Rumıniyada prezident seçkisi başa çatıb. Rəsmi məlumata görə, mayın 18-də keçirilmiş ikinci turda paytaxt Buxarestin meri Nikuşor Dan 53,6 faiz səs toplayaraq rəqibi Corce Simionu geridə qoyub. C.Simion 46 faiz toplayıb.
Politoloq Şahin Cəfərli Medianews.az-a bildirib ki, C.Simionun üstünlüyü ilə yekunlaşmış ilk turda 55 faizə yaxın seçici iştirak etdiyi halda, ikinci turda seçici fəallığı 10 faizdən çox artıb və bu amil N.Danın qələbəsində mühüm rol oynayıb: “Siyasətdə də fizika qanunu (təsir əks təsirə bərabərdir) işləyir - Avropada və dünyada reaksioner-populist ultrasağın yüksəlişinə qarşı proqressiv qüvvələr tədricən səfərbər olur.

Riyaziyyat üzrə doktor, bu sahədə beynəlxalq olimpiadaların qalibi olan 55 yaşlı N.Dan paytaxt Buxarestin meridir. O, Avropa İttifaqı ilə sıx əlaqələrin və Ukraynaya dəstəyin davam etdirilməsinin tərəfdarıdır. Orban-Fitso xəttinə yaxın olan avroskeptik G.Simion isə Ukraynaya ərazi iddiaları irəli sürür və Kiyevə yardımları dayandırmağa çağırır”.
Prezident seçkisisinin ilk turunda – mayın 4-də 11 namizəd yarışmışdı.

Rumıniyada prezidentin səlahiyyət müddəti beş ildir. Hökuməti dörd ildən bir proporsional üsulla (partiya siyahıları üzrə) seçilən parlamentdə (Senat və aşağı palata – Deputatlar Palatası) çoxluq əldə edən siyasi qüvvə qurur. Hazırda hakim koalisiyaya Milli Liberal Partiya, Rumıniya Macarlarının Demokratik İttifaqı daxildir.
Toğrul Əli,
Medianews.az