24.07.2025, 13:59
235 baxış
Azad
Kart və kreditlərlə bağlı ən çox fırıldaqçılıq olan bankların adları - İctimaiyyətə açıqlanacaqmı?
Ötən gün Mərkəzi Bankın sədri Taleh Kazımovla ekspertlərin görüşündə qaldırdığım məsələlərdən biri də bank sektorunda təhlükəsizliklə bağlı olub.
Bu istiqamətdə bank kartları ilə olan fırıldaqçılığın artması, banklarda vətəndaşın identifikasiya məsələləri, banklarda çalışan əcnəbilərin vətəndaşların məlumat bazalarına giriş imkanlarının olması və vətəndaşdan xəbərsiz onun adına onlayn formada kreditlərin götürülməsi problemlərini diqqətə çatdrıdım.
Datalara giriş imkanı olan sektorlarda əcnəbilərin işləməsinin məhdudlaşdırılmasını, bütün bankların tətbiqlərində onlayn kreditlə bağlı STOP imkanının yaradılmasını, açıq bankçılığın, APİ servislərin işə salınmasını və s. təklifləri diqqətə çatdırdım.
Taleh müəllim bank sektorunda təhlükəsizliyin gücləndirilməsi məqsədilə bütün bankları əhatə edən yeni bir platformanın işə salındığını vurğulayıb.
Bu məsələnin Mərkəzi Bank üçün prioritet olduğu qeyd edilib.
Son zamanlar DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi ilə birlikdə bu istiqamətdə xeyli müsbət işlərin görüldüyü bildirilib.
Mərkəzi Bank sədri Azərbaycanda bank fırıldaqçılığı və cinayətkarlığın orta dünya göstəricisindən xeyli aşağı olduğunu da qeyd edib.
İnandırıcı olması üçün rəqəmləri də bizə göstərdilər.
Bununla belə bank kartlarından olan fırıldaqçılıqla bağlı statistikaların gündəlik dərcinin də nağdsız ödənişlərlə bağlı ümumi siyasət baxımından narahatlıq yaratdığı qeyd edilib.
Mərkəzi Bank tərəfindən hər ay bu istiqamətdə statistik icmalların hazırlanmasının nəzərdə tutulduğu bildirilib.
Yeri gəlmişkən, görünür ki, son zamanlarda DİN-in gündəlik hesabatlarında bank kartları ilə olan fırıldaqçılıq statistikalarının verilməməsi də məhz bununla bağlıdır.
Fikrimcə, belə statistikaların verilməsi maarifçilik baxımından və mövcud təhlükələrə vətəndaşların diqqətinin cəlb edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Müzakirələrdən belə anladım ki, Mərkəzi Bank təhlükəsizliklə bağlı məsələləri daha da sərtləşdirəcək. Antifraud sistem daha da təkmilləşdirilir.
Hazırda bu istiqamətdə DİN-lə birgə qurulan əməkdaşlıq müstəvisinə mobil operatorların da cəlb ediləcəyi gözlənilir.
Ümid edirəm Mərkəzi Bank yetərincə ictimai əhəmiyyət kəsb edən “ən çox şikayət olunan banklar” hesabatı ilə yanaşı, "Bank kartları və onlayn kreditlərlə bağlı ən çox fırıldaqçılıq olan banklar" hesabatını da təqdim edəcək.
Osman Gündüz,
Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru
Paylaş: