Medianews.az
“Aktrisanın mebelləri, şəkilləri, 200 yaşlı tut ağacı qalıb” - <span style=color:red>Nəcibə Məlikovanın yaşadığı evdən REPORTAJ
439 baxış

“Aktrisanın mebelləri, şəkilləri, 200 yaşlı tut ağacı qalıb” - Nəcibə Məlikovanın yaşadığı evdən REPORTAJ

“Biz Nəcibə xanımın Buzovnadakı ata evinə 1988-ci ildə köçmüşük. Bir neçə il bu evdə kirayədə qalmışıq. 1992-ci ildə Nəcibə xanım dünyasını dəyişdi. Buna baxmayaraq biz burada qalmaqda davam edirdik. Rəhmətlik oğlu Saqib 2003-cü ildə bu evi rəsmi şəkildə bizə satdı. Şəxsi əlaqələrimiz olub. O bu evdə gənclik illərini keçirib. Repressiya illərində artıq köçüb, şəhərə gediblər. İndiki Qış parkının yaxınlığında evləri var idi. Bunu nədən bilirəm? Sənədləşmə işlərini aparanda Nəcibə xanımın oğlu Sabiq mənə etibarnamə vermişdi, bütün işləri mən özüm görürdüm. Bu ev Nəcibə xanımın anasının adına idi. Nəcibə xanımın dayısı Ruhulla Axundov, atası isə Haşım bəy Saqib idi. Küçəmizin adı elə bu günlərə qədər Ruhulla Axundov gedirdi” Bunu Medianews.az-a açıqlamasında bir zamanlar görkəmli aktrisa Nəcibə Məlikovanın yaşadığı evin bugünki sahibi Elmira Abasova deyib. O bildirib ki, həyət olduğu kimi saxlanılıb: “Həyətdə çox şey olduğu kimi qalıb. Məsələn, çəvhovuz çox qədimidir. Biz bu günlərdə istəyirik ki, onu söküb, yerində nəsə tikək. Çünki çat-çatdır, su saxlamır. Quyu yerindədir. Həyətdə qədimi xartut ağacı var. Bəlkə də 200-ə yaxın yaşı var. Mən Buzovnaya Keşlədən gəlin gəlmişəm. Məhəllədəki yaşlı qadınlar soruşurdu ki, ay gəlin, sənin həyətində xartut ağacı var idi, o durur? Deyirdim ki, hə yaşayır. Quruyan budaqları kəsib atanda daha da cavanlaşır. Hətta Aygün Bəylərin “Tut ağacı” mahnısının klipinin müəyyən yerləri bizim həyətdə çəkilib. Hərçənd Aygün xanım bunu qeyd etməyib, deyirdi ki, nənəmin həyətində çəkilib. Düzdür, orada da çəkilib, bizim həyətdə də çəkilişlər olub”. Elmira Abasova Nəcibə xanımdan bu günə qədər yadigar qalan əşyalar haqda da məlumat verib: “1-2 köhnə, qədimi mebel var. Bu gün də onlardan istifadə edirik. Saxlamışam. Bir də Nəcibə xanımın, ata, anasının şəkilləri var. Çox şey qalmayıb. Çünki oğlu Saqib o vaxt səhv etmirəmsə Digahda bağ almışdı, hər şeyi götürüb getdi”. Əli Əsgər Medianews.az

Bizə qoşulun