23.06.2025, 10:50
215 baxış
Azad
Təkrarlanan ssenarilər: Demokratiya maskası altında resurs müharibəsi
ABŞ prezidenti Donald Trampın “İranda rejim dəyişikliyi mümkündür” fikri, əslində, təkcə bir şəxsin düşüncəsi deyil – bu, Qərbin uzun illərdir izlədiyi siyasi xəttin sətiraltı ifadəsidir. Yaxın Şərq və daha geniş mənada bütün “Şərq dünyası” üzərində qurulan Qərb siyasəti açıq və ya dolayı şəkildə eyni məqsədə xidmət edir: nəzarət etmək, resursları istismar etmək və müstəqil siyasi iradəni boğmaq.
Tarix təkrarlanır: Şah, mollalar və yenidən rejim dəyişikliyi
1979-cu il islam inqilabından əvvəl İran şahı Məhəmməd Rza Pəhləvi Qərbin yaxın müttəfiqi idi. Onun rəhbərliyi dövründə ölkədə neft ixracının böyük hissəsi Qərb şirkətlərinə yönəldilmiş, xalqın rifahı isə ikinci planda qalmışdı. Şahın avtoritar idarəçiliyi və zəngin həyat tərzi xalqla arasını kəskin şəkildə açmışdı. İran Statistika Mərkəzinin məlumatlarına görə, 1975-ci ildə ölkənin 45%-dən çoxu yoxsulluq səviyyəsində yaşayırdı. Şahın özü isə milyardlarla sərvəti ilə ABŞ-a sığındı.
Qərb ona yalnız bir mesaj verdi: “Xalq səni devirməmiş, ölkəni tərk et”. Həmin anda Qərb xalqın inamını qazanmaq üçün siyasi atmosferi dəyişdi – amma demokratik yox, ideoloji rejimlə: mollalarla. Ruhullah Xomeyni Parisdən gətirildi, ona geniş informasiya və siyasi dəstək verildi. Və bu gün İran 45 ildən artıqdır ki, teokratik sistemlə idarə olunur – demokratik yox, teoloji diktatura ilə.
Səddam, Qəddafi və eyni ssenarilər
İran nümunəsi təcrid olunmuş hal deyil. Qərbin Yaxın Şərqdə və Afrikada apardığı siyasətin sistematik olduğunu göstərən çoxsaylı nümunələr var:
- İraq: Səddam Hüseyn 1980-1988-ci illər ərzində İranla müharibədə Qərbdən (xüsusilə ABŞ və Fransa) dəstək aldı. 2003-cü ildə isə ABŞ onu “kütləvi qırğın silahları” bəhanəsi ilə devirdi. Daha sonra məlum oldu ki, belə silahlar mövcud deyildi. Səddam asıldı, ölkə isə bu günə qədər xaosdan çıxa bilmir. ABŞ müdaxiləsi nəticəsində milyonlarla insan həyatını itirdi, milyonlarla insan isə qaçqın düşdü (UNHCR məlumatına görə, 2023-cü ildə 4 milyondan çox iraqlı qaçqın statusundadır).
- Liviya: 2011-ci ildə Fransa prezidenti Nikola Sarkozinin seçki kampaniyasına dəstək verdiyi Müəmmər Qəddafi eyni Qərb tərəfindən “diktator” elan edildi. NATO-nun müdaxiləsi nəticəsində o, linç edilərək öldürüldü. Liviya bu gün də parçalanmış, hüquqsuz və silahlı qrupların idarəsində olan bir ölkəyə çevrilib. Demokratiya hələ görünmür.
Məqsəd demokratiyadır, yoxsa resurslar?
Qərbin bu ölkələrə gətirdiyi sistemlər nə azadlıq təmin edib, nə də davamlı iqtisadi inkişaf. Əvəzində resursların – xüsusilə neft və qazın – istismarı üçün açıq bazar yaradılıb. Məsələn:
- İraq neft ixracatı ABŞ müdaxiləsindən sonra əsasən ABŞ və Avropa şirkətlərinin nəzarətinə keçdi. ExxonMobil, BP və Shell kimi şirkətlər bu gün də İraq neft sənayesinin əsas oyunçularıdır.
- Liviya nefti müharibədən sonra müxtəlif Qərb şirkətləri tərəfindən paylaşdırıldı, lakin xalq rifahı üçün ciddi bir sosial proqram həyata keçirilmədi.
İran üçün növbəti mərhələ nədir?
İran xalqı illərdir repressiyalar altında yaşayır. Qadın haqları pozulur, siyasi məhbuslar artır, iqtisadi çöküş dərinləşir. Təbii ki, bu rejim dəyişməlidir. Lakin sual budur: deyiləcək rejim kim tərəfindən və necə qurulacaq?
Əgər yenə Qərb bu prosesi idarə edəcəksə, tarix təkrarlanacaq. Demokratiya və azadlıq maskası altında geosiyasi maraqlar və enerji resurslarının istismarı prioritet olacaq. İran xalqının arzusu – azad və firavan cəmiyyət – növbəti dəfə təxirə salınacaq.
Rejim dəyişiklikləri deyil, xalqın iradəsi əsas olmalıdır
İran da, digər region ölkələri də dəyişikliklərə ehtiyac duyur. Lakin bu dəyişiklik xaricdən deyil, daxildən – xalqın iradəsi ilə, azad seçimlə, real demokratik təsisatlarla həyata keçirilməlidir. Əks halda, yeni “rejimlər” də köhnə ağaların fərqli sifətləri ilə təkrarı olacaq.
Qərbin bu siyasəti nə insan haqlarını qoruyur, nə də xalqları azad edir. O, sadəcə yeni bir adla – neokolonializmlə – davam edən iqtisadi və siyasi nəzarət formasıdır.
Sarvan Səmədoğlu,
Almaniya
Paylaş: