27.05.2025, 09:32
130 baxış
Nailə
"Qalatasaray"ın ulduzu İtaliyanı qarışdırdı: Gənc futbolçuları döyüb
“Roma” klubu sabiq futbolçusu Nikolo Zanyolonu gənclər komandası üzvlərinə qarşı zorakı hərəkətlərdə ittiham edib.
Publika.az xəbər verir ki, Zanyolo “Fiorentina”nın “Roma”nı İtaliya gənclər liqasının yarımfinalında məğlub etməsindən sonra “canavarların” gənclər komandasının iki futbolçusunu yumruqla vurub. Hadisənin matçdan sonra baş verdiyi bildirilir. “Roma” rəsmi saytında bununla bağlı açıqlama yayıb:
“Bugünkü oyundan sonra Nikolo Zanyolonun iştirakı ilə təəssüf doğuran hadisə baş verib. Futbolçu matçdan sonra gənclər komandasının soyunub-geyinmə otağına daxil olaraq bəzi oyunçulara qarşı təxribat xarakterli davranışlar sərgiləyib. Qarşıdurma zamanı iki futbolçu zərbələr alıb. Klub olaraq biz idman dəyərlərinə zidd olan və hər hansı aqressiv davranış formasını qətiyyətlə pisləyirik”.
"Sportitalia"nın məlumatına görə, Nikolo qarşılaşmanı tribunadan izləyib və "Fiorentina"ya azarkeşlik edib. Onun paltardəyişmə otağına daxil olmaq icazəsi olmasa da, buna məhəl qoymayaraq ora girib və “Roma”nın bir neçə gənc futbolçusu ilə mübahisəyə başlayıb. Məlumata görə, sözlü qarşıdurma fiziki zorakılığa çevrilib və Zanyolo iki gənc futbolçunu yumruqlayıb.
Qeyd edək ki, italyalı futbolçu bir zamanlar məhz “Roma” klubunda parlayaraq ad qazanıb. 2023-cü ilin yanvarında klubdan ayrılmaq istədiyini açıqlayıb və “Qalatasaray”a transfer olunub. Daha sonra “Aston Villa”, “Atalanta” və “Fiorentina”da icarə əsasında çıxış etsə də, heç biri onu birdəfəlik transfer etməyib.
25 yaşlı yarımmüdafiəçi 2024/25 mövsümündə “Atalanta” və “Fiorentina”nın heyətində ümumilikdə 36 rəsmi matçda iştirak edib, 3 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Paylaş: