Medianews.az
İlin sonunadək Türkiyə-Ermənistan sərhədləri <span style=color:red>açıla bilər
211 baxış

İlin sonunadək Türkiyə-Ermənistan sərhədləri açıla bilər

“Azərbaycanla Ermənistan liderlərinin Əbu-Dabidəki görüşündən sonra Kremldə Ermənistana qarşı yeni təzyiqlər hazırlanır”. Bunu Medianews.az-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Rusiya növbəti aylarda Ermənistana satdığı qazın qiymətinə yenidən baxa bilər: “Həmçinin Ermənistandan idxal olunan mallara qadağalar tətbiq olunacaq. Ermənistanın əsas iqtisadi tərəfdaşı Rusiyadır. Rusiya sanksiyalardan yayınmaqla Ermənistan üzərindən müxtəlif ticari əməliyyatlar reallaşdırır. Ermənistan Rusiyadan iqtisadi asılılığı azaltmaq üçün Türkiyə ilə sərhədləri açmağa tələsir”. M.Əsədullazadənin sözlərinə görə, Əbu-Dabidə Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi də müzakirə edilib: “Bu ilin axırına kimi Türkiyə-Ermənistan sərhədləri açıla bilər. Bir müddət sonra Ermənistan Zəngəzurda texniki işlərə başlaya bilər. Hazırda Ermənistanın Baş naziri Nikol Paşinyan üçün çətin məqam Ermənistanın İranla sərhədindən Rusiya hərbçilərini çıxarmaqdır”. Siyasi şərhçi qeyd edib ki, Türkiyə ilə sərhədlər açılandan sonra Ermənistan Türkiyə ilə iqtisadi əlaqələrini inkişaf etdirəcək: “Həmçinin daxili siyasi mübarizədə Paşinyanın siyasi mövqeyi güclənəcək. Gələn il keçiriləcək parlament seçkiləri öncəsi Paşinyan daxili siyasi vəziyyəti normallaşdırır, Rusiyanın təzyiq rıçaqlarını neytrallaşdırmaq üçün xarici siyasətində korrektlərə gedir. Bu, Türkiyə və Azərbaycanla normallaşma prosesidir. Paşinyan forpost Ermənistanın deyil, müstəqil və suveren Ermənistanın Baş naziri olmaq istədiyini qeyd edib. Təbii ki, Paşinyanın hakimiyyətdə qalması Türkiyənin də geosiyasi maraqlarına cavab verir”. Toğrul Əli, Medianews.az

Bizə qoşulun