Elvin Abbasov,
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri
10.06.2025, 08:30
242 baxış
Azad
Azərbaycanda səssizcə inkişaf edən bir sahə var
Azərbaycanda səssizcə inkişaf edən bir sənaye var. Kifayət qədər geniş auditoriyaya xitab edən və demək olar ki, hər yaş qrupunun maraq dairəsinə düşən bu sahə - oyun sənayesidir. Artıq bir neçə ildir ki, bu sahəni yaxından izləyirəm və müşahidə edirəm ki, oyun sənayesi ölkəmizdə sürətlə inkişaf edir.
İlk vaxtlar bu sahə ilə bağlı keçirilən tədbirlərə dəvətləri əsasən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) aldığım üçün elə düşünürdüm ki, tədbirlər də məhz agentlik tərəfindən təşkil olunur. Bu qədər potensialı və inkişaf dinamikası olan bir sahəyə dövlətin ciddi şəkildə maraq göstərməməsi məndə suallar doğururdu. Rəhbər şəxslərin oyun sənayesi tədbirlərində iştirak etməməsi və dövlət qurumlarının bu prosesi yetərincə yaxından izləməməsi təəccüb doğururdu.
Araşdırmalardan sonra məlum oldu ki, əslində bu tədbirlər icmalar tərəfindən təşkil olunur. İRİA isə bu tədbirlərə sadəcə dəstək verir və onları işıqlandırmaqla kifayətlənmir. Agentlik oyun sənayesi ilə yaxından maraqlanır və bu sahənin inkişafı üçün çalışır, yeni oyun şirkətlərinin ölkəyə gəlməsində aktiv iştirak edir. Məsələn, bu şirkətlərdən biri “Xsolla”dır. Bu təşkilat Azərbaycanda oyun sənayesinə aktiv töhfə verməyə çalışır və bu istiqamətdə akademiyanın açılması planlaşdırılır. Həmçinin bir neçə oyun studiyası təcrübə proqramları çərçivəsində dövlət hesabına xaricə göndərilir.
Tədbirlərə qayıdacaq olsaq, hesab edirəm ki, icmaların təşkil etdiyi tədbirləri tam peşəkar şəkildə həyata keçirdiklərini demək çətindir.
Bu tədbirlərə artıq üçüncü dəfədir qatılıram. Sonuncu dəfə isə 6 iyun 2025-ci il tarixində Sea Breeze-də keçiriləcək GameSummit Biznes Konfransı çərçivəsində “Azərbaycanda oyun sektoruna dövlət dəstəyi” adlı panelə dəvət almışam. Həm bu tədbir, həm də öncə iştirak etdiklərim barədə bir neçə təəssüratımı bölüşmək istərdim.
Əvvəla, istər Sea Breeze, istərsə də daha öncə “Əl Oyunları Stadionu”nda keçirilmiş GameSummit tədbirlərində açıq internet (Wi-Fi) təmin olunmamışdı. Sea Breeze-in uzaq ərazidə yerləşməsi nəzərə alınmadan tədbirə nəqliyyat təşkil olunmamışdı. Həmçinin bilet qiymətlərinin 300 manat olduğunu öyrəndim və bu məbləğin hazırkı oyun ekosisteminin reallıqlarına uyğun olmadığını düşünürəm. Tədbir saat 10:00-dan 18:00-a qədər davam etsə də, nahar yeməyi nəzərdə tutulmamışdı. Təəssüf ki, bu kimi təşkilati detalların nəzərə alınmaması ümumi təəssüratı zəiflədir.
Keçənlərdə İctimai Şura ilə İRİA arasında keçirilən görüşdə bildirilmişdi ki, regionlarda oyun və e-ticarət sahələri üzrə 20-dən çox təlim və seminar keçirilib, bu tədbirlərdə 500-dən çox iştirakçı aktiv şəkildə iştirak edib. Hər iki sahə üzrə inkubasiya proqramlarının isə 2025-ci ilin ikinci rübündə başlanacağı qeyd olunub.
İRİA-nın açıqladığı məlumata əsasən, ölkə üzrə ümumilikdə 64 oyun studiyası qeydə alınıb:
58 studiya — Bakı
3 studiya — Gəncə
2 studiya — Naxçıvan
1 studiya — Şəki
1 studiya — Qusar.
Şəxsi fikrim ondan ibarətdir ki, oyunlar barədə münasibətim tam müsbət olmasa da, bu sahənin dünyada ən çox gəlir gətirən sahələrdən biri olduğunu danmaq mümkün deyil. Əgər Azərbaycanda da bu sənayeyə dövlət səviyyəsində sistemli və davamlı dəstək göstərilərsə, əminəm ki, çox böyük inkişaf potensialı mövcuddur.
Oyun təcrübəmə gəldikdə isə... Uşaqlıq dövründə “Mario” oyununu saymasaq, əsas oyun təcrübəm 2003-cü ildən əvvələ aiddir. Komanda oyunları üzrə isə “Age of Empires” və “Counter-Strike” oyunlarında yuxusuz gecələrim çox olub.
Qeyd etməliyəm ki, Azərbaycanda oyun sahəsində fəaliyyət göstərən və müxtəlif istiqamətləri əhatə edən icmalar var. Onlar bunlardır: GameSummit, GamePons, AGDA, IGDA Azerbaijan, TGDA, Xsolla Baku.
Elvin Abbasov,
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri
Elvin Abbasov,
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri
Paylaş: