Medianews.az
Aqillər və nadanlar haqqında
124 baxış

Aqillər və nadanlar haqqında

Çox işləyirəm. Yəni yazı-pozu işləri bitmək bilmir. Arada biçənəkdə gəzişirəm. Havalar isti keçir. Avqust Günəşi adamın canını isidir. Bu, mənim çox sevdiyim aydır. Qayaların döşündəki otlar saralıb. Bulaqların, arxların suyu sozalıb. Necə deyərlər, uşaqlığımla, ilk gəncliyimlə bağlı olan xatirələrin cığırı ilə dolaşıram. Xatirələr kövrəkdir. O kövrəklik, sanki qurumuş otlara qarışıb ayaq altında əzilir, xışıldayır. Dincəlmək istəyəndə daha çox mütaliə ilə məşğul oluram. Bilirəm, indi kitab oxumaq dəbdə deyil. Hazırda adamlar daha çox həyati məsələlər haqqında düşünür, gündəlik qayğılarla yaşayırlar. Mobil telefonlardakı informasiya və çəkilişlər onların məhdud mənəvi tələbatının ödənilməsi üçün kifayət edir. Adamlar olayların dərin qatlarına baş vurmaqdan vaz keçir, daha çox maddi tələbatlarının, öz adıyla desək, mədələrinin tox olması haqqında düşünürlər. Onu da ört-basdır etmək olmaz ki, indi kütlə daha çox yüngül əyləncəyə meyl edir. Zatən efir və ekranın verdiyi “produkt” da elə yüngül “materiallardan” hazırlanıb. İndi az qala bütün auditoriyalarda ciddi söhbətlər lağlağı ilə qarşılanır. O “ciddi söhbətlərin” arxasında duran “ciddi adamlar” da (əslində bu ifadə dırnaqsız yazılmalıdır) elə həmin üslubda ələ salınır. İndi sanki intellektual elita can verməkdədir. Bəli, deyəsən, ta cəmiyyətə təlxəklər və nadanlar aqil adamlardan daha çox lazımdır. Belələri həndəsi silsilə ilə artmaqdadır. Bəlkə elə bu cür də olmalıdır? Bilmirəm. Təkcə onu bilirəm ki, nadanlar artdıqca, aqillər azalır. Və ya əksinə. Bu baş verənlərin nəticəsi olaraq, ziyalılar əzab çəkir. Hələ üstəlik, onlar, yəni təklənən bu ziyalı təbəqə, tədricən “nadanlar dəstəsinə” qoşulur, daha doğrusu, qoşulmağa məcbur olur və ya məhkumdur. Əgər əks proses getsəydi, yəni cəmiyyət intellektə köklənsəydi onda nadanlar “təklənərdi”, bu əzabı onlar çəkər və istər-istəməz “ziyalılaşmağa” cəhd edərdilər. Amma indi bu proses, dediyim kimi, əks istiqamətə doğru gedir. Ziyalılıq - məsuliyyət daşımaq deməkdir. Nadanlıq - hər cür məsuliyyətdən uzaq bir təbəqə və ya nəsnədir. Adam məsuliyyət “əbasından” azad olduqdan sonra sanki “çılpaq” qalır. Elə cəmiyyət də lütləşmədədir. Bu “lütlütü”, hətta qara əlbəsəyə bürünənlər belə, gizlədə bilmir. ...Buralarda arada göy guruldasa da yağmır. ...Ruslar bütün dünyanı hədələyir, təhdid edir. ...Ayaqlarımda ağrılar var. Firuz Mustafa, "Gündəlik"dən sətirlər, 02.08.2025

Bizə qoşulun