Medianews.az
Əliyev-Zelenski danışığı: <span style=color:red>açıq sezilən niyyətlər
1,765 baxış

Əliyev-Zelenski danışığı: açıq sezilən niyyətlər

Beynəlxalq münasibətlərdə bəzən hadisələr təqvimə uyğun baş verir, bəzən isə onu tamamilə pozaraq yeni reallıqlar formalaşdırır. Bir də elə məqamlar olur ki, onların əsl məzmunu dərhal sezilmir - yalnız müəyyən siyasi, tarixi və emosional kontekstdə dərk olunur. Bəzən sükutun özü ən gurultulu bəyanatdan güclü, zərif bir jest isə uzun-uzadı izahlardan daha təsirli ola bilir. Məhz belə hallarda tələsmədən, ölçülüb-biçilmiş şəkildə düşünmək vacibdir. Ukrayna Prezidenti Volodimir Zelenski ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında baş tutan son telefon danışığı da məhz bu prizmadan qiymətləndirilməlidir. Zahiri baxımdan hər şey korrekt idi: başsağlığı, təşəkkürlər, Azərbaycanın suverenliyinə dəstək sözləri. Diplomatik protokolun tələblərinə tam uyğun. Fəqət belə söhbətlərdə yalnız deyilən sözlər yox, həm də həmin sözlərin deyildiyi zaman çox şey ifadə edir. Bakı ilə Moskva arasında gərginliyin pik həddə çatdığı məqamda Ukraynanın fəallaşması diqqətdən yayınmır. Özü də təkcə Kiyevdə deyil, uzun müddət susmağa üstünlük verən bir sıra Avropa paytaxtlarında da ritorikanın dəyişməsi hiss olunur. Bu dönüşü sadəcə dostluq rəmzi kimi yozmaq səthi yanaşma, sadəlövhlük olardı. Burada daha incə, lakin açıq sezilən niyyətlər mövcuddur - açıq deyilməyən, amma diplomatik aləmdə kifayət qədər aydın başa düşülən mesajlar. Xatırlatmaq yerinə düşər: nə 44 günlük İkinci Qarabağ müharibəsindən əvvəl, nə də ondan sonra Ukrayna və ya Aİ səviyyəsində Azərbaycanın ərazi bütövlüyünə dair qətiyyətli, prinsipial mövqe ortaya qoyulmamışdı. Əksinə, 2022-ci ilin sentyabrında baş verən gərginlik zamanı ukraynalı bəzi media qurumları açıq-aşkar Ermənistan mövqeyini tirajlayır, Azərbaycanı təcavüzkar kimi təqdim edirdi. Bu, dövlətin rəsmi kursu olmasa da, ictimai-siyasi fonun göstəricisi idi. Bakı isə bunu sakit qarşılayırdı, ancaq yaxşı anlayırdı ki, əsas məsələlərdə yalnız öz gücünə arxalanmaq mümkündür. İndi isə vəziyyət dəyişəndə Kiyev öz ritorikasını xeyli korrektə edib. Ukraynanın Azərbaycandakı səfiri fəal şəkildə dəstək bəyanatları yayır. Bu, Ukraynanın Azərbaycanı yeni yaranan siyasi konfiqurasiyada öz tərəfinə çəkmək cəhdidir. Ancaq diplomatiya elə bir sahədir ki, burada dekorasiyaların dəyişməsi köhnə rolların unudulması demək deyil. Xüsusən də Qafqaz kimi həssas bölgədə hər sözün çəkisi on illərlə ölçülür və unudulmur. Azərbaycanın xarici siyasəti aydın və dayanıqlıdır: biz emosiyalara qapılmadan, populizmə uymadan, milli maraqlara söykənən müstəqil xətt yürüdürük. Bizə yalnız dəstək görüntüsü yox, real, prinsiplərə əsaslanan tərəfdaşlıq lazımdır. Əgər Ukrayna bu cür tərəfdaş olmağa iddialıdırsa, bunu sadəcə maraqlar uyğun gələndə deyil, çətin məqamlarda da sübut etməlidir. Kiyevin motivlərini anlamaq mümkündür. Ölkə müharibə şəraitindədir, Rusiyanın davamlı təhdidləri qarşısında istənilən dəstək nöqtəsini gücləndirməyə çalışır. Bu, onların baxımından rasional gedişdir. Amma diplomatiyada sırf məcburiyyətin diktə etdiyi jestlər çox vaxt qalıcı olmur. Tarix göstərib ki, vəziyyət dəyişəndə bu cür jestlərin dəyəri tez itir. Azərbaycan isə heç vaxt və heç kimin siyasi oyununda alət olmayıb və olmayacaq. Biz yaxşı görürük ki, Moskvanın son addımlarını yalnız təxribat kimi qiymətləndirmək olar və onların həm indiki, həm də perspektiv nəticələri qaçılmazdır. Ancaq bu, Bakı üçün dərhal yeni şirin vədlərə inanmaq, alternativ naminə tələsik qərarlar vermək anlamına gəlmir. Azərbaycanın diplomatik fəlsəfəsi suveren tarazlıq prinsipinə əsaslanır: biz heç vaxt başqasının zəifləməsinə köklənmiş ittifaqlara alət olmamışıq. Son otuz ildə Azərbaycan özünü ayaqda saxlamağı, çətin qərarları müstəqil şəkildə qəbul etməyi öyrənib və bundan sonra da eyni yolla davam edəcək. Biz hər zaman beynəlxalq hüquqa uyğun olaraq dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşmışıq. Bu mövqe konyunktura ilə dəyişmir. Azərbaycan humanitar yardımı da heç vaxt siyasi hesaba görə göstərməyib - bu, məsuliyyətli dövlət davranışıdır. Elə məhz bu ardıcıllıq, prinsiplərdə dəyişməzlik Azərbaycanın xarici siyasətinin əsas dayağıdır. Ona görə də Ukrayna tərəfinin indiki həssas dövrdə verdiyi dəstək bəyanatlarını da Bakı yalnız zahiri forma ilə deyil, məzmun baxımından dəyərləndirir. Biz həm deyilənə, həm də deyilməyənə diqqət edirik. Həm jesti görürük, həm də onun arxasındakı real marağı. Tələsmirik - amma heç nəyi də yaddan çıxarmırıq. Azərbaycan üçün indi prioritet odur ki, soyuqqanlı qalaraq emosional reaksiya verməsin və bölgədə cızılmaqda olan yeni xətlərin yalnız öz iradəsinə əsasən müəyyənləşməsinə imkan versin. Region dəyişir, aktorlar dəyişir, amma Azərbaycanın dəyişməz qalan bir həqiqəti var: biz başqasının ssenarisində epizod olmaq istəmirik və olmayacağıq. Elçin Alıoğlu, politoloq  

Bizə qoşulun