Medianews.az
ABŞ-Ukrayna danışıqları nəticə verəcəkmi?
67 baxış

ABŞ-Ukrayna danışıqları nəticə verəcəkmi?

Almaniyada növbəti dəfə ABŞ-Ukrayna danışıqları keçirilir. Danışıqlarda Ukraynanı Prezident Volodmir Zelenski, ABŞ-ı Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və iş adamı Cared Kuşner təmsil edirlər.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə Medianews.az-a deyib ki, Uitkoffun planında Donbasın Rusiyaya verilməsi və Ukraynanın NATO-dan imtinası müqabilində sülh əldə edilməsi təklifi var: “Ukrayna NATO-dan imtina edə bilər. Amma Zelenski bunun əvəzində Ukraynaya təhlükəsizlik təminatı verilməsini, ABŞ Konqresində bu barədə qanun qəbul olunmasını istəyir. ABŞ isə belə bir təklifi qəbul etmir”.

M.Əsədullazadənin fikrincə, Zelenski ərazi güzəştinə getməyəcək: “Danışıqların Avropada keçirilməsi Ukraynanın mövqeyini gücləndirir və Almaniyadakı müzakirələrin nəticəsiz qalacağı istisna deyil. Rusiya Donbasın təhvil verilməsini tələb etsə də, hazırda Ukrayna Avropa İttifaqının dəstəyi ilə Rusiya və ABŞ qarşısında öz mövqeyini qoruya bilir.

Demək olar ki, ABŞ-Rusiya tandemi ilə Avropa İttifaqı-Ukrayna tandemi arasında siyasi qarşıdurma yaşanır. Bu siyasi qarşıdurmada tərəflər arasında prinsipial fikir ayrılıqları qalmaqdadır. ABŞ administrasiyasının Avropa İttifaqı ilə deyil, Rusiya ilə anlaşma əldə etməsi Qərbdə uzun illər formalaşmış ABŞ-Avropa alyansında dərin çat yaradıb. Bu, beynəlxalq siyasi nizamın deqradasiyaya uğramasına gətirib çıxarır”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun