21.06.2025, 11:00
168 baxış
Azad
Rusiya-Ukrayna müharibəsinə görə Şoltsa 8 nəfər ayrılması təklif olunur
Almaniya hökuməti hesab edir ki, keçmiş kansler Olaf Şolts bundan sonra dövlət tərəfindən maliyyələşən səkkiz nəfərlik heyətlə çalışmalıdır.
Medianews.az xəbər verir ki, 2019-cu ildə Almaniya parlamentinin büdcə komitəsi gələcəkdə keçmiş kanslerlər və prezidentlər üçün beş nəfərlik işçi heyəti ayrılmasını təsdiqləyib. Heyətə bu ştatlar daxildir: ofis rəhbəri, iki referent, bir katibə və bir sürücü.
Lakin indi hökumətin Şolts üçün təklif etdiyi heyətdə əlavə üç ştat da nəzərdə tutulur.
Hökumət öz qərarını Ukrayna müharibəsi ilə əlaqələndirir. Hökumətin sözçüsü Stefan Kornelius bildirib ki, Şoltsun kanslerlik dövründə əsas siyasi mövzusu Rusiya-Ukrayna müharibəsi və Almaniyanın bu kontekstdə yürütdüyü proqramlar olub. Ona görə də Şoltsun vəzifədən getdikdən sonra da bu məsələlərlə məşğul olmasına şərait yaradılması məqsədəuyğundur.
Stefan Kornelius deyib: “Olaf Şoltsun Rusiya-Ukrayna məsələsi ilə bağlı təcrübəsinə hələ ehtiyac olacaq. Söhbət təhlükəsizlik siyasətindən gedir və bu, kanslerlikdən sonrakı dövrə də təsir edəcək”.
Hökumətin sözçüsü vurğulayıb ki, hazırkı kansler Fridrix Mers də Olaf Şolts üçün 5 yox, 8 nəfərlik heyətin ayrılmasını münasib bilir.
Lakin bu yanaşma Sol Partiyanın tənqidi ilə qarşılanıb. Partiya bəyan edib ki, bu cür strukturlar artıq zamana uyğun deyil: “Keçmiş kanslerlərin ömürlük şəxsi aparatlara ehtiyacı yoxdur. Bu ofislər ləğv olunmalıdır”.
Vergi Ödəyiciləri Birliyinin rəhbəri Rayner Holznagel də qərarı tənqid edib. O deyib ki, yeni hökumət ştatların azaldılacağını vəd etmişdi, amma indi əksinə - ştat sayını artırır, bu isə vergi ödəyiciləri üçün böyük maliyyə yükü deməkdir.
Hökumətin təklifi parlamentdə təsdiqlənərsə qüvvəyə minəcək.
Medianews.az