Medianews.az
Sülh sazişinin paraflanması ilə imzalanması arasında <span style=color:red>hansı fərqlər var?
252 baxış

Sülh sazişinin paraflanması ilə imzalanması arasında hansı fərqlər var?

Prezident İlham Əliyev ötən həftə III Şuşa Qlobal Media Forumunda bir daha bəyan etdi ki, iki məsələ - Ermənistan konstitusiyasına dəyişiklik və ATƏT-in Minsk qrupunun buraxılması - həll edilən kimi Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalana bilər: “Əgər erməni tərəfi Qarabağ münaqişəsinin bitdiyini hesab edirsə, Qarabağ münaqişəsinin həlli üçün yaradılmış Minsk qrupunu ləğv etmək lazımdır. Məntiq sadədir. Bunun üçün Ermənistan konstitusiyasına dəyişikliklər edilməlidir ki, oradan Azərbaycana qarşı ərazi iddialarının yer aldığı müstəqillik bəyannaməsi çıxarılsın. Prinsipcə məsələ budur. Buna görə də sülh sazişinin mətni razılaşdırılıb. Bu sənədin paraflanması ideyası da Azərbaycan tərəfindən irəli sürülüb”. Dövlət başçısı vurğulayıb ki, bəli, mətn paraflana bilər və Azərbaycan tərəfi artıq Əbu-Dabidə bu təkliflə çıxış edib: “Lakin bildiyiniz kimi, paraflanma heç də imzalanma demək deyil. Yəni bir var ki, tərəflər arasında şifahi razılıq əldə olunur, bir də var ki, tərəflər sənədin hər səhifəsinin sonunda öz imzalarını qoyaraq onu paraflayır. Məncə, biz sülh müqaviləsinin imzalanmasına çox yaxınıq. Hesab edirəm ki, bu proses geridönməz xarakter alıb. Bunun hər hansı bir yenidən baxılması, yenidən baş verməsi mümkün deyil. Biz heç nəyi yenidən müzakirə etməyəcəyik. Ancaq Ermənistan yenidən müzakirəyə başlamağa çalışırsa, o deməkdir ki, onlar sülh istəmirlər. Deməli, o ərazi iddiası qalır. Ona görə də biz düzgün istiqamətdəyik. Onlar öz ev tapşırıqlarını yerinə yetirməlidirlər. Bu baş verdiyi halda biz sülh müqaviləsini imzalaya bilərik”. Mövzu ilə bağlı Medianews.az-a açıqlamasında hüquqşünas Əlövsət Allahverdiyev deyib ki, paraflama və imzalama arasındakı əsas fərq razılaşmanın əhatə dairəsi və hərəkətin rəsmiliyindədir: “Paraflama diplomatik danışıqların sonunda razılaşdırılmış mətnin təsdiqidir. Yəni sazişin paraflanması o deməkdir ki, tərəflər bu sənəd üzrə razılığa gəliblər. Bu akt sənədin rəsmi və hüquqi cəhətdən qüvvəyə mindiyini yox, növbəti mərhələdə imzalanmağa hazır olduğunu göstərir. İmzalama bütün sənədin rəsmi təsdiqidir, paraflama isə sənədin müəyyən hissələri, ayrı-ayrı səhifələr və ya bəndlər ilə təsdiq və ya razılaşmanı göstərə bilər. Paraflama diplomatik danışıqlar nəticəsində sənədin mətninə dair razılığın əldə edildiyini göstərən ilkin təsdiqdir. Bu mərhələdə sənədin hüquqi qüvvəyə minməsi baş vermir. Sənədin paraflanması onun imzalanmağa hazır olduğunu nümayiş etdirir, lakin bu, hələ öhdəlik doğuran bir hüquqi akt deyil”. Ə.Allahverdiyev bildirib ki, paraflanmanı sülhə doğru mühüm addım hesab etmək olar, lakin burada hələ məcburiyyətdən və hüquqi öhdəlikdən danışmaq olmaz: “Bu səbəbdən Azərbaycan tərəfi prosesin irəli getməsi üçün Ermənistanın konkret hüquqi və siyasi addımlar atmasını gözləyir. Əgər Ermənistan tərəfi yenidən danışıqlara qayıtmaq, yeni şərtlər irəli sürmək istəsə, bu, Azərbaycan tərəfindən ərazi iddialarının davamı kimi qiymətləndirilə bilər”. Ə.Allahverdiyev vurğulayıb ki, imzalama artıq tərəflərin razılaşdırılmış sənədi rəsmi şəkildə təsdiqləməsidir: “Bu mərhələdən sonra sənəd ya avtomatik olaraq qüvvəyə minir, ya da əlavə ratifikasiya (təsdiqləmə) prosesinə ehtiyac yaranır. İmzalanmış və qüvvəyə minmiş sənəd hüquqi öhdəlik yaradır. Paraflanmanın belə bir məcburiyyət yaratmaq gücü yoxdur, imzalamada isə var. Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlərdən bu nəticəyə gəlmək olar ki, Azərbaycan sülh sazişinin mətni üzərində razılığı yekunlaşdırıb və indi sənədin paraflanması məsələsini aktuallaşdırır. Bu, ölkəmizin prosesə konstruktiv və məqsədyönlü yanaşdığının göstəricisidir, çünki paraflama təklifi tərəfimizdən irəli sürülüb. Prezidentin çıxışı və sülh sazişi imzalanması prosesinin geridönməz xarakter aldığını vurğulaması göstərir ki, rəsmi Bakı kifayət qədər kompromisə razılaşıb və bundan sonra heç bir kompromisdən söhbət gedə bilməz”. Qeyd edək ki, imzalanma aktını adətən ölkə rəhbərləri, xarici işlər nazirləri və ya digər səlahiyyətli şəxslər həyata keçirirlər. Paraflanma zamanı isə sənədi adətən tərəflərin danışıqlarda iştirak edən nümayəndələri imzalayırlar. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun