Medianews.az
Azərbaycanda ailə büdcəsi böhranı: <span style=color:red>Ekspertlər həyəcan təbili çalır
209 baxış

Azərbaycanda ailə büdcəsi böhranı: Ekspertlər həyəcan təbili çalır

Ailələrin gündəlik ehtiyaclarını qarşılamaq, rahat yaşamaq və gələcək üçün qənaət etmək üçün müəyyən səviyyədə gəlirə ehtiyacları var. Qiymətlərin artması, təhsil, səhiyyə və yaşayış xərcləri ailə büdcəsini çətinləşdirir. Eyni zamanda, ailənin üzvlərinin sayı və yaşayış bölgəsi də gəlirin səviyyəsinə təsir edir. Bu səbəbdən, ailələr öz maliyyə imkanlarını düzgün planlaşdırmalı və real ehtiyaclara uyğun gəlir əldə etməlidirlər. Azərbaycanda orta statistik ailə üçün aylıq gəlir nə qədər olmalıdır ki, ailə rahat yaşasın və əsas ehtiyaclarını ödəyə bilsin? İqtisadçı ekspert Xalid Kərimli Medianews.az-a açıqlamasında bildirib ki, minimum dolanışıq üçün belə ailədə ən azı iki nəfərin işləməsi şərtdir: “Azərbaycanda aparılan statistik müşahidələrə görə, adambaşına düşən pərakəndə ticarət dövriyyəsi təqribən 1 nəfər üçün orta aylıq 460 manat təşkil edir. Bunun 51 faizindən bir qədər çoxu ərzaq məhsullarına sərf olunur – təqribən 235 manat. Hər bir nəfərin orta hesabla 22,5 manatlıq içki, 61 manatlıq isə paltar və digər əşyalara xərcləməsi qeydə alınıb. Beləliklə, yanvar-aprel aylarının statistikasına görə, 1 nəfərin aylıq ortalama xərci 460 manat civarındadır. Bunu 4 nəfərlik ailə üçün hesablasaq, ailənin orta aylıq xərci ən azı 1840 manata yaxın olur. Azərbaycanın orta aylıq əmək haqqısına nəzər salanda isə 2025-ci ilin əvvəlinə olan məlumatlar göstərir ki, rəqəm 1084 manat səviyyəsindədir. Sektordan asılı olaraq bu məbləğdən təxminən 13-20 faiz vergiyə tutulur və nəticədə vətəndaşın əlinə orta hesabla 870-940 manat arası xalis gəlir keçir. Bu isə o deməkdir ki, hazırkı pərakəndə ticarət dövriyyəsi ilə bir nəfərin qazancı 4 nəfərlik ailənin xərclərini qarşılamağa kifayət etmir”. Ekspert qeyd edib ki, təkcə 940 manatlıq orta xalis gəlir, 1840 manatlıq orta aylıq xərci qarşılamağa imkan vermir: “Hətta minimum göstəriciləri nəzərə alsaq – 2025-ci il üçün təsdiqlənən yaşayış minimumu böyüklər üçün 285 manat, uşaqlar üçün 246 manat olmaqla 4 nəfərlik ailə üçün 1062 manat təşkil edir. Yenə də orta əməkhaqqı bu məbləğə bərabər olsa belə, ailənin dolanışığını təmin edə bilmir,” – deyə Xalid Kərmili vurğulayıb. Ekspertin sözlərinə görə, bu məbləğlər yalnız gündəlik ərzaq və qeyri-ərzaq məhsullarının alınması kimi əsas ehtiyacları əhatə edir. Əyləncə, toy və digər sosial-məişət qayğıları bu hesablara daxil edilmir. “Sosial-məişət və digər ənənəvi xərclər də əlavə olunduqda ailələrin real vəziyyəti daha da çətinləşir,” – deyə iqtisadçı əlavə edib. Sosioloq Elçin Bayramlı da mövzu ilə bağlı fikirlərini saytımızla bölüşüb. Onun sözlərinə görə, Azərbaycanda ailələrin minimal yaşayış səviyyəsini təmin etmək üçün hazırkı qiymətləri nəzərə alaraq burada standart yanaşma qoymaq düzgün olmaz: “Amma əvvəlcə standart yanaşmadan başlayaq. Standart yanaşma belədir ki, normal bir ailənin minimum ehtiyaclarını ödəmək üçün adambaşına ən azı 500 manat tələb olunur. Yəni, ailə, məsələn, 5 nəfərdən ibarətdirsə, 2500 manat lazımdır. Bu, minimal vəziyyətdir. Şərtlər belədir ki, ailənin öz evi var, ailədə ağır xərclər yoxdur, xəstəsi ola bilər, böyük kredit xərci filan – bunlar yoxdursa, 500 manat minimal göstəricidir. Bu da yenə müəyyən şərtlərdən asılıdır: yaşadığı yer – kənd, şəhər və s. Bakı şəhərində daha çox ola bilər, yaxud da hansısa ucqar kənddə bu minimal xərc kifayət edər”. Sosioloq adambaşına düşən məbləğin həddindən artıq aşağı olduğunu vurğulayıb: “Çox təəssüf ki, bizdə adambaşına düşən məbləğ 285 manat müəyyən edilib. Bu, həddindən aşağı bir rəqəmdir. Son illər Azərbaycanda ümumi məhsul və xidmətlərin qiyməti ən azı 2 dəfə artıb. İndiki 100 manatın alıcılıq gücü 1-2 il əvvəlin 50 manatı dəyərindədir. Mən hələ minimum rəqəmi deyirəm. Əhalinin 80 faizindən çoxu 1000 manatdan aşağı maaş alır. Bu hesabla, Azərbaycanda minimal maaş 400 manat yox, 1000 manat olmalı, minimal yaşayış isə 500 manat təşkil etməlidir. Ən aşağı standart bu olmalıdır”. Oğuz Ayvaz, Medianews.az

Bizə qoşulun