, iqtisadi qeyri-sabitlik, gələcəklə bağlı narahatlıqlar və pandemiyadan sonrakı dövrün psixoloji nəticələri ilə əlaqələndirirlər.
Araşdırma müəllifləri xəbərdarlıq edirlər ki, mövcud tendensiyalar dəyişməzsə, zumerlər uzunmüddətli sosial və sağlamlıq riskləri ilə üz-üzə qala bilər.