Osman Gündüz,
Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru
02.06.2025, 11:34
102 baxış
Azad
Azərbaycanda bu fondla bağlı narazılıqlar baş qaldırıb
2022-ci ildə Azərbaycanda 11 milyon manat nizamnamə kapitalına malik "Caucasus Ventures" fondu yaradılıb.
Bunun 5 milyon manatını dövlətin adından çıxış edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), 5 milyon manatını PAŞA Holdinq, həmçinin RİSK, BestComp, SİNAM və kiçik sahibkarlar təmin edib.
Ekosistemin tanınmış nümayəndələrindən olan Məmməd Kərimov da Fonda rəhbər təyin olunub.
Vençur qanunvericiliyin olmadığı bir şəraitdə RİNN-in o zaman belə bir addım atması uğurlu bir nəticə idi. Amma hələlik gözləntilər özünü doğrultmayıb.
Son zamanlar bu vençur fondu ilə bağlı narazılıqlar yenidən baş qaldırıb. Ona görə yenidən yazıram ki, ümumiyyətlə bu Fond yaranandan şəffaflıqla və öncədən elan edilən prinsiplərlə bağlı problemlər zaman-zaman qabarırdı. O zaman bu Fond yarananda əsas məqsədin yerli startaplara dəstək verəcəyi qeyd edilirdi.
Son zamanlarda baş qaldıran narazılıqları, Məmməd Kərimova qarşı aşağılayıcı məqamları çıxmaqla və bunu heç bir halda doğru hesab etməməklə, mahiyyəti üzrə ədalətli olduğunu düşünürəm.
Görünən odur ki, Fond əsasən xaricdə qeydiyyatdan keçmiş startaplara (indiyədək cəmi 23 startap) yatırım edir. İctimaiyyətə yalnız hansı startaplara yatırım edildiyi bildirilir – nə qədər yatırım edildiyi, hansı şərtlərlə və hansı meyarlarla seçildiyi açıqlanmır.
Bu haqda əvvəllərdə yazmışdım. Çox dərinə getmək istəməzdim.
Düşünürəm ki, ən azı dövlət maliyyəsi olan hissə üçün bu informasiyalar ictimaiyyətlə bölüşülməlidir. Çünki bu Fond birbaşa dövlət vəsaiti ilə formalaşdırılıb və ictimai nəzarətə açıq olmalıdır. Fondda özəllər də olduğundan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) bu tip açıqlamaların sərhədlərini müəyyən etməlidir.
Üstəlik, fondun rəsmi saytında Azərbaycan dili versiyası qoyulmalıdır, hesabatlar yerləşdirilməlidir, normal əlaqə imkanları yaradılmalıdır. İndiki reallıq odur ki, fondda yerli ekosistem və icma ilə real əlaqə hədsiz zəifdir.
Xatırlamıram ki, indiyədək hansısa bir ictimai müzakirə keçirsinlər.
Görünən odur ki, yerli startap ekosistemində olan startaplar, gənc təşəbbüskarlar, texnoloji sahibkarlar bu vəziyyətdən narazıdır. Onların fonddan yararlanmaq imkanları ya çox məhduddur, ya da meyarlar qeyri-şəffafdır.
Ümid edirəm ki, son zamanlar fəaliyyətini xeyli canlandıran İRİA-nın yeni rəhbərliyi Fondun fəaliyyətinin yenidən qurulmasına, hesabatlılığına və şəfaflığına diqqəti artıracaq.
Bildiyim qədər bu yaxınlarda ümumiyyətlə vençur maliyyələşmə ilə bağlı müazkirələrin keçirilməsi də nəzərdə tutulub.
Yeri gəlmişkən, on illərdir ki, müzakirə olunan vençur maliyyələşmə ilə bağlı qanun layihəsi də indiyədək qəbul edilməyib.
Xatırladıram ki, biz ölkədə startap hərəkatını yeni başlayanda, 2013-cü ildə bu təklifi hökumətə vermişdik.
Sektorun səlahiyyətli qurumlarında, RİNN-də, ASAN-da və KOBİA-da əvvəllər bu qanun layihəsinin müxtəlif versiyalarının olduğu bildirilsə də, ola bilər mənasız qısqanclıqlardan, ola bilər səlahiyyət bölgüsü davasından və ya bizə məlum olmayan səbəblərdən 10 il ərzində bu 7 bəndlik qanunu qəbul etmək mümkün olmayıb. Beynəlxaq hesabatlarda da Azərbaycanda məhz bu sahədə ekosistemdə cidid problemlərin olduğu qeyd olunur.
Qonşu ölkələrdə isə hərəsində ən azı onlarla bu tip vençur fondlar var və müşahidəmiz də onu göstərir ki, onlar hər il toplam yüz milyonlarla yerli startaplara dəstək verirlər.
Bizim Caucasus Ventures isə 4 ildə cəmi 1 milyon investisiya edib.
Osman Gündüz,
Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru
Osman Gündüz,
Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru