20.06.2025, 11:09
131 baxış
Nailə
Qətər ABŞ bazalarına mümkün zərbələr barədə İrandan xəbərdarlıq alıb
Qətər hakimiyyəti bu həftə İran tərəfindən xəbərdarlıq alıb ki, əgər ABŞ Tehrana qarşı hərbi əməliyyata başlasa, Tehran Fars körfəzində yerləşən hərbi bazalara zərbələr endirə bilər.
Bu barədə Oxu.Az "The Washington Post" qəzetinə istinadla xəbər verir.
Nəşrin Avropa diplomatlarına istinadən yaydığı məlumata görə, zərbə təhlükəsi altında olan obyektlərdən biri Qətərin paytaxtı Dohanın yaxınlığında yerləşən "Əl-Udeyd" aviabazasıdır. Bu baza ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) ön komanda məntəqəsi hesab olunur və burada təxminən 10 min amerikalı hərbçi yerləşdirilib.
Məlumata əsasən, əgər Vaşinqton İsrailin Tehrana qarşı hərbi əməliyyatına qoşulmağa qərar verərsə, İranın mümkün zərbələri yalnız Qətərlə məhdudlaşmaya, region boyunca yerləşən digər ABŞ hərbi bazalarını və diplomatik nümayəndəliklərini də əhatə edə bilər.
Həmçinin qeyd olunur ki, təhlükə yalnız İran tərəfindən deyil, həm də Tehranı dəstəkləyən radikal islamçı silahlı qruplaşmalardan da qaynaqlana bilər.
"The Washington Post" qəzetinin bu mövzuda ABŞ Müdafiə Nazirliyinə ünvanladığı sorğuya cavab olaraq, Pentaqon da müdafiə naziri Pit Heqsetin bəyanatına istinad edib. Nazirin sözlərinə görə, Yaxın Şərqdə "əlavə resursların yerləşdirilməsi" nəzərdə tutulur, lakin təfərrüatlar açıqlanmayıb.
Qeyd edək ki, bir qədər əvvəl Qətər Xarici İşlər Nazirliyi ölkə əmiri şeyx Təmim bin Həməd Al Taninin İran prezidentindən məktub aldığını açıqlamışdı. Məktubun məzmunu ictimaiyyətə təqdim edilməyib.
Xatırladaq ki, iyunun 19-da ABŞ Hərbi Hava Qüvvələrinin bütün təyyarələri Qətərdə yerləşən "Əl-Üdeyd" aviabazasını tərk edib.
İsrail 13 iyun gecəsi İrana qarşı hərbi əməliyyata başlayıb. Bir gündən az sonra İran cavab zərbələri endirib. Növbəti günlərdə tərəflər qarşılıqlı hücumları davam etdiriblər və həm hərbi, həm də mülki obyektlərə zərbələr endirildiyini etiraf ediblər. Qarşıdurma hələ də davam edir.