Medianews.az
“3 il iş təcrübəsi olmalıdır!” - Bəs, olmayan necə iş tapsın? - Təcrübə tələbi gənclərin yolunu kəsir <span style=color:red>- Ekspertlər çıxış yolu göstərir
198 baxış

“3 il iş təcrübəsi olmalıdır!” - Bəs, olmayan necə iş tapsın? - Təcrübə tələbi gənclərin yolunu kəsir - Ekspertlər çıxış yolu göstərir

Hər il minlərlə gənc universiteti bitirərək iş axtarışına çıxır. Amma əksər elanlarda qarşılaşdıqları tələb: “3 il iş təcrübəsi olmalıdır.” Beləliklə, təcrübəsiz gənclərin işə necə başlayacağı sualı açıq qalır. Bu, təkcə fərdi yox, həm də sosial və iqtisadi problemdir. İşəgötürənlər niyə gənc kadrlara az etibar edir? Gənclərin öz sahəsində karyera qurması üçün hansı struktur dəyişikliklər vacibdir? Təhsil eksperti Elçin Əfəndi Medianews.az-a açıqlamasında bildirib ki, ali təhsil müəssisələri yalnız ixtisas istiqaməti üzrə deyil, tələbələr üçün təcrübə keçmə imkanlarını da formalaşdırmalıdır. Onun sözlərinə görə, tələbə özü də şəxsi inkişafını düşünməli, ən azı bir xarici dil və kompüter biliklərinə yiyələnməlidir: “Bu kimi bacarıqlara malik olan gənclər iş tapmaqda ciddi çətinliklərlə qarşılaşmırlar. Biz dəfələrlə təklif etmişik ki, ali təhsil müəssisələrində tələbələrə təcrübə imkanı yalnız son kursun son semestrində deyil, artıq 3-cü kursun əvvəlindən yaradılmalıdır. Belə olan halda onlar müxtəlif istehsalat müəssisələrində və ya digər qurumlarda təcrübə keçmək imkanı əldə edə bilərlər.” Ekspertin fikrincə, tələbələrin təcrübə keçdikləri dövrdə onlarla əmək müqaviləsinin bağlanması daha məqsədəuyğundur: “Bu, tələbəyə həm öz ixtisası üzrə təcrübə qazanmaq imkanı verir, həm də həmin təcrübə əmək müqaviləsində rəsmiləşdirilir. Bu zaman işəgötürənə müraciət etdikdə namizədin artıq 1-2 illik ixtisasla bağlı təcrübəsinin olduğu görünür və bu, iş tapmaqda üstünlük yaradır.” Əmək bazarının tələblərinə də toxunan Elçin Əfəndi qeyd edib ki, bəzi ixtisaslara tələbat azalsa da, bəzi sahələrdə iş imkanları genişdir: “Hazırda əmək bazarında ən çox tələbat maliyyə, İT, reklam və marketinq sahələrinədir. Bununla paralel pedaqoji yönümlü ixtisasları bitirən şəxslərin əmək bazarında demək olar ki, iş imkanları daha çoxdur. Təhsil müəssisələri, hazırlıq kursları və. s. Məzunlar bu sahələrə üstülük verərlərsə gələcəkdə iş tapmaqda bağlı çətinlik çəkməzlər”. Ekspert onu da vurğulayıb ki, təsadüfi və plansız şəkildə ixtisas seçimi əmək bazarında işsizliklə nəticələnə bilər. Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri də saytımıza fikirlərini bölüşdü. “Vakant yerlərin sayı çox azdır. İşə qəbul imtahanının test mərhələsi və sonrakı müsahibə mərhələsini uğurla keçən gənclərin yalnız çox az bir qismi – məsələn, 70-80 faiz uğur qazanan namizəddən yalnız üç-dörd nəfəri işlə təmin olunur. Ən azından bu prosesin müsabiqə xarakterli olması müsbət addımdır.” Ekspert həmçinin qeyd edib ki, məktəb direktoru olmaq istəyən şəxsdən 5 illik pedaqoji staj tələb olunur. Bu tələbi yerinə yetirən müəllimlər sonradan direktorluğa namizəd kimi qeydiyyatdan keçə bilərlər. Elmin Nuri təhsil sahəsində islahatların həyata keçirildiyini, lakin bəzi məhdudiyyətlərin hələ də gənc kadrların qarşısında ciddi maneə olduğunu bildirib: “Təhsil sahəsində müəyyən addımlar atılır. İstər müəllim, istərsə də direktor vəzifələrinə qəbulda gənclərə şans verilir, amma bu şansı hər bir gənc əldə edə bilmir. Bu, zamanla düzələn bir prosesdir.” Ekspert əlavə edib ki, hazırda yaşlı və miqrasiya yolu ilə işə qəbul olunmayan müəllimlərin sayı, MİQ yolu ilə qəbul olunanlardan dəfələrlə çoxdur. Bu da vakant yerlərin məhdudluğuna səbəb olur və problemin hələ bir müddət qalacağı ehtimal edilir. Bununla yanaşı, məktəbdə psixoloq, kitabxanaçı, laborant kimi texniki və təşkilati vəzifələrə də yalnız müsabiqə yolu ilə qəbul aparılır. E.Nuri qeyd edir ki, bu müsabiqələrin ümumilikdə şəffaf şəkildə keçirildiyi müşahidə olunur: “Mən nə Elm və Təhsil Nazirliyini, nə də ona tabe olan qurumları müdafiə edirəm. Sadəcə apardığımız müşahidələr göstərir ki, müsabiqələr şəffaf keçirilir. Əsas problem vakant yerlərin azlığıdır.” Oğuz Ayvaz, Medianews.az Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusunda hazırlanıb.

Bizə qoşulun