Medianews.az
Dağıstanda azərbaycanlılara qarşı təxribatlar <span style=color:red>baş qaldıra bilərmi?
400 baxış

Dağıstanda azərbaycanlılara qarşı təxribatlar baş qaldıra bilərmi?

Rusiya ilə Azərbaycan arasında münasibətlər yenidən gərginləşib. Hazırda narahatlıq doğuran məsələlərdən biri də bu gərginliyin Rusiyadakı Azərbaycan diasporuna necə təsir edəcəyidir. Amma Rusiya azərbaycanlıları təkcə diaspor nümayəndələrindən ibarət deyil. Rusiya azərbaycanlıları həm də vətənində - Rusiya Federasiyasının Dağıstan Respublikasında yaşayan azərbaycanlılar deməkdir. 2021-ci il siyahıyaalınmasına görə, Dağıstanda 117 min nəfərə yaxın azərbaycanlı yaşayır. Onlardan 43 min nəfəri Dərbənd şəhərinin və daha 15 min nəfəri isə şəhərətrafı qəsəbə və kəndlərin sakinləridir. Bəlli olduğu kimi, onların hamısı Rusiya vətəndaşlarıdır. Rusiya-Azərbaycan münasibətlərinin gərginləşməsi Dağıstanda yaşayan azərbaycanlıların taleyinə necə təsir göstərə bilər? Bu gərginlik onların Rusiya dövlətinə və əksinə, Rusiya dövlətinin onlara münasibətini dəyişə bilərmi? Dəyişərsə, onda son nəticədə proseslərin hansı istiqamətlərə yönələ biləcəyini ehtimal etmək olar? Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Xaqani Cəfərli bildirib ki, Rusiya ilə gərginlik təsadüfən yaranmayıb: "Rusiyanın Ukraynada hərbi-siyasi uğursuzluğu dərinləşdikcə Moskva postsovet respublikalarına təzyiqi artırır. Moldovada sabitliyi pozmaq, Qazaxıstanda hakimiyyət dəyişikliyinə işarə, Ermənistanda Rusiyayönlü qüvvələrin dövlət çevrilişi cəhdi Moskvanın postsovet respublikalarına son aylar göstərdiyi təzyiqin yalnız bir hissəsidir. Rusiyanın Ukraynada məruz qaldığı ağır hərbi-siyasi uğursuzluq postsovet respublikalarının müstəqilliyini gücləndirməsinə, Moskvadan asılılığını önəmli dərəcədə azaltmasına gətirib çıxarıb. Rusiya bununla barışmaq istəmir və itirdiyi mövqeləri təhdid və şantajla geri almağa çalışır. Rusiyanın əlindəki ən güclü şantaj alətlərindən birincisi hal-hazırda əmək miqrantları hesab olunur. Özünü “Rusiyadakı Azərbaycan Diasporu” adlandıran telegram kanalının rəsmi Bakının ünvanına hədyanı da buna sübutdur". Politoloqun sözlərinə görə, başda Dərbənd olmaqla hazırda Rusiya işğalında olan Şimal torpaqlarımızda yaşayan soydaşlarımıza qarşı da təxribatlar törədilməsi mümkündür: “Lakin belə bir təxribat Rusiyanın özünün əleyhinə işləyər. Çünki Dağıstanda sosial-iqtisadi vəziyyət partlayış həddindədir. Dağıstanın enerji şəbəkəsinin 85-90 faizi yenilənməlidir. Lakin Ukraynada müharibənin bir saatına 2 milyard rubl pul xərcləyən Moskva Dağıstanın bütün enerji şəbəkəsinin yenilənməsi üçün lazım olan 14 milyard rublu ayırmağa büdcədə pul “tapmır”. Hazırda havanın temperaturu yüksəlir və bu, Dağıstanda elektrik enerjisinə tələbatı artırır. Çökmüş energetika sistemi isə bunu təmin edə bilmir". X.Cəfərli vurğulayıb ki, digər tərəfdən Dağıstanın yerli xalqlarına qarşı son aylar aparılan repressiya siyasəti də bölgədəki gərginliyi son həddə çatdırıb: “Bütün bunlar onu deməyə əsas verir ki, Rusiya işğalındakı Şimal torpaqlarımızın əhalisinə qarşı hər hansı bir təxribat törədilsə, bu, Dağıstanda böyük yanğını alovlandıran qığılcım ola bilər. Kreml rəsmiləri ağıllarını tam itirməyiblərsə, belə addımlardan çəkinərlər. Lakin hadisələr göstərir ki, Kreml sahibləri ağıllarını tamam itiriblər. Ona görə də hər cür təxribat gözlənilə bilər və Azərbaycan buna hazır olmalıdır. Rusiya işğalındakı Şimal torpaqlarımızda yaşayan soydaşlarımızın vətən sevgisini, Azərbaycan təəssübkeşliyini heç kim Azərbaycana qarşı çevirə bilməz. Əksinə, Azərbaycana qarşı təhdidlər onların Rusiyaya olan münasibətlərinin dəyişməsinə ciddi təsir edər". Lamiyə, Medianews.az

Bizə qoşulun