07.05.2025, 13:55
293 baxış
Azad
Paşinyanın reytinqi düşür – Köçəryan xeyli irəliləyib
Ermənistanın baş naziri Nikol Paşinyanın ölkədəki reytinqi əvvəlki dövrə nisbətən düşüb.
“Gellap” şirkətinin keçirdiyi sorğuya görə, 2026-cı ilə nəzərdə tutulan parlament seçkisi bu həftə keçirilsə, Nikol Paşinyanın Vətəndaş Sazişi Partiyası səslərin 11,8 faizini toplayardı.
Onun əsas müxalifləri – keçmiş prezident Robert Köçəryanın liderlik etdiyi Ermənistan bloku 8 faiz, lideri digər sabiq prezident olan Serj Sərkisyanın “Qürurluyam” bloku isə 3,7 faiz səs yığardı.
Medianews.az qeyd edir ki, ötən ilin iyulunda Vətəndaş Sazişi Partiyasına səs verməyə hazır olanlar 14,4 faiz göstərilib. O vaxt respondentlərin 3,7 faizi Ermənistan blokuna, 2,3%-i isə Serj Sərkisyanın lideri olduğu Respublikaçılar Partiyasına səs verməyə hazır olduğunu söyləmişdi.
Ermənistan parlamenti proporsional üsulla (partiya siyahıları üzrə) seçilir. Mandat almaq üçün minimal baryer 5-7 faiz arasında dəyişir. İndiki parlamentdə Vətəndaş Sazişi Partiyasının 69, Ermənistan blokunun 28, “Qürurluyam” blokunun 6 mandatı var.
Siyasi şərhçi Məhəmməd Əsədullazadə Medianews.az-a açıqlamasında xatırladıb ki, Gümrüdəki son yerli seçkilərdə müxalif Kommunist Partiyası qalib gəlib: “Bu o deməkdir ki, Nikol Paşinyanın partiyası Ermənistanın ikinci böyük şəhərində məğlub olub. Xüsusilə Gümrüdə müxalifətin qələbəsi göstərir ki, 2026-ci il seçkisində Paşinyan və komandası ciddi problemlərlə üzləşə bilər”.
Son zamanlar müxalifətin fəaliyyətini genişləndirdiyini, Rusiyanın Ermənistan müxalifətinə ciddi siyasi dəstək verdiyini vurğulayan şərhçi əlavə edib: “Amma müxalifətin birləşməməsi Paşinyanın şansını artırır. Köçəryan və Sərkisyanın partiyaları arasında ziddiyyət var. Onların parlament seçkisinə ayrı-ayrılıqda gedəcəyi gözlənir. Əgər müxalifət seçkiyə dağınıq halda gedəcəksə, Paşinyanın növbəti qələbəsini əldə etməsi mümkündür”.
Nikol Paşinyan baş nazir kürsüsünə 2018-ci il mayın 8-də dinc inqilabın lideri kimi oturub. 2018-ci il dekabrın 9-da keçirilmiş parlament seçkisini onun “Mənim addımım” bloku, 2021-ci il iyunun 20-də keçirilmiş parlament seçkisini sədrlik etdiyi Vətəndaş Sazişi Partiyası udaraq hökumət qurub.
Toğrul Əli,
Medianews.az
Paylaş: