Medianews.az
Hindistan-Pakistan qarşıdurması: nə baş verir? <span style=color:red>Ən son xəbərlər
241 baxış

Hindistan-Pakistan qarşıdurması: nə baş verir? Ən son xəbərlər

Kargil münaqişəsindən bəri ilk dəfə bu miqyasda ciddi hərbi toqquşma baş verib. Hindistan və Pakistan orduları Kəşmirdə nəzarət xətti boyunca sərt döyüşlər aparır, raket zərbələri endirir və hava əməliyyatları həyata keçirirlər. Ölən və yaralananların sayı onlarladır. Geo TV telekanalının məlumatına görə, Hindistan ordusunun Pəncab və Azad Kəşmir vilayətlərinə endirdiyi zərbələr nəticəsində azı səkkiz nəfər həlak olub, 35 nəfər isə yaralanıb. Bloomberg agentliyi bildirir ki, Pakistan ordusu beş Hindistan hərbi təyyarəsini vurduğunu və hind əsgərlərini əsir götürdüyünü bəyan edib. Cavab olaraq, Pakistan Hərbi Hava Qüvvələri Hindistanın hərbi bazalarına təxminən 80 qanadlı raket atıb. Hindistana məxsus qırıcı təyyarələrdən biri Kəşmirin Pampur bölgəsində qəzaya uğrayıb. Hindistan hökuməti isə ABŞ, Böyük Britaniya, Rusiya, BƏƏ və Səudiyyə Ərəbistanını rəsmi şəkildə "Sindur" adlı əməliyyat barədə məlumatlandırıb. Əməliyyatın məqsədi Pakistan ərazisindəki “terror infrastrukturlarını” hədəfə almaqdır. Yeni Dehli bildirib ki, hərbi obyektlərə zərbələr endirilməyib. Pakistan tərəfi isə Hindistanı məscidlərə və mədrəsələrə raket zərbələri endirməkdə və hava məkanını pozmaqda ittiham edib. Ordu sözçüsü general-leytenant Əhməd Şərif Çaudhri açıqlayıb ki, Kotli, Müzəffərəbad və Baqe, eləcə də Bahavəlpur və Müridke şəhərləri hücuma məruz qalıb. Ölənlər arasında azı bir uşaq olduğu təsdiqlənib. Bundan sonra Pakistan Pəncab əyalətində fövqəladə vəziyyət elan edib və hava məkanını 48 saatlıq bağladığını açıqlayıb. Artilleriya duelləri Punç, Rəcauri və nəzarət xəttinin digər bölgələrində fasiləsiz davam edir. Hindistan hərbçiləri bildirir ki, Pakistan "nizamsız bombardmanlar" həyata keçirir, Yeni Dehli isə "uyğun cavablar verir". Öz növbəsində, Pakistan ordusu Hindistanın briqada qərargahlarından birini məhv etdiyini və Kəşmirin Hindistana məxsus hissəsində ondan çox hədəfi – o cümlədən Şrinaqar hava bazasını – vurduğunu bəyan edib. BMT Baş katibi Antonio Quterreş hər iki tərəfi təcili deeskalasiyaya çağıraraq, xəbərdarlıq edib: “Dünya Hindistanla Pakistan arasında nüvə münaqişəsinə yol verə bilməz”. ABŞ Prezidenti Donald Tramp Hindistanın hücumlarını "biabırçılıq" adlandırıb və münaqişənin tezliklə dayandırılacağına ümid etdiyini bildirib. Türkiyə münaqişə ilə bağlı diplomatik səviyyədə hərəkətə keçib – xarici işlər naziri Hakan Fidan Pakistanlı həmkarı ilə telefon danışığı aparıb. Reuters agentliyinin məlumatına görə, Hindistanın nəzarətindəki Kəşmir bölgəsində hava həyəcan siqnalları səsləndirilir. Pakistanın Baş naziri Şahbaz Şərif bəyan edib ki, ölkəsinin “bu savaş aktına sərt cavab vermək tam hüququ var”. “Biz düşmənin iyrənc məqsədlərinə çatmasına əsla imkan verməyəcəyik. Pakistan xalqı və ordusu döyüşməyi yaxşı bilir”, — deyə o, sosial şəbəkə X-də yazıb. Pakistan Xarici İşlər Nazirliyi Hindistanın hərəkətlərini “suverenliyin pozulması” və “xain təcavüz” kimi qiymətləndirib. Nazirlik bildirib ki, hücum eyni anda üç istiqamətdən başlayıb. Gərginliyin artması fonunda diplomatik vəziyyət də pisləşir. Pakistan hələlik BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırmağı düşünmür, lakin münaqişənin genişlənməsi təhlükəsi real olaraq qalır. Pakistan ordusunun rəsmi nümayəndəsi bildirib ki, ölkənin hava hücumundan müdafiə sistemləri tam döyüş hazırlığı vəziyyətinə gətirilib. Ən son xəbərlərdən: Hindistan ordusu Kəşmirdəki nəzarət xəttindəki Çura kompleksində ağ bayraq qaldırıb. Bu barədə məlumatı "Daily Pakistan" yayıb. Bildirilir ki, Pakistan ordusu nəzarət xəttindəki düşmən postlarına böyük ziyan vurub, nəticədə Hindistan ordusu Çura kompleksi postunda ağ bayraq qaldıraraq məğlubiyyətini etiraf edib. Pakistanın Samaa TV telekanalı iddia edir ki, Hindistana məxsus vurulmuş “Rafale” qırıcı təyyarələrindən birinin fotosunu yayımlayıb. Həmçinin Kəşmirdə Hindistan hərbi helikopterinin də vurulduğu bildirilir. Bu məlumat hələlik tərəflərdən heç biri tərəfindən rəsmi şəkildə təsdiqlənməyib. Hindistanın Pakistana zərbələri nəticəsində ölənlərin sayı 26-ya çatıb, 46 nəfər yaralanıb. Elçin Alıoğlu

Bizə qoşulun