Medianews.az
Azərbaycanda psixoloqların keyfiyyət problemi: <span style=color:red>Kimlərə güvənək?
207 baxış

Azərbaycanda psixoloqların keyfiyyət problemi: Kimlərə güvənək?

Son illərdə ölkədə psixoloq xidmətlərinə tələbat artdığı kimi, psixoloqların sayı da çoxalıb. Lakin bu artım hər zaman keyfiyyətin yüksəlməsi demək olmur. Bir çox insanlar təcrübəsiz və ya peşəkarlıq səviyyəsi aşağı olan psixoloqlardan narazıdır. Bu vəziyyət psixoloji yardımın düzgün şəkildə yayılmasına mane olur. Azərbaycanda psixoloq xidmətlərinin keyfiyyəti niyə aşağıdır? Bu sahədə hansı dəyişikliklər vacibdir? Psioxloq Azad İsazadə Medianews.az-a açıqlamasında bilirdi ki, Azərbaycanda uzun müddət peşəkar psixoloq hazırlığı ümumiyyətlə mövcud deyildi. Onun sözlərinə görə, Sovet dövrünün sonlarına qədər ilk psixologiya fakültəsi Bakı Dövlət Universitetində (BDU) 1989 və ya 1990-cı ildə yaranmışdı: “Həmin vaxtdan etibarən Azərbaycan öz mütəxəssis psixoloqlarını hazırlamağa başladı. Ondan əvvəl psixoloq olmaq istəyən gənclər Leninqrad, Sankt-Peterburq, Moskva və ya Ukrayna şəhərlərindəki psixologiya fakültələrinə gedib, orada təhsil alırdılar. Belə kadrlar çox az idi. Problem yalnız psixoloqların sayının azlığında deyildi. Sovet vaxtında rəsmi olaraq psixoloq kimi işləmək çox çətin idi. Ən yaxşı halda pedaqoji universitetlərdə ümumi psixologiya fənnini tədris edən psixoloqlar, bir-iki nəfər isə psixiatrik xəstəxanalarda iş tapırdı. Həmişə psixoloji yardıma ehtiyac var idi, lakin müraciət ediləcək məkanlar çox az idi. Bu boşluğu əsasən nevropatoloqlar və həkim-psixiatrlar doldururdu. Hətta həkim-psixiatrların içində ayrıca bir ixtisas – “həkim-terapevt” mövcud idi və onlar bu tələbatı cəmiyyətdə müəyyən qədər ödəyirdilər”. A.İsazədə hesab edir ki, hazırda vəziyyət əvvəlki illərlə müqayisədə bir qədər yaxşılaşıb: “Lakin qeyd etməliyəm ki, təxminən 10 il əvvəl vəziyyət çox aşağı səviyyədə idi. Məsələn, pedaqoji institutda və ya ümumi psixologiya üzrə bakalavr təhsili alanlar klinik psixologiya ilə məşğul olur, yaxud BDU-nun bakalavr məzunları fərdi qəbullar təşkil edirdilər. Amma bu sahədə ciddi təcrübə boşluğu var idi. Son illərdə isə gənclər magistraturanı xaricdə bitirərək psixologiyanın müxtəlif istiqamətləri üzrə ixtisaslaşırlar və indi pis-yaxşı peşəkar kadrlar formalaşmağa başlayıb. Əlbəttə, hələ də psixoloqların sayı azdır, lakin peşəkar mütəxəssislər yetişir. Problemin kökündə duran əsas məsələlərdən biri də psixoloqların fəaliyyətini tənzimləyən konkret bir qurumun olmamasıdır. Həkimlərin işi Səhiyyə Nazirliyi, müəllimlərin fəaliyyəti Təhsil Nazirliyi tərəfindən tənzimlənir. Psixoloqların fəaliyyətinə isə hazırda heç bir nəzarət mexanizmi mövcud deyil. Onların fəaliyyəti yalnız vergi strukturları tərəfindən ümumi qaydalar çərçivəsində izlənilir”. Oğuz Ayvaz Medianews.az  

Bizə qoşulun